Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ermənistanın “Yusif Sərrac”ı



Levon Ter-Petrosyan hakimiyyətə hazırlaşır 

Arzu Nağıyev: “Paşinyan keçici siyasi fiqur ola bilər” 

Ermənistanda siyasi partiyalar növbədənkənar parlament seçkilərinə hazırlaşmağa başlayıb. Seçki prosesinə start verilməsə də parlamentin tərkibinin buraxılacağı gözlənilir. Məsələyə münasibət bildirən baş nazir Nikol Paşinyan isə ilin sonuna qədər erkən seçkilərin keçiriləcəyini deyib. Sadəcə olaraq, N.Paşinyan Seçki Məcəlləsinə dəyişiklik etmədən seçkilər keçirməyi məqbul saymır. Buna baxmayaraq, baş nazirin tərəfdarları Ermənistanın hazırkı tərkibdə qalmasını Paşinyan hökuməti üçün təhlükə hesab edir. Bu, ilk növbədə, parlamentdə çoxluğun Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasına məxsus olması ilə bağlıdır. Digər tərəfdən, N.Paşinyana “Məxməri inqilab” zamanı verdiyi islahat və dəyişiklik vədlərini həyata keçirmək üçün parlamentin seçkilərdə qalib gəlmək lazımdır. Ona görə də baş nazir qanunvericiliyə dəyişiklik başa çatdıqdan sonra konstitusiyaya görə, 6 aydan gec olmayaraq seçki keçirmək niyyətindədir.

Bu arada Ermənistanın eks-prezidenti, N.Paşinyanın “xaç atası” sayılan Levon Ter-Petrosyanın siyasi cəhətdən fəallaşması müşahidə olunur. İnqilab günlərində tam susqunluq nümayiş etdirən Levon Ter-Petrosyan son günlər mediada Qarabağ klanını tənqid edən məqalələr çap etdirir, Paşinyanı müdafiə edən açıqlamalar verir. Onun qəfil fəallaşması rəhbərlik etdiyi Erməni Ümummilli Konqres Partiyasının seçkilərə hazırlığı kimi qiymətləndirilir. Ter-Petrosyan yeni hökumətin həm ölkə daxilində, həm də xaricdən ciddi dəstəyə malik olmasına baxmayaraq, təhlükələri də göstərir. Eks-prezident əsas təhlükəni idarəetmədəki boşluqda görür. Bu, inqilabın dəstəklənməsi və yeni seçkilər ərəfəsində Nikol Paşinyanın mövqeyini zəiflətmək cəhdi kimi qəbul edilə bilər və xaos təəssüratı yaradır. Ona görə də Ter-Petrosyan təcili seçkilərə getməyi təklif edir. Lakin N.Paşinyanla yanaşı, L.Ter-Petrosyanın bu seçkidə qələbə şansına malik olması siaysi müşahidəçilərin diqqətini cəlb edən əsas məqamlardan birini təşkil edir. 2008-ci ildən sonra siyasi karyerasına son qoyulduğu düşünülən L.Ter-Petrosyan Qarabağ klanının hakimiyyətdən getməsi və özünün siyasi yetirməsi olan cavan liderin hökumət başına gəlişi ilə yenidən hakimiyyətə qayıtmaq imkanı əldə edə bilər. Əgər onun başçılıq etdiyi Erməni Ümumilli Konqres Partiyası seçkilərdə qələbə çalarsa Levon Ter-Petrosyanın sıradan bir deputat olacağı inandırıcı görünmür.

Parlament mandatı eks-prezidenti yenidən hakimiyyətin yuxarı pillələrinə apara bilər. Çünki seçkilərdə N.Paşinyanın liderlik etdiyi “Vətəndaş Sazişi” Partiyasının parlamentdəki yerlərin əksəriyyətini qazanacağını və hökuməti təkbaşına formalaşdıra biləcəyini hazırda söyləmək çətindir. Doğrudur, seçkilərdə Paşinyanın qələbə qazanmaq şansı çox yüksəkdir. Amma o, seçkilərdə məğlub olacağı gözlənilən Respublika Partiyasının itirdiyi yerləri özünə yaxın siyasi təşkilatın tutmasında maraqlıdır. Həmin partiya isə daha çox Ter-Petrosyanın liderlik etdiyi EÜKP ola bilər. Əgər seçkidən sonra koalision hökumət formalaşarsa, Paşinyanın Ter-Petrosyanla koalisiyaya gedəcəyi şübhə doğurmur. Bir sözlə, Ter-Petrosyanın hakimiyyət dəhlizlərinə gedən yolu tədricən açılır. Bəzi siyasi ekspertlərin fikrincə, N.Paşinyan verdiyi vədləri yerinə yetirə bilməsə, bu, seçkilərdə onun məğlubiyyətinə və ya “Vətəndaş Sazişi”nin azlıqda qalmasına gətirib çıxaracaq.

Belə olan təqdirdə, N.Paşinyan Ermənistanı Qarabağ klanından xilas etmiş və demokratik sistemi formalaşdırmış keçici fiqura çevriləcək. Onu isə baş nazir kürsüsündə Levon Ter-Petrosyan əvəz edə bilər. Hazırda Qagik Tharukyanın liderlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyası da növbədənkənar seçkilərə hazırlaşdığını bəyan edib. Bu məqsədlə Tsraukuyanın partiyası bölgələrdə seçki qərargahları qurur, təbliğat aparır. Nikol Paşinyanın “Vətəndaş Sazişi” Partiyası isə yeni üzvlərin qəbuluna üstünlük verir. Yol cərimələrinin amnistiyası, orduya pulsuz corab və maykaların paylanması, “qara” kreditə qarşı mübarizə Paşinyanın reytinqinin artmasına xidmət edir. Ona görə də seçkidə əsasən rəqabətin bu üç siyasi qüvvə arasında gedəcəyi gözlənilir. 

Politoloq Arzu Nağıyev Ermənistanda növbədənkənar seçkilərin keçirilməsini qaçılmaz hesab edir. Lakin ekspert seçki prosesinin heç də asan olmayacağını düşünür. Bu isə Rusiyanın prosesə təsir göstəmək istəyi ilə bağlıdır: “Respublika Partiyasından istefalar baş verir. Serj Sarkisyan başa düşür ki, hazırda seçki keçirilsə, onun partiyası qalib gələ bilməz. Çünki artıq küçə siyasəti daha çox rol oynayır. Paşinyan da səhvlər buraxmağa başlayıb. Onun proqramının olmaması və verdiyi vədləri yerinə yetirə bilməməsi, müəyyən klanlarla əlaqələrinin ortaya çıxması, həm Rusiya ilə, həm Qərblə əlaqələrinin olması, bu prosesin Qarabağ kartının üzərində qurulduğu məlum olub. Nikol Paşinyanın ağsaqqallarından, onu idarə edənlərdən biri də Levon Ter-Petrosyandır. Artıq Ermənistanda millətçilər, Rusiyayönümlülər, Qərbyönümlülər və iqtisadiyyata nəzarət edən mafioz klanlar arasında mübarizə başlasa, Paşinyan da verdiyi vədləri yerinə yetirsə, Levon Ter-Petrosyanın partiyası irəli çıxa bilər.

Əsas aparıcı qüvvələrdən biri də ordu və Rusiyanın hərbi bazaları ilə bağlı olan şəxslərdir. Rusiya da çalışacaq ki, Kremlə loyal olan qüvvə ilə danışığa getsin. Bu gün zenit raket komplekslərinin Ermənistana təqdim edilməsi, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin Dağlıq Qarabağ separatçıları ilə görüşü bir daha göstərir ki, Moskva gələcəkdə formalaşa biləcək hakimiyyətlə əlaqələr qurmağa çalışır. Rusiya bilir ki, Qarabağ kartından əl çəksə, Ermənistan nəzarətdən çıxa bilər. Ona görə də Rusiyanın da, kütlənin də marağı nəzərə alınacaq. Sarkisyan da çalışacaq ki, Paşinyana maneə törətsin. İndi seşkilər keçirilsə, Levon Ter-Petrosyanın şansı yüksəkdir. Lakin xeyli yaşlandığı üçün onun yenidən parlamentə getməsi də sual altındadır”. 

Arzu Nağıyev onu da bildirdi ki, əgər Nikol Paşinyan vəd etdiyi islahatları həyata keçirməsə və Rusiya ilə əməkdaşlığa maraq göstərməsə rəsmi Moskva siyasi səhnədən uzaqlaşdırmağa çalışacaq. Nəticədə, o keçici siyasi fiqura çevrilə bilər: “Ona kreditlər də ayıracaqlar. Çalışacaqlar ki, Paşinyan Rusiyayönümlü olsun. Əsas məsələ onun siyasi məhbuslarla, Baş Prokurorluqla bağlı xalqa verdiyi sözü yerinə yetirməsindən asılıdır. O, həmçinin korrupsiya ilə mübarizədə müvafiq addımlar atmasa kütlə onu qəbul etməyəcək ”. 

Müşfiq Abdulla








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений