Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əliabbas Qədirovun doğum günüdür



Xalq artisti Əliabbas Qədirovun doğum günüdür.

Cebhe.info-nun məlumatına görə Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda doğulub. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. Dəmiryolçular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. Romantik, monumental tamaşalarda rolları oynamaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib. Elə aktyor olmağı da burada qətiləşdirib.

O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, ixtisas kurs rəhbəri xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub.

Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının “Aydın” (Surxay), Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov onu Akademik teatrda quruluş verdiyi Hüseyn Cavidin “Xəyyam” faciəsində Yusif roluna dəvət edib. Ancaq tamaşanın premyerası uzanıb və 12 mart 1970-ci ildə göstərilib. Elə bu səhnədə ilk addımından teatr ictimaiyyətinin nəzər diqqətində olub. O, 1970-ci il aprelin 6-dan Milli Dram Teatrının aktyoru olub. Məşhur aktyor 26 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru təyin edilib.

Əliabbas Qədirov 1970-ci ildən Milli Dram Teatrında oynadığı rollar zaman ardıcıllığı ilə aşağıdakı kimi sistemləşdirilə bilər:

Aktyor Azərbaycan Dövlət Televiziyasında çoxlu tamaşalarda oynamış, uzun illər əvvəlcə gənclər üçün “Məşəl”, sonralar əyləncə xarakterli “Komediyalar aləminə səyahət” verilişlərinin aparıcısı olub. Onun oynadığı tamaşaların bir qismi televiziyanın “Oızıl fond”una daxildir. Onlardan Süleyman Sani Axundovun, “Laçın yuvası” (Cahangir), Məmməd Muradan “Təkan” (Dilqəm), İlyas Əfəndiyevin “Atayevlər ailəsində” (Cahangir), Mirzə Fətəli Axundzadənin “Hacı Qara” (Heydər bəy), Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” (Fərhad), Mar Bayciyevin “Duel” (İsgəndər), Dazortsevin “Qəbula gələn sonuncu adam” (Kişi) əsərlərinin teletamaşasında Əliabbas Qədirovun yaradıcılığı daha parlaq şəkildə təcəssüm tapıb.

Əliabbas Qədirov teatrla yanaşı, kino aktyoru kimi də məşhurdur və böyük uğurlar qazanıb. Hətta o, məhz kinorejissor Eldar Quliyevin çəkdiyi “Sevinc buxtası” iki seriyalı bədii fılmindəki Nazim roluna görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Aktyor bundan əlavə “Azərbaycanfilm”də “Xatirələr sahilində” (İmran), “Nəğmə dərsi” (Ata), “Nə yaxşı ki, Səməd Vurğun var” (Vaqif), “Bizim evin kişisi” (Mansur), “Qızıl uçurum” (Cəlil), “Qocalar” (Fəriz), “Babək” (Fəzl), “Dənizdən işarə” (Sultanov), “Sevinc buxtası” (Nazim) kimi kinolentlərinə çəkilib.

Vaxtilə rejissor Hüseyn Seyidzadənin çəkdiyi eyniadlı filmdə Qatır Məmmədi rolunu məharətlə ifa edib. Lakin Moskva “millətçi” ruhuna görə o fılmin ekrana çıxmasına icazə verməyib.

Səhnə və ekran ustası Əliabbas Qədirov teatr və kino yaradıcılığındakı uğurlarına görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 17 may 1989-cu ildə isə xalq artisti fəxri adları ilə təltif olunub.

2006-ci ildə mart 8-də xalq artisti, «Şöhrət» ordeni laureatı, Azərbaycan Dövlət Akademik Dram teatrının bədii rəhbəri Əlabbas Qədirov 60 yaşında leykemiya xəstəliyindən (ağ qan xərçəngi) vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn edilib.

Aytən Həsənova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений