Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ət, yağ, kartof: Nəyin hesabına azalır? - Ekspert açıqladı



Azərbaycana idxal olunan bəzi məhsulların həcmində azalma var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2018-ci ilin yanvar-mart aylarında buğda idxalı 54,7 faiz, bitki yağları – 37,3 faiz, təzə meyvə – 51,5 faiz, çay – 18,0 faiz, mal əti – 29,8 faiz, qara metallardan borular – 2,2 dəfə, minik avtomobilləri – 2,7 dəfə, mineral gübrələr – 2,4 dəfə, mebel – 2,1 dəfə, qara metallardan çubuqlar – 63,6 faiz, rezin şinlər – 11,0 faiz, hesablama maşınları, blok və qurğuları – 32,1 faiz, polietilen – 59,4 faiz, paltaryuyan maşınlar – 66,5 faiz, yük avtomobilləri – 62,1 faiz, sement və sement klinkerləri – 2,8 dəfə, məişət soyuducuları – 3,0 dəfə artıb.

Siqaret idxalı isə 13,8 faiz, kərə yağı, digər süd yağları və pastaları – 5,4 faiz, kartof – 10,3 faiz, xam şəkər və şəkər – 78,6 faiz, quş əti və onun əlavə məhsulları – 12,3 faiz, təzə tərəvəz – 49,3 faiz, polad prokatı – 2,3 faiz, qara metallardan künclüklər  6,1 faiz, məişət kondisionerləri – 26,2 faiz, avtobuslar  24,0 faiz azalıb.

Ekspertlər azalmanın səbəbini ölkə əhalisinin ərzağa olan tələbatının zəifləməsi ilə əlaqələndirir.

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, daxili istehsalın artımı ilə bağlı statistik rəqəmlər yoxdur:

“Əgər paralel olaraq daxili istehsalda ciddi artım olsaydı idxalın azalması təbii görünərdi. Bunun bir səbəbi alıcılıq qabiliyyəti ilə bağlıdır. Son vaxtlar kərə yağlarında həddindən artıq bahalaşma müşahidə olunur. Əhalinin bir qismi kərə yağından imtina edib. Ailələr kərə yağını əvəzedici kimi bitki və digər yağ növlərindən istifadə edirlər. Qiymətin yüksək olması ölkədə kərə yağının istehlakının azalmasına təsir göstərib”.

Tütün məmulatlarına gəlincə, ekspert qeyd edib ki, son zamanlar siqaretin qiymətində artım müşahidə olunur:

“Tütünün istehlakındakı azalmanı qiymət artımı ilə əlaqələndirmək olar ki, bu da yaxşı əlamətdir. Bundan əlavə qapalı məkanlarda tütün məmulatlarından istifadəyə qadağalar qoyuldu. Ətrafımda tanıdığım insanların bir çoxu bundan sonra siqareti atmaq kimi bir qərar veriblər. Onlar qapalı məkanlarda hər dəfə açıq havaya çıxıb siqareti çəkməkdənsə, ondan imtina etməyə üstünlük verdilər. Bunun da təsirləri ola bilər”.

Xam şəkər və şəkər idxalının azalması ilə bağlı məqama gəlincə, Natiq Cəfərli yerli istehsalda müəyyən artımların olmasına diqqət çəkib:

“İmişli şəkər zavodunun xammalı xaricdən gətirilsə də, amma yerli istehsal kimi bazarlara daxil olmasının həcmi artıb. İdxalın azalmasının müxtəlif səbəblər var. Ən əsası insanların alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Ölkədəki qiymət artımı ilə insanların real gəlirləri arasında ciddi dispersiya var. Real gəlirlər azalır, amma qiymət artımı olduğu üçün vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşür”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений