Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dua xəstəlikləri sağalda bilər? - İlahiyyatçı çoxlarını düşündürən suala aydınlıq gətirdi



Azərbaycanda çap edilən dini kitablarda bir çox xəstəliyin müalicəsi üçün dualar yer alıb. Bu xəstəliklərin dua ilə müalicə edilməsi sosial şəbəkədə böyük əks-səda doğurub. Babasil, qızdırma, ürəyi gedən şəxs üçün duaların yer aldığı kitablar ilahiyyatçılar tərəfindən də birmənalı qarşılanmayıb.

Qeyd olunub ki, dua ilə şəfa tapmaq mümkün deyil. Elə insanlar var ki, çətinliyə düşəndə, xəstələnəndə və ya körpə uşağı narahat olanda molla yanına gedib dua yazdırır. Sanki yazılan bu dua ilə xəstə, çarəsiz qalanlar şəfa tapacaq. Bir sözlə bu dua onlar üçün mənalı və effektli olacaq. Amma bu heç də belə deyil. Dini ekspertlərin fikrincə, bunlar da inancın bir formasıdır və xurafatdan qalma bir ənənədir. Yəni bu məsələdə nə xəstəliyin, nə də xəstə orqanın fərqi yoxdur. Dua bütün hallarda eyni dərəcədə "işləmir". 

Reallıq isə ondan ibarətdir ki, cahilliyə söykənən bu hallar indi də bəzi rayon və ucqar kəndlərdə, əyalətlərdə mövcuddur. Sanki son çarələri molla yanına getməklə çözüləcək deyə, bu yola meyil edənlər də az deyil. 

Məlumat üçün bildirək ki, Allah və Rəsulu (sallallahu aleyhi və səlləm) duanı yazıb harasa qoymağı, üstündə gəzdirməyi yox, yaradana səmimi qəlbdən yalvararaq dua etməyi buyurub. Dərmanı cibdə gəzdirməklə baş ağrısı keçməz, dərmanın bədənə daxil olmağına ehtiyac olduğu kimi, duanın da qəlbə daxil olmasına ehtiyac var. Müqəddəs kitabımız “Qurani- Kərimdə” deyilir:  "Rəbbiniz buyurdu: Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!" (Ğafir, 60). Belə şeylər etməyin faydası yoxdur, əksinə, dində yenilik etdiyiniz üçün günah qazanırsınız. Allah qorusun , İslamda dua yazdırmaq, duanı yazdırıb üstündə gəzdirmək və s. buna bənzər şeylər yoxdur. Dinimizdə bu əməlin heç bir əsası yoxdur və bu əməl "bidət" (dinə gətirilən yenilik) hesab olunur və günahdır.

Hətta Allahdan qeyrisinə - ağaca, qəbirə, pirə, daşa, övliyalara, vəfat etmiş saleh insanlara və s. dua edərək onlardan kömək istəmək də düzgün deyil və şirkdir. Yəni Allaha şərik qoşmaq olmaz. Çünki Allah ona şərik qoşmağı bağışlamaz. 

Dini ekspert Tural İrfan “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, dua məsələsi İslamdan sonra ortaya çıxıb: “Yəni əvvəllər mövcud olmayıb. Birmənalı şəkildə bunu qadağan edən bir qanun yoxdur ki, günah sayılsın. Duaya hətta cadugərlik kimi məsələləri də əlavə ediblər. Hər hansı bir işin hasil olması üçün insan Allahdan kömək istəyir. Buna uyğun İslamda dualar var. Hər kəs o duaları oxuya bilmir. Bu səbəbdən duaları oxuya bilməyən insanlar üçün yazıb verirdilər”.

Ekspertin fikrincə hər hansı bir diş, baş ağrısına, yaxud xəstəliyin dua ilə sağalması mümkün deyil: “İbn Sinanın “Qanun” əsəri var. Bu əsər bu gün də Avropada tibb universitetlərində böyük tibbi mənbə kimi istifadə olunur. Bu əsər tibbi olmaqla yanaşı, həm də tilsim və dualardan ibarətdir. İbn Sina böyük bir alim olub. İndi o, xürafatmı edirdi? Yox. Bu da birmənalıdır. Sonradan elm inkişaf etdikcə, təəssüf ki, həmin kitablardan yalnız elmə aid olan hissələri çıxarıblar. Dua elmi deyilən bir elm var. Həmin elmlə məşğul olan elm, ixtisas sahibləri Azərbaycanda yoxdur. Xarici və ərəb ölkələrində, eləcə də Türkiyədə bu cür insanlar, mütəxəssislər var. Azərbaycanda isə həmin o dua elmindən kortəbii istifadə edirlər. Hər hansı bir kitabdan dua götürüb yazırlar və onlar da baş tutmayanda, inam itir. Məhz İbn Sinanın əsərində o dualardan istifadə olunur. Məsələn, bir stəkan suyu insana şəfa niyyəti ilə içirəndə faydası olur. Çünki müəyyən ayələr var ki, onları oxuyanda həmin suyun tərkibi dəyişir, orada müsbət molekullar hərəkətə gəlir. Bu nöqteyi-nəzərdən duanın müsbət yönümü var. Amma bu mütəxəssis tərəfindən istifadə ediləndə nəsə yararlı ola bilər”.

Tural İrfan qeyd edib ki, ümumiyyətlə, dua Allaha çağırış etmək deməkdir: “Dua Allahı çağırmaq və ondan nəyisə istəməkdir. İstəməyin də növləri var. Təbii ki, yazılı istəmək formasında Allaha məktub göndərmək olmur. 

Şifahi istəyin alternativ bir yolu kimi dua yazmağı seçiblər. Peyğəmbərin Əbü Dücanə adlı səhabəsi yuxuda boğulduğunu və cinlər tərəfindən əziyyətə məruz qaldığını ona bildirib. Peyğəmbər məhz Əbü Dücanə adından olan bir dua yazdırıb və deyib ki, başının altında saxlasın. O şəxs də bir neçə gündən sonra həmin bu haldan xilas olub. Mən oxuduğum mənbələrdə yalnız buna rast gəlmişəm. Peyğəmbərin dövründə dua yazmaq o qədər də geniş vüsət almayıb. Bu sonrakı illərdə, orta əsr dövrlərində meydana gəlib. Çox təəssüf olsun ki, bu xürafi şəkildə artmağa başlayır”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений