Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Elbrus Orucov uzun illər sonra ŞUŞA SİRLƏRİNİ açdı



Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından (1992-ci il mayın 8-də) 26 il ötür. Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Əsrarəngiz gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi sayılır. Şuşanın müdafiəsində döyüşənlərdən biri də general Elbrus Orucovdur.

Şuşa döyüşləri ilə bağlı təəssüratlarını “Cümhuriyət” qəzetinə bölüşən müsahibimiz alınmaz qalanın işğal xatirələrindən danışıb.

Alınmaz qalanı niyə müdafiə edə bilmədik?

“Dünyada elə alınmaz qala, zirvə yoxdur ki, onu işğal etmək mümkün olmasın. Əgər o qalanı müdafiə edənlər yoxdursa, boş qalırsa, onu anında işğal etmək olur. Şuşa işğal olunandan sonra araşdırma apardıq, hesabat hazırladıq və gördük ki, Şuşada 220 nəfər şəhid vermişik. Halbuki deyirdilər ki, şəhid olanların sayı 850 nəfərə yaxındır. 20 nəfər itkin düşmüşdü və 400-ə yaxın yaralını  təxliyyə etmişdik. 30-40 min əhalisi olan şəhəri 150 nəfərlə müdafiə edirdik. Əli silah tutan könüllülər, zabit və əsgərlər bu müdafiəyə qoşulmuşdu. Hansı ki, indiyədək də heç kimə aydın olmadı ki, 4000-nə yaxın qüvvə Şuşaya necə hücum edib. Ermənilər o dövrdə səfərbərlik elan etmiş, mart ayından etibarən 11 minə yaxın əsgərini Qarabağa gətirmişdi. İndi isə kimlərsə deyəndə ki, alınmaz qalanı düşmənə vermişik, bu, müdafiədə iştirak edənlərə çox ağır gəlir. Necə oldu qalanı verdik? Dövlət səviyyəsində itirdik Şuşanı...Münaqişə zamanı Şuşadan başqa 75 kənd işğal olunmuşdu. 

Necə olurdu ki, əgər bu qədər kənd işğal olunubsa, yalnız Şuşanı ermənilər ala bilməyəcəkdi? Həmin kəndlərin işğal prosesi 1988-ci ildən başlayaraq 1991-ci ilin dekabrına qədər davam etdi. Xocalı əhalisini şuşalıların gözü qarşısında yandırmışdılar. Yerli əhalinin içərisində qorxu yaranmışdı ki, onları da xocalıların gününə sala bilərlər. Əsas məsələ ondan ibarətdir ki, müharibə aparan dövlətin-Azərbaycanın ali baş komandanı yox idi. Sadəcə, icra edən Yaqub Məmmədov idi. Həmin dövrdə Azərbaycanın silahlı qüvvələri də yox idi, könüllü dəstələr döyüşürdü. Tarixə də nəzər salsaq, görərik ki, müharibəni heç zaman könüllü dəstələr, partizanlar qazana bilməyiblər. Müharibədə nizami ordu qələbə çalır. Desinlər ki, alınmaz qalanı hansı ordu müdafiə edə bilməyib. Xüsusi təyinatlı taborun tərkibində 120 nəfər olub. Onların içərisində olanların da müxtəlif yerlərdə olmasını nəzərə alsaq, tərkibdə cəmi 75-80 nəfər döyüşən oğlan var idi. Ermənistanda peşəkar generallar təlim keçərək böyük nizami ordu yaratmışdı. 4000-lə yaxın erməni əsgəri Xocalı aeroportu vasitəsilə Qarabağa gətirilmişdi. Həmin nizami ordu hissələrinin qarşısını bizim könüllü dəstələr alırdı. Baxaq, görək, Rəhim Qazıyev müdafiə naziri olan dövrdə o qurumun tərkibində kimlər var idi? Biri deyə bilər ki, texnika var idi. Bir tankda 3 və ya 4 nəfərlik heyət olur. Bizdə yalnız bir nəfər-sürücü-mexanik var idi. Heyət tam olmalı və təlim keçməli idi. Cəmi 4-5 tankımız var idi. Halbuki rusların ermənilərə təhvil verdiyi 366-cı alayın tərkibində 30-a yaxın tank, 60-a yaxın döyüş maşını, 7 QRAD qurğusu, 118 top var idi. Bunlardan Şuşanın işğalında istifadə edildi. Bizdə yalnız bir top var idi ki, onun da nişangahları yox idi. Döyüşdə hər iki tərəfin tərkibi nəzərə alınmalıdır”. 

“Rəhim Qazıyevi müdafiə naziri təyin edəndə məqsəd nə idi? Bunu mənə izah etsinlər...”

Elbrus Orucov Bakıdakı Müdafiə Komitəsinin Şuşanın müdafiəsini düzgün təşkil edə bilmədiyini deyib: 

“Hansı ki, müdafiə komitəsinin heç bir fəalliyyəti yox idi. Bir halda ki, onun rəhbəri Rəhim Qazıyev idi, hansı “müdafiə komitəsi”ndən söhbət gedə bilərdi? Rəhim Qazıyevdən rəhbər olardı, sərkərdə çıxardı? Rəhim Qazıyev fevral ayında qəsdən Şuşadan çıxmışdı. Həmin “müdafiə komitə”sinin gözü qabağında kəndlər yandı. Bunlara cavabı kim verməli idi? Daşaltı əməliyyatında günahkarların hamısını vəzifələrə qoydular, satqınlıq getdi. Amma komitədən niyə soruşmadılar ki, siz niyə orada rəhbərlik etmədiniz? Mən də deyə bilərəm ki, 34 yaşında sovet ordusundan yeni gəlmiş Elbrus Orucovu göndərirsiz Şuşanın müdafiəsinə və 7 gün sonra döyüş başlayır. Sual oluna bilər ki, 7 gün ərzində Elbrus Orucov orada hansı müdafiəni təşkil edə bilərdi və “müdafiə komitə”si ona yardım edirdimi? Rəhim Qazıyevi müdafiə naziri təyin edəndə məqsəd nə idi? Bunu mənə izah etsinlər... 26 ildir ürəyim yanır, parçalanır və mən o vaxtki suallara cavab tapa bilmirəm. Komitənin gördüyü iş təxribat idi və bu Şuşaya qarşı idi. 

Bu təxribat həm də orada qalan mülki əhaliyə təxribat idi. Şırlan və Kosalar kəndləri mühasirədə qalmışdı”.

Elbrus Orucov onu da əlavə edib ki, bu gün Ali Baş Komandanın rəhbərlik etdiyi, ən müasir silah növlərinə malik silahlı qüvvələrimizin qüdrəti imkan verir ki, erməni işğalçılarını Qarabağdan, Şuşadan qovaq:

“1992-ci ildə bizim Ali Baş Komandan mərhum Heydər Əliyev, yaxud İlham Əliyev olsaydı, Qarabağ verilməzdi. Bu gün isə yalnız bir əmrlə o torpaqlar, ərazilər bizi haraylayır”.

Alçina Amilqızı








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений