Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ərdoğan “topu” Putinə atdı: Qarabağ müzakirəsi



Rusiyanın Soçi şəhərində bu ölkənin, Türkiyə və İran dövlət başçıları arasında keçirilmiş görüşdən əvvəl prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinə dair ilginc fikirlər səsləndirib. Fürsət düşdükcə bu məsələni gündəmə gətirəcəyini deyən Ərdoğan eyni zamanda, problemin həllinin Rusiyadan asılı olduğunu deyərək, münaqişə ətrafında yeni müzakirələrə yol açdı.

“Soçidə İran, Rusiya və Türkiyə liderləri arasında baş tutacaq üçtərəfli görüşdə fürsət düşən kimi Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirəcəyəm. Çünki Dağlıq Qarabağ münaqişəsi Türkiyənin də xüsusi məsələsidir və kənarda qalmasına razı olmazlar. 

Rusiyaya keçən səfərimdə də həmkarım Vladimir Putinlə bu məsələni müzakirə etdik. Putin bu məsələdə əlindən gələni etməyə çalışdığını demişdi. Mən bu 5 rayon məsələsində daha həssas olmaq lazım olduğunu və Putinə bu münaqişəni bu bölgədə həll edə biləcək əsas gücün Rusiya olduğunu dedim”.

Ərdoğanın açıqlamasının pərdəarxası məqamları

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Rusiyaya səfərindən əvvəl Putinlə görüşündə 5 rayonun Azərbaycana qaytarılması məsələsini müzakirə edəcəyini açıqlamışdı. O, həmçinin münaqişənin həllinin Putinin iradəsindən asılı olduğuna da diqqət çəkmişdi. Lakin Ərdoğan Rusiya prezidenti ilə görüşdükdən sonra Putinin münaqişənin həllinə inanmadığını deməklə, yaranmış ümidlərin üzərindən xətt çəkdi. Ərdoğanın Putinin adından səsləndirdiyi fikirlərin İrəvanda olarkən Rusiya xarici işlər naziri Sergey Lavrovun dilindən təkrarlanması isə ən az qarşıdakı bir neçə il ərzində Azərbaycan xalqının Qarabağın qaytarılacağına olan gözləntisini puç etdi. Lakin Ərdoğanın Qarabağ problemi ilə bağlı son bir həftədə verdiyi 3 açıqlama və səsləndirdiyi fikirlərin özündə bir sıra məqamları gizlətdiyinə şübhə yoxdur.

Münaqişə ətrafında yeni gəlişmələr

İlk dəfə idi ki, yüksək səviyyədə - bir dövlət başçısının dilindən Dağlıq Qarabağ münaqişəsinin həllinin Rusiyadan asılı olduğu bildirildi. Ərdoğanın məlum açıqlamasına qədər bir sıra diplomatik və qeyri-rəsmi səviyyələrdə Qarabağın “açarının” Kremldə olduğu dəfələrlə gündəmə gətirilib, amma Ərdoğanın məlum açıqlaması iddia formasında olan bu məsələni rəsmi və beynəlxalq səviyyədə təsdiqlədi. Hesab etmək olar ki, Ərdoğan dolayı yolla, vəziyyətin Azərbaycan üçün çıxılmaz olduğunu və Rusiyadan edilən təkliflərin Azərbaycan üçün təhlükəli olduğunu və Bakı bu təklifləri qəbul edəcəyi halda bütün regionun Moskvanın siyasi təsir dairəsinə girəcəyini gündəmə gətirmək istədi. Buna görə də fürsət düşdükcə Qarabağ münaqişəsini gündəmə gətirəcəyini və Türkiyə üçün də önəmli məsələ kimi münaqişənin həllində Azərbaycana yardım əli uzadacağını bildirdi. Nəzərə alsaq ki, münaqişə Rusiyanın maraqlarını müdafiə edəcək formada həll edilsə, bu, bölgəni tamamilə və birbaşa Kremlin siyasi təsir dairəsinə itələyəcək Ərdoğan məsələnin Rusiyanın iradəsindən asılı olduğunu deməklə, bu ehtimalın mümkünlüyünü gündəmə gətirdi.

Göstərilən istiqamət

Ərdoğan bununla istiqaməti bəlli etdi ki, danışıqlarda həmsədr kimi Fransa və ABŞ-ın, münaqişə tərəflərindən biri kimi də Ermənistanın görə biləcəyi heç bir iş yoxdur. O, həmçinin Rusiyanın münaqişə daxilindəki yerini göstərərək, Türkiyənin də ən az indiki məqamda Azərbaycana qardaş əli uzatsa da bunun effektli nəticə vermədiyini dolayı yolla başa salmaq istədi. Lakin Putinlə görüşə qədər Türkiyə onu inandırdı ki, ən az 5 rayonun Azərbaycana qaytarılmasında vasitəçi ola biləcək. Putinlə görüşdə isə Rusiya prezidenti açıq formada Türkiyə və digər dövlətlərin, hətta, Ermənistanın belə burada tuta biləcəkləri ən kiçik yerin olmadığını nümayiş etdirdi. Yəni, baş verənlərdən çıxan ümumi nəticə budur ki, münaqişənin həlli Azərbaycan və Rusiya arasında gedən danışıqlardan, daha doğrusu, Kremlin torpaqları geri qaytarmaq müqabilində Azərbaycan qarşısında qoyduğu şərtlərin yerinə yetirilməsindən asılıdır.

Kremlin şərtləri

Beləliklə, ilk dəfə həm Azərbaycan, həm də Ermənistana yaxın olmaq istəyən Rusiyanın münaqişənin mərkəzində dayandığı yüksək səviyyədə etiraf olundu. Ərdoğanın Qarabağ münaqişəsi ətrafında yeni müzakirə yaratdığı bu günlərdə Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ətrafında nümayiş etdirdiyi şübhəli fəallıq da diqqətdən yayınmır. Rusiyanın problemi öz təklifləri üzərində həll etmək üçün fəaliyyətini gücləndirməsi fonunda Azərbaycanın Moskvanın rəhbərlik etdiyi ittifaqlara (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İttifaqı və Gömrük İttifaqı) üzvlüyü məsələsi yenidən gündəmə gəlib. Lavrov Bakıya səfər etməmişdən əvvəl Rusiyada 5 rayonun qaytarılması məsələsi gündəm mövzusu idi və həmin ərəfədə Rusiyanın baş diplomatı Azərbaycanı Avrasiya İttifaqında görməkdən məmnun olacaqlarını deməklə, bunun Moskvanın Bakıya şərti olduğunu göstərdi. Bakıda olarkən yeni sülh planından danışan Lavrov İrəvanda olarkən bildirdi ki, münaqişənin həllinə inanmır. Bu da bir daha Ərdoğanın iddiasının təsdiqi, yəni, münaqişənin həllinin Rusiyanın iradəsindən və Moskvanın Bakı qarşısında qoyduğu şərtlərin qəbul edilib-edilməyəcəyindən asılı olduğunun etiraf edilməsi idi.

“Ərdoğan dünyaya o mesajı verdi ki...”

Politoloq Arzu Nağıyev “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Ərdoğan bir daha göstərdi ki, Dağlıq Qarabağ problemi ilə yanaşı, keçmiş SSRİ ərazisində olan bütün münaqişə ocaqları Sovet İttifaqının sələfi kimi Rusiya tərəfindən yaradılıb. Politoloq qeyd edib ki, bu münaqişə ocaqlarının söndürülməsi də birbaşa Rusiyadan asılıdır:

“Çünki həmin münaqişəli bölgələrdəki separatçılara dolayı və birbaşa yollarla dəstək verən də Rusiyadır. Bu Azərbaycan, Ukrayna, Moldova və Gürcüstandakı münaqişələrə də aiddir. Ərdoğan da dolayı yolla bunu dünya ictimaiyyətinə çatdırdı. Ermənistan isə Rusiyanın vassalıdır. Sarkisyan hökuməti də yalnız Moskvanın tapşırığı ilə hansısa addımı ata bilər. Yəni, Rusiya Ermənistana heç bir söz demədən torpaqları ger qaytara bilər. Əlbəttə. Rusiyanın buna görə Azərbaycanın qarşısına müəyyən şərtlər qoyması mümkündür. Azərbaycanın bu şərtləri qəbul edib-etməməsi başqa məsələdir”.

A.Nağıyevin sözlərinə görə, Ərdoğan bununla həm də ATƏT-in Minsk qrupu həmsədrlərinə mesaj verdi:

“Türkiyə başçısı həmsədrlərə və dünya ictimaiyyətinə o mesajı verdi ki, münaqişənin həlli təkcə Rusiyanın ümidinə buraxılsa, bu məsələ öz həllini tapmayacaq. Buna görə də beynəlxalq səviyyədə həm Rusiyaya, həm də Ermənistana təzyiq olmalıdır. Rusiyanı Ermənistana təzyiq etməyə məcbur etmək lazımdır. Düşünürəm ki, Ərdoğanın açıqlamasının əsas mahiyyəti bunlardan ibarətdir”.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений