Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Elçibəyin köməkçisi 4 iyun SİRLƏRİNİ açdı: Müdafiə Nazirliyində MÜƏMMALI GÖRÜŞ



“Surət Hüseynov, Rəsul Quliyev, Etibar Məmmədov və Nemət Pənahlı...”

Oqtay Qasımov: “Elçibəy hakimiyyəti qurban verdi, amma Azərbaycan dövlətini qorudu”

Azərbaycan tarixinin qara səhifələrindən biri də 4 iyundur. 1993-cu ilin həmin günündə  Gəncədə Azərbaycan ordusunun korpus komandiri, polkovnik Surət Hüseynovun başçılıq etdiyi 709-cu hərbi-hissə Azərbaycan hakimiyyətinə qarşı qiyam qaldırıb. Baş verən hadisələrlə bağlı o dövr Azərbaycan prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov “Cümhuriyət” qəzetinin suallarını cavablandırıb. Oqtay Qasımov bir sıra qaranlıq məqamlara aydınlıq gətirib.

“4 iyun qiyamı Azərbaycana Dağlıq Qarabağ probleminin həllində çox ciddi bir əngəl yaradıb”

-Oqtay bəy, 4 iyun qiyamı ilə bağlı təzadlı fikirlər səsləndirilir. Hadisələr fərqli istiqamətdə şərh edilir. Əslində 4 iyunda nə baş vermişdi?

-4 iyunda xarici dövlətlərin, konkret olaraq Rusiya, İran və bəzi digər ölkələrin iştirakı və ciddi dəstəyi ilə Azərbaycanda hərbi çevriliş baş verib. Azərbaycanda demokratik yolla seçilən prezident hakimiyyətdən kənarlaşdırılıb və Azərbaycan Xalq Hərəkatının əldə etdiyi uğurlar kölgədə qalıb. 4 iyun qiyamının ən böyük nəticələrindən biri isə Qarabağ torpaqlarının işğal olunmasıdır. Təxminən 1 milyona yaxın insan öz yurd-yuvasından didərgin düşdü. 4 iyun qiyamı Azərbaycana Dağlıq Qarabağ probleminin həllində çox ciddi bir əngəl yaradıb. Qiyam nizamlama prosesini tormozladı və bugünə qədər də bu düyün açılmır. Hansıki, 4 iyun ərəfəsində bu istiqamətdə çox ciddi addımlar atılırdı və Dağlıq Qarabağ probleminin həllində ciddi irəliləyiş vardı. 4 iyun qiyamı olmasaydı, neft müqavilələri daha erkən, təxminən 1 il yarım əvvəl imzalanacaqdı. Bu da Azərbaycanın həm iqtisadi cəhətdən inkişaf etməsinə, həm də demokratik bir dövlət olaraq daha ciddi formada təşkilatlanmasına səbəb olacaqdı. 

“Qiyamı Rusiya hazırlamışdı, Surət icraçı idi”

-Sürət Hüseynovun qiyam qaldırmaqda məqsədi nə idi? Qiyamçı polkovnik AXC hökumətindən nə tələb edirdi?

-Surət Hüseynov qiyamı özbaşına etmirdi. Surət Hüseynov Rusiya kəşfiyyatının təsiri altında olan bir adam idi. Onun nə ağlı, nə bacarığı, nə də zəkası o boyda bir əməliyyatı planlaşdırmağa və həyata keçirməyə yetərdi. Surət Hüseynov ona verilən tapşırıqlar və önünə qoyulan planlara uyğun hərəkət edib. Surət Hüseynova Rusiya Baş Kəşfiyyat İdarəsi (QRU) tərəfindən çox ciddi dəstək verilib. Gəncədən çıxarılan Rusiya qoşunlarının rəhbəri olanValeri Şerbak tərəfindən dəstək verilib və onların əlində olan silahların böyük bir qismi Surət Hüseynova ötürülüb. Yəni, bu hadisə Surət Hüseynovun ağlının, qabiliyyətinin məhsulu deyildi. Rusiya tərəfindən hazırlanan və masaya gətirilən bir plan idi. Rusiya hakimiyyəti 1993-cü ilin əvvəlindən Elçibəy hakimiyyətini devirmək üçün açıq şəkildə fəaliyyətə keçmişdi. Bunu heç gizlətmirdilər də. Kəlbəcərin işğalı da bu planın bir hissəsi idi. 1992-ci ilin sonlarında Rusiyanın Azərbaycandakı səfiri Valter Şoniyanın Moskvaya göndərdiyi bir məlumat var idi. Orada qeyd olunurdu ki, Elçibəyin yürütdüyü siyasət bu cür davam edərsə, 2-3 il sonra Azərbaycan tam müstəqil bir ölkəyə çevriləcək və onun keçmiş Sovet respublikalarına çox ciddi təsiri ola bilər. Bunun qarşısı alınmalıdır. Həmin zamanlarda Rusiyanın Azərbaycanda “5-ci kolon” tipli dəstələri var idi. Onların vasitəsilə hakimiyyət əleyhinə qüvvələr səfərbər edildi və Elçibəyin devrilməsi üçün çox ciddi bir fəaliyyət başlanıldı.

Buraya İranı da əlavə etmək lazımdır. İran da həm Azərbaycana, həm də onun başında dayanan demokratik yolla seçilmiş, Azərbaycan xalqının birləşdirilməsi ideyasının rəhbəri olan prezidentin hakimiyyətdə olmasını istəmirdi. Bu baxımdan, İranın da fəaliyyəti çox ciddi şəkildə nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Qarabağ məsələsi ilə bağlı Ermənistanla müharibə aparırdı. Bugünkü terminlə desək, Ermənistan bir növ Rusiyanın vəkalət savaşını aparırdı. Yəni, Rusiya Azərbaycanın müstəqillik yollunda ciddi addım atmasını və demokratik inkişafını istəmirdi. Bunun da qarşısını almaq üçün bütün yollardan istifadə edirdi. Təsadüfi deyil ki, Kəlbəcərin işğalından sonra o zaman Rusiyanın Dağlıq Qarabağ üzrə nümayəndəsi olan Vladimir Kazimirov Azərbaycan nümayəndə heyətilə görüşündə demişdi ki, siz Kəlbəcərin işğalından, yəni bu zərbənin altından çıxa bildiniz. Yəni, Kəlbəcərin işğalı Elçibəy hakimiyyətinin devrilməsinə hesablanmış addım idi. Amma siz bunun altından çıxdınız. Bəs ölkədə vətəndaş müharibəsi olsa, siz bunun altından necə çıxacaqsınız? Bu, açıq şəkildə verilmiş bir mesaj idi ki, Rusiya Elçibəy hakimiyyətinin devrilməsi üçün müxtəlif planlar qurur və bu addımlar atılacaq. Bu baxımdan, Rusiyanın bu prosesdə inkişafını xüsusilə qeyd etmək lazımdır. Rusiyanın birbaşa planlaşdırdığı şəkildə Surət Hüseynova yaxın hərbi hissələrin komandirlərindən ibarət bir hərbi birlik də yaradıldı. Onlar artıq Azərbaycan hökuməti ilə ultimativ bir dildə danışmağa başladılar. Bu, 1993-cü ilin aprelin sonu, mayın əvvəlinə təsadüf edirdi. Bütün bunlar onu göstəridi ki, Surət Hüseynov sadəcə olaraq Rusiyanın hazırladığı planın icraçısı idi.

“Hakimiyyətə sədaqətli olanların təcrübəsi, təcrübəsi olanların isə sədaqəti yox idi”

-Əbülfəz Elçibəy 1998-ci ildə müsahibəsində deyirdi ki, Surət Hüseynovun Gəncə qiyamından sonra Bakıya gəlməsində Rəsul Quliyev, Etibar Məmmədov və Rəhim Qazıyevin xüsusi rolu olub. Rəsul Quliyev niyə belə addım atdı?

-Rəsul Quliyev Elçibəy hakimiyyətinə qədər zavod direktoru idi.  Elçibəy hakimiyyəti dövründə  baş nazirin müavini vəzifəsində işləyirdi. Amma Rəsul Quliyev hərəkatdan gələn komanda üzvü deyildi. O, sadəcə olaraq bu komanda ilə bir yerdə işləyib. Rəsul Quliyevin müsahibələrindən görünürdü ki, o, daha yüksək post istəyir. Rəsul Quliyev o dövrlər həm də Etibar Məmmədovla çox yaxın münasibətdə idi. Əslində Rəsul Quliyev özü bu suallara cavab verməlidir ki, onu bu addımları atmağa nə vadar edirdi və onun məqsədi nə idi ki, təmsil olunduğu hakimiyyətin əleyhinə işləyirdi? Adıçəkilən bu 3 şəxs Müdafiə Nazirliyinə gedərək oranın rəhbərliyi ilə iclas keçirdilər. Bu iclasdan bir bəyanat verildi. Bəyanatda qeyd olunurdu ki, Gəncədə baş verən hadisələr Müdafiə Nazirliyinə aid olan məsələ deyil, siyasi prosesdir. Ona görə də Müdafiə Nazirliyi bu prosesə qarışmayacaq. Faktiki olaraq bu 3 şəxsin iştirakı ilə Müdafiə Nazirliyinin prezidentə, tabe olduğu Ali Baş Komandana itaətsizlik göstərməsi demək idi. Hansı ki, Surət Hüseynov məsələsi 709-cu batalyonun Müdafiə Nazirliyinə tabe etdirilməsi məsələsi idi. Bundan əvvəl aprel-may aylarında prezidentin sərəncamı ilə yaradılmış komissiya fəaliyyət göstərirdi.

Bu komissiyanın tərkibində Prezident Aparatının, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri yer alırdı. Bunlar hərbi hissələrdə yoxlamalar aparırdı. Bu yoxlamalar nəticəsində hərbi hissələrin, şəxsi heyətin vəziyyəti ilə bağlı kifayət qədər məlumat toplanmışdı. O zaman 2 hərbi hissəsi prezidentin sərəncamı ilə yaradılan komissiyanı öz ərazisinə buraxmamışdı. Bunlardan biri Füzulidə yerləşən “Yapon”  deyilən şəxsin komandiri olduğu batalyon, digəri isə Surət Hüseynovun birbaşa nəzarətində olan, Eldar Əliyevin başçılıq etdiyi 709-cu hərbi hissə idi. Doğrudur, Füzulidə yerləşən hərbi hissə ilə bağlı məsələ çox qısa zamanda həll olundu və Müdafiə Nazirliyinə tabe etdirildi. Gəncədəki 709-cu hərbi hissəsinin Müdafiə Nazirliyinə tabe etdirilməsində isə qeyd edilən qiyam yaşandı. Qiyam əslində əvvəlcədən hazırlanmışdı, sadəcə olaraq, onun vasitəsilə həyata keçirildi.

Rəsul Quliyev həm də Elçibəy hakimiyyətinə qarşı çıxmaqla özünü qoruyurdu. Çünki onun rəhbərliyində olan neft zavodunda o zaman yoxlamalar getdi və məlum oldu ki, 52 milyon dollara yaxın yeyinti var. 52 milyon indi də böyük rəqəmdir, amma o zaman fantastik məbləğ idi. Onunla bağlı cinayət işi başladılmışdı. Rəsul Quliyev də uzun müddət Neftayırma zavoduna rəhbərlik etmişdi. Bugünkü o cinayət işi də o zamankı işin davamıdır. Sadəcə olaraq, 1993-cu ildə Rəsul Quliyevə açılmış cinayət işi bağlandı. Rəsul Quliyev Azərbaycandan qaçandan sonra həmin cinayət işi yenidən bərpa olundu. Rəsul Qulieyvin özünün də təmsil olunduğu Elçibəy hakimiyyətinə qarşı çıxmasının səbəblərindən biri də budur. 

-İddialar var ki, qiyamdan AXC hökumətin öncədən xəbəri olub. Bu doğrudursa, niyə qiyamın qarşısını almaq mümkün olmadı?

-Konkret olaraq öncədən xəbəri var deyilən məsələ müəyyən narahatlıqların olması idi. Ordunun içərisində olan zabit heyətinin böyük bir hissəsi Rusiya kəşfiyyatı ilə bağlı idi. Bunu açıq şəkildə deməliyik. Düşünürəm ki, biz bu problemlərdən bu gün də qurtarmamışıq.  Bu günlə o zamanın fərqi ondadır ki, bu gün Azərbaycanın özünün hərbi məktəbində, Türkiyədə təhsil alan zabit yetişdi ki, onların artıq Rusiya ilə əlaqələri yoxdur. Onlar Azərbaycan dövlətinə bağlı insanlardır. Ancaq o zaman Müdafiə Nazirliyinə tabe olan zabitlərin mütləq əksəriyyəti Rusiyadan gəlmişdi və rus kəşfiyyatına bağlı insanlar idi. Onların içində təbii ki, vətənpərvər, dövlətini və millətini sevən kifayət qədər insanlar var idi, amma nisbətə baxdığımızda bu, elə də böyük say deyildi. Bu da sonrakı dövrlərdə yaşanan proseslərdə özünü göstərirdi. Bir məsələni də nəzərə almaq lazımdır ki, bugünkü Azərbaycanla o zamankını müqayisə etsək, doğru nəticəyə gələ bilmərik. Səbəb ondan ibarətdir ki, Elçibəy hakimiyyətə gəldiyində dövlət dediyimiz məfhumun sadəcə adı var idi. Deyək ki, maketi var idi, amma içi boş idi. Bu boşluğu doldurmaq üçün dövlətin strukturlarını yaratmaq lazımdır. Çünki Elçibəyin komandası bir tərəfdən milli azadlıq mübarizəsi aparıb müstəqilliyin əldə olunmasına nail olur, digər tərəfdən hakimiyyətə gəlir və dövlət quruculuğu ilə məşğul olur.  Belə bir vəziyyətdə istəmədiyi halda müharibəyə məcbur olunur. Bunların hamısı kifayət qədər ciddi problemlərdir. Elçibəyin əlində də çox ciddi resurslar yox idi. Elçibəy hakimiyyətə gələndə Milli Bankda (İndiki Mərkəzi Bankda-müəl.) 10 milyon  rubl (o zamankı məzənnə ilə 1 milyon dollar-müəl.) və 1.5 milyon dollar vardı.

Elçibəy bu qədər pulla dövləti qəbul etmişdi və keçmiş hakimiyyətdən qalan ağır mirasın  altından çıxmalı idi. Nəzərə alın ki, müharibə gedirdi və müharibənin də gündəlik xərci milyonun üstündə idi. Bu baxımdan, strukturların formalaşdırılması, dövlətə bağlı olan hüquq mühafizə orqanlarının yaradılması vacib idi. Çünki o zaman bu strukturlarda olan şəxslər Sovet rejimindən çıxmış şəxslər idi. Onların böyük bir qismində müstəqillik anlayışı belə yox idi və onlar müstəqil Azərbaycanı təsəvvürə belə gətirmirdilər. Bunların hamısı kifayət qədər ciddi faktorlardır. Elçibəy hakimiyyəti isə bu strukturların yaradılmasını başa çatdıra bilmədi. Buna çox ciddi maneələr də var idi. Məsələn, Əbülfəz Elçibəyin uzun zaman istəyi Azərbaycan Silahlı Qüvvələrini Türkiyə və NATO standartlarına uyğun formalaşdırmaq olub. Bu yöndə Türkiyə ilə müəyyən danışıqlar aparılmış və razılaşmalar əldə edilmişdi. Amma o zamankı Müdafiə Nazirliyi buna qarşı çıxırdı. Rusiya isə niyyəti bildiyi üçün bu cür ordunun yaradılmasına maneələr törədirdi. Sonunda 1993-cü ilin aprel ayında Türkiyədən Azərbaycana uzun zamandır gəlişi gözlənilən təlimatçıların böyük bir qismi gəldi. Türkiyə tərəfindən də müəyyən gecikmələr olmuşdu. Ancaq bundan sonra konkret olaraq nəzərdə tutulan ordu quruculuğuna başlanıldı. Konkret  desək, hakimiyyətə sədaqətli olanların təcrübəsi, təcrübəsi olanların isə sədaqəti yox idi. Problemin əsas kökü bundan ibarət idi. Yoxsa Əbülfəz Elçibəy hakimiyyətinin Gəncədə olan o bataqlığı yerində qurutmaq niyyəti çox ciddi idi. Bunun üçün tədbirlər planı da hazırlanmışdı. Sadəcə olaraq, bu planı həyata keçirəcək insanların təcrübəsi zəif idi. Düşünürəm ki, qiyamın qarşısını ala bilməməyimizin də  səbəbi  məhz budur.

“Nemət cəfəngiyyat danışır”

-Nemət Pənahlı müsahibələrinin birində deyir ki, 4 iyun qiyamında Surət Hüseynov yox, AXC hakimiyyəti qırğına gedib. İddia edir ki, Surət Hüseynovun silahı buraxacağı ilə bağlı ondan təminat alıb, amma hakimiyyət bunu qəbul etməyib.

-Nemət Pənahlı kim idi ki, gedib təminat alsın? Nemət Pənahlı həmişəki kimi boş, cəfəngiyyat danışır. Ümumiyyətlə, onun fikirlərinə heç reaksiya vermək istməzdim. Nağıl danışmaqdansa, ortaya faktlar qoysun ki, hakimiyyətin Gəncəyə göndərdiyi şəxslər neçə nəfər öldürüb? Surət Hüseynov tərəfindən heç kim ölməyib. Orada bir Mehman ölüb, onu da hadisələri qızışdırmaq üçün arxadan özləri vurublar. Əksinə, ölənlər avtobusda Prezident Qvardiyasının komandiri Tahir Məmmədov və onun əsgərləri olub. Onlar da razılaşma əsasında şəhərdən çıxanda onların qarşısı kəsilib və avtobus avtomat və pulemyotlardan atəşə tutulub. Ona görə Nemət Pənahlının danışdıqları boş-boş şeylərdir, sadəcə təbliğat xarakteri daşıyır. Konkret olaraq 4 iyun hadisələri ilə bağlı məhkəmə prosesi gedib və hər şey ortadadır. 

-Ümumiyyətlə, Nemət Pənahlının 4 iyun qiyamında işi nədən ibarət idi? 

-Nemət Pənahlı bu prosesdə “ələkçinin qıl verəni”, söz aparıb-gətirən idi. Nemət Pənahlı orada ciddi qəbul olunmadığı üçün iyunun 6-da onun saqqalını qırxdırıb sonra mitinq tribunasına buraxıblar. Mən şəxsən onun şahidiyəm. Çünki mən və dostlarım Tahir Məmmədovun yas mərasimindən qayıdanda gəlib Gəncədə həm də mitinqə qatılmışıq və məlumatlar almışıq. Nemət Pənahlını o şəkildə  orda görmüşəm.

-Bəziləri iddia edir ki, mərhum Çili prezidenti Salvador Aliyende kimi Elçibəy də əlinə silah alıb meydanda döyüşməli və şəhid olmadı idi... Elçibəyin belə bir imkanı var idimi?

-Bu cür iddialar ciddi səslənmir. Bunlar düşünürlər ki, prezident əlinə silah alıb Bakı şəhərinin küçələrində döyüşməyə başlasaydı, bu, qətiyyətli addım olacaqdı. Hesab edək ki, Elçibəy və ona sədaqətli olan insanlar əlinə silah alıb döyüşdü və Bakının küçələri qan gölünə döndü. Bunun Azərbaycan xalqına və dövlətinə bir faydası olacaqdımı? Əksinə, daha çox göz yaşı, problem və qan davası olacaqdı. Bu, həm də Azərbaycan dövlətçiliyinin gələcəkdə birbaşa təhlükə altına düşməsi demək idi. Bu insanlar bir şeyi anlamırlar ki, siyasətçi ilə dövlət adamı arasında böyük fərq var. Dövlət adamı tamamilə fərqli kriteriyaları ehtiva edir. Elçibəy hakimiyyəti qurban verdi, amma Azərbaycan dövlətini qorudu. Elçibəy özünün siyasi kariyerasını təhlükəyə atdı, amma Azərbaycanın gələcəyini qarantiya altına aldı.

Bunları dərin mənada anlamaq lazımdır. Digər tərəfdən, Elçibəyin bu məsələdə kifayət qədər qətiyyətli mövqeyi və göstərişləri olub. 1993-cu ilin 26 may tarixində Dövlət Təhlükəsizlik Komitəsinin iclası olub. Mən o iclasın katibi olmuşam, tədbirin strenoqramın mən yazmışam. Elçibəy iclasda konkret göstəriş verdi ki, Azərbaycan dövlətinə qarşı hər kim çıxırsa, o, mənim qardaşım olsa belə, qanunun tələbləri ilə çox ciddi şəkildə cəzalandırılmalıdır. Bu, Surət Hüseynova da aiddir. Bir prezident bundan artıq nə etməli, hansı göstərişi verməlidir? Bu, o demək idi ki, ya Surət Hüseynov qanuna tabe etdirilməli, ya da həbs olunmalıdır.  Sadəcə olaraq, bu əməliyyatı həyata keçirən hüquq-mühafizə orqanlarının rəhbərləri işin öhdəsindən gələ bilməyiblər. Əslində, düşünürəm ki, Elçibəy o zaman üçün doğru addım atdı və Azərbaycanı gözlənilən təhlükələrdən xilas etdi. Bəli, Elçibəy hakimiyyətini itirdi. Amma nəzərə almaq lazımdır ki, Elçibəy istefa vermədi. Bu, çox ciddi məqamdır.

Çevriliş nəticəsində hakimiyyətdən gedən elə bir prezident göstərə bilərsiz ki, öz ölkəsində öldürülmədən sağ qalıb. Tarixdə belə bir şey yoxdur. Devrilmiş prezident ya ölkəni tərk edib, ya da öldürülüb. Amma Elçibəyin bu nümünəsi bunlardan fərqli idi. Sadəcə olaraq Bakını tərk edib, amma ölkə hüdudlarının içində olub. Elçibəyin qoyduğu strateji inkişaf xətti-qərbyönümlü siyasət, demokratik dəyərlər, neft müqavilələri dəyişmədi. Təbii ki, bu istiqamətdə Heydər Əliyevin də ciddi rolu var idi.  Amma bu məsələdə Heydər Əliyevə təzyiqlər çox deyildi. Çünki Rusiya, İran və digərləri bilirdi ki, Heydər Əliyevə təzyiq etsələr, Azərbaycanda istefa verməmiş bir prezident də var. Hakimiyyətə qayıda bilər. Bunu başa düşmək lazımdır. Doğrudur, Elçibəyin bu hərəkəti onun hakimiyyətinə, tərəfdarlarına çox ciddi zərbə vurdu. Amma bir baxımdan da Azərbaycanın gələcəyini qorumağa yönəlik addım oldu. Məsələlərə bir az dərindən baxdıqda, həm də bu cür amillər var. 

“Əməliyyatı həyata keçirənlərin qətiyyətsizliyi prosesin əks yöndə inkişafına səbəb oldu”

-Qiyamın yatırılmasındakı uğursuzluqda başlıca səhv nə oldu?

 -4 iyuna qədər atılan addımların əksəriyyəti doğru idi. Əslində, o zaman qədər Gəncə şəhərində komendant saatı belə elan olunmuşdu. Daxili İşlər Nazirliyinin vasitəsilə şəhərdə silahların toplanması istiqamətində əməliyyatlar aparılırdı. Ən ciddi problem 4 iyunda yaşandı. Həmin gün bu əməliyyatı həyata keçirənlərin qətiyyətsizliyi, təcrübəsizliyi prosesin əks yöndə inkişaf etməsinə səbəb oldu. Əslində onlar öz vəzifələrinin öhdəsindən gəlsəydilər, bataqlıq yerindəcə qurudulacaqdı. Təəssüf ki, bunu edə bilmədik. 4 iyunun Azərbaycan tarixinə kifayət qədər zərəri oldu. Bunun ən ciddi zərəri Qarabağ məsələsinin bu günə qədər həll olunmamasıdır. 1993-cu ildə Kəlbəcərin işğalından sonra diplomatik sahədə çox ciddi proseslər getdi. Azərbaycan xarici siyasət sahəsində müəyyən nəticələrə nail olacaq addımlar atdı. Bunların birincisi BMT Təhlükəsizlik Şurasında 822-ci qətnamənin qəbulu idi. Doğrudur, orada ifadə Ermənistan hərbi qüvvələri deyil, amma erməni hərbi qüvvələrinin işğal olunan ərazilərdən qeyri-şərtsiz çıxarılması idi. Bu qətnaməni əsas tutaraq, Rusiya, Türkiyə və Amerikadan ibarət vasitəçi qrupu danışıqlar aparırdı. O, zaman bu 3+2 formatı idi. Bu formatda razılaşma əldə olundu ki, ermənilər Kəlbəcər və Laçın və digər işğal etdikləri rayonları boşaldırlar. Hətta bu ərazilərin boşaldılması qrafiki məlum olunmuşdu.

Rəhmətlik Vəfa Quluzadənin  Azərbaycan Televiziyasına verdiyi müsahibədə belə bir ifadəsi var idi: “Mən Azərbaycan xalqına bir şad xəbər vermək istəyirəm. Bizim danışıqların yekununda Kəlbəcərin boşaldılması ilə bağlı razılığa gəldik və onun qrafiki müəyyən olundu. Bu qrafik iyun ayının 14-dən 30-na qədərdir”. Bunu Azərbaycan, Ermənistan və vasitəçi dövlətlər qəbul etdilər. Burada Azərbaycanın uduşu ondan ibarət idi ki, Azərbaycanın maraqlarını müdafiə edən 2 dövlət-Türkiyə və Amerika var idi. Ermənistanın mövqeyini müdafiə edən Rusiya isə Türkiyə və Amerika ilə razılaşmaq məcburiyyətindəydi. Hətta iyun ayının 13-də qondarma Dağlıq Qarabağ parlamentinin sessiyası çağırılıb. Çünki onların da bu planı qəbul etməsi üçün məcbur edirdilər. Gəncədə baş verən qiyam ermənilərə əlavə şans yaratdı. Onlar açıq şəkildə dedilər ki, biz bilmirik müzakirələri Elçibəylə aparaq, yoxsa Surət Hüseynovla. 4 iyunda baş verən qiyamın ən böyük xəyanət hissəsi məhz budur. Çünki Dağlıq Qarabağ problemi o, zaman həll olunmağa çox yaxın idi. Son 30 ildə bu məsələnin həlli o qədər yaxın olmayıb. Kəlbəcərin boşaldılmasında sonra Dağlıq Qarabağın azad olunması üçün müzakirələr planlaşdırılırdı. Yəni, payıza qədər bu məsələnin bütövlükdə həlli gözlənilirdi. 4 iyunda Elçibəyin hakimiyyətinin devrilməsindən söhbət getmir, bu hadisələrdə Azərbaycanın ən böyük itkisi həm də budur. Dağlıq Qarabağ olmadan Azərbaycanın yaşaması mümkünsüzdür. Bu sanki insanın bir əzasının olmaması və ya iflic olması kimi bir şeydir. 

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений