Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dubayda oğurlanaraq Azərbaycana gətirilən azyaşlının işində yeni gəlişmə



Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyinin prokurorluğunda Azərbaycan vətəndaşının adı keçən uşaq oğurluğu ilə bağlı istintaq işi yekunlaşmaq üzrədir. İş üzrə istintaqa təqsirli şəxs qismində dəvət olunan Davud Bağırov prokurorluğa getməkdən yayınır. Uşaq oğurluğu faktına görə başlanmış cinayət işi isə məhkəməyə göndərilmək üzrədir. Hazırda iş üzrə təqsirli şəxs qismində istintaqa cəlb olunan Qazaxıstan vətəndaşı Zarina Jaksenbayeva barəsində isə qərar dəyişməyib. O, məhkəmə baş tutana qədər Dubay Əmirliyinin ərazisini tərk edə bilməz. Yada salaq ki, Dubayda bank sektorunda çalışan Qırğızıstan vətəndaşı Merim Beishekeyeva Azərbaycan vətəndaşı Davud Bağırovu onun azyaşlı övladını oğurlamaqda ittiham edir. 

Merim Beishekeyeva övladı oğurlanandan sonra Dubayın hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra uşaq oğurluğu faktına görə Dubay Prokurorluğunda cinayət işi başlanıb.

M.Beishekeyeva öyrənib ki, azyaşlı övladı Dubaydan Türkiyəyə, oradan isə Azərbaycana gətirilib. Buna görə də o, 2017-ci ilin fevralında Bakıda olub, övladının oğurlanması ilə bağlı ölkə başçısına, baş prokurora, Milli Məclisin sədrinə, ombudsmana, AQUP DK-nın sədri Hicran Hüseynovaya müraciətlər ünvanlayıb. M.Beishekiyevanın nümayəndəsi hüquqşünas Abdulla Əfəndizadədir. O, uşaq oğurluğu ilə bağlı mətbuatda dəfələrlə çıxışlar edib və iş üzrə Azərbaycan məhkəmələrində bir neçə iddia qaldırıb.

Hazırda Azərbaycan Ali Məhkəməsində hakim Əsəd Mirzəliyevin icraatında Dubay Əmirliyinin Ali Məhkəməsinin iş üzrə çıxardığı qərarın tanınması işi var. Həmin qərara əsasən Merim Beishekeyevanın Davud Bağırova qarşı iddiası təmin olunub. Onların nikahı pozulub, azyaşlı Ceylanın anasının himayəsində qalması, Davud Bağırovun uşağı Merim Beishekeyevaya qaytarması, aliment ödənişi və digər tələblər təmin olunub. 

M.Beishekeyevanın nümayəndəsi Abdulla Əfəndizadə deyir ki, Dubay Ali Məhkəməsinin qərarı Azərbaycan Ali Məhkəməsinə bu ilin iyununda daxil olub. 

Amma Azərbaycan Ali Məhkəməsi həmin qərarın tanınması üçün müvafiq tədbirlər görməyə tələsmir. Eyni zamanda Davud Bağırov həmin qərarın Azərbaycanda tanınmasına qədər Merim Beishekeyevanı və onun nümayəndəsi Abdulla Əfəndizadəni xüsusi ittiham qaydasında şikayəti üzrə həbs etdirmək istəyir. O. bundan əvvəl Nizami və Xətai Rayon Məhkəmələrinə eyni məzmunlu şikayətlər təqdim edib. Həmin şikayətlər üzrə icraat aparılmayıb. Sentyabrın 18-də isə yenidən Xətai rayon Məhkəməsinə D.Bağırovun xüsusi ittiham qaydasında şikayəti daxil olub.

M.Beishekeyevanın nümayəndəsi A.Əfəndizadə deyir ki, Xətai rayon Məhkəməsinin şikayəti icraata qəbul etmə operativliyi alqışlanmalıdır: “Mətbuat nümayəndələri mənə bu haqda xəbər verəndən sonra Xətai Məhkəməsində oldum. Məlum oldu ki, səhər şikayət məhkəməyə daxil olub, bir neçə saat sonra artıq ərizənin üstü yazılıb və hakim Bəxtiyar Məmmədova göndərilib. Bu tələskənlik əbəs deyil. Məqsədləri budur ki. Dubay Ali Məhkəməsinin qərarı Azərbaycan Ali Məhkəməsində tanınana qədər Merim Beishekeyeva və nümayəndəsi olaraq mənə qarşı hər hansı bir formada cinayət işi başlatsınlar. Bununla da Dubay Ali Məhkəməsinin qərarının icrasını mümkünsüz hala gətirmək istəyirlər. Təsəvvür edin ki, aylar əvvəl Merim Beishekeyevanın Dubayda oğurlanaraq Azərbaycana gətirilən azyaşlı övladının ölkədən çıxışına qadağa qoyulması, anası ilə ünsiyyət hüququnun verilməsi haqda Səbayel Məhkəməsinə 1 aydan çoxdur ki, iddia təqdim etmişik. Hər dəfə bir bəhanə ilə iddiaya baxmırlar. Amma Davud Bağırovun bizə qarşı şikayəti ildırım surəti ilə icraata qəbul olunur. İclas sentyabrın 25-i 11-ə təyin olunub. Səbayel məhkəməsində də bizim iddiamıza həmin gün həmin saatda baxılmalıdır. Bu təsadüfi deyil. İstədikləri də budur ki, Səbayel Rayon Məhkəməsində Merim Beishekeyevanın pozulmuş valideynlik hüquqlarının bərpası, uşaqla ünsiyyət hüququnun tanınması haqda iddiamıza baxılarkən iştirak edə bilməyək”.

AƏfəndizadə deyib ki, ölkə daxilində olduğu kimi, ölkə xaricində də nümayəndəsi olduğu M.Beishekeyevaya qarşı iş aparılır: “Bişkekdə Zarina adlı bir qadını da Merim Beishekeyevaya qarşı istifadə edirlər. Həmin qadın M.Beishekeyevaya şər atır. Bundan əvvəl dəfələrlə müxtəlif qadınların adından Merim Beishekeyavaya qarşı hüquq mühafizə orqanlarına şikayətlər göndərilib. Araşdırmalar göstərib ki, həmin şikayətlər şər-böhtandan başqa bir şey deyil. Merim Beishekeyeva heç vaxt şikayətlərdə iddia edildiyi kimi əxlaqsızlıqla məşğul olmayıb. Bundan əvvəl Aysel adlı qadın və onun basısı şikayət yazmışdılar. Bu həmin Ayseldir ki, yalandan üzə durduğuna görə barəsində Dubay məhkəməsinin hökmü var. Bu məsələ yadlarına düşüb və şikayəti onun əxlaqında olan başqa bir qadının adından veriblər. Bütün bunlar uşağın qaçırılmasının gizlədilməsi, ört-basdır olunması, anasına qaytarılmaması üçün edilir. Digər tərəfdən də iş üzrə Dubay Ali Məhkəməsinin qərarı var və həmin qərar Azərbaycan Ali Məhkəməsində tanınmadadır. İnanıram ki, həmin əxlaqsız qadınlar və onları yönləndirən adamlar da ifşa olunacaqlar. Azərbaycanda keçirilən məhkəmələrdən birində Davud Bağırovun vəkilində bundan əvvəl Merimə qarşı şikayətçi qadının Bişkek polisinə müraciəti üzrə araşdırma aparılması haqda qərar vardı. Bu bizdə Bişkekdə baş verən şərləmə kampaniyasının haradan idarə edilməsi ilə bağlı əsaslı şübhələr yaradır”. 

Bu qalmaqallı iş üzrə Azərbaycanda paralel olaraq məhkəmə müstəvisində bir neçə proses keçirilir. A.Əfəndizadə Azərbaycan məhkəmələrində üzləşdikləri qanunsuzluqlarla bağlı ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova da müraciət ünvanlayıb: “Diqqətə onu çatdırmaq istəyirəm ki, azyaşlı Ceyla Bağırova ABŞ-ın Nyu-York şəhərində 2 noyabr 2012-ci il tarixdə dünyaya gəlib, 16 noyabr 2012-ci il tarixdə ona əvvəlcə AM seriyalı doğum haqqında Şəhadətnamə, 13 dekabr 2012-ci il tarixdə isə ABŞ vətəndaşına dair P USA seriyalı 488048595 nömrəli pasport verilib. 

Məlumat üçün bildirirəm ki, mən hər dəfə Merim Beishekeyeva ilə telefonla danışandan sonra bir neçə gün özümə gələ bilmirəm. Belə ki, o, hər dəfə ağlaya-ağlaya məndən onun azyaşlı qızı Ceylanı ona nə vaxt verəcəklərini soruşur. Azərbaycan məhkəmələrinin bəzi hakimləri bu işi saqqıza döndədrib uzatmaqla məşğuldur deyə mən ona konkret cavab verə bilmirəm.

Möhtərəm Fikrət müəllimdən bu işi ciddi nəzarətə götürüb, Ali Məhkəməyə işə qanuni yanaşıb süründürməçiliyə yol verilməməsinə, qısa bir vaxtda təcili baxıb, Qərar çıxarmasını göstəriş verməsini artıq dərəcədə xahiş edirəm. Dubay Ali Məhkəməsinin iş №250/2016 saylı 14 fevral 2017-ci il tarixli Qərarın Azərbaycan Respublikasının ərazisində tanınmasına və icraya yönəlməsinə dair Ali Məhkəmə tərəfindən Qərarın verilməsinə heç bir qanunazidd hərəkət yoxdur”. (musavat.com)

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений