Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dövlət qurumları suallardan niyə yayınır?



Jurnalistlər üçün dəqiq və operativ xəbər hazırlamaq önəmlidir. Ancaq xəbərin hazırlanması heç də həmişə jurnalistə asan başa gəlmir. Müəyyən maneələrlə bunun  qarşısı alınır. Hətta çox zaman bu maneələri dəf etmək üçün qanunvericiliyin media nümayəndələrinə vermiş olduğu hüquqa da məhəl qoyulmur. Son zamanlar KİV nümayəndələri informasiya əldə etməkdə dövlət qurumları tərəfindən çox sayda əngəllə qarşılaşırlar.  Məlumatı vermək borcunda olduğunun fərqinə varmayan dövlət qurumları öz səlahiyyətlərini aşaraq, qanundan kənar addımlardan da çəkinmirlər. Bu isə KİV nümayəndələri ilə dövlət qurumları arasındakı əməkdaşlığı və münasibəti pozmuş olur. 

Hər gün dövlət qurumlarından məlumat əldə etmək məsələsində çətinlik yaranır. Daha doğrusu bu çətinliyi qurumların özləri və informasiya sahəsinə cavabdeh qurumları yaradır. Bu çətinlik də ondan ibarətdir ki, qurumlar, idarələr, bələdiyyələr, icra hakimiyyətlərləri şifahi məlumat verməkdən boyun qaçırırlar və jurnalistlərin sorğularını yalnız yazılı formada qəbul edəcəklərini bildirirlər. Halbuki “İnformasiya əldə etmək haqqında” Qanunun III fəslinin 13-cü maddəsində bu məsələ açıq-aşkar göstərilir. Həmin maddənin 13.1. bəndində sorğuçu informasiya sorğusunu hansı üsullarla əldə etməsi yazılır. 13.1.1 bəndində isə açıq-aydən yazılıb ki, informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi şəkildə sorğuya cavab almaq olur. 

Dövlət qurumları isə bu maddənin 13.1.2-ci bəndinə (sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı) birinci bənddən xəbərsiz kimi işləyirlər. Bu isə sorğunun oxucuya çatdırılmasında əlavə problem yaradır. Oxucu informasiya ilə təmin olunmaqda, mətbuat orqanı isə informasiyanı gec çatdırmaqla problemlə qarşılaşır.  Çünki yazılı müraciət həftələrlə, bəzən isə aylarla ünvanında var- gəl edir, cavab isə  qarşı tərəfə istiqamətlənmir. 

Qeyd edək ki, dəfələrlə “Dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda konfranslar keçirilib. Bu mənada maarifləndirici bigilər verilsə də, dövlət qurumları ilə media arasında əməkdaşlıq heç də ürəkaçan deyil. Bəzən bir məlumatı almaq üçün günlərlə bir qurumun arxasınca düşürsən. Hadisə baş verən anda operativ məlumat əldə etmək mümkün olmur, yazılı sorğunu isə gözləmək vaxt aparır. Hadisədən sonra isə  qurum tərəfindən təqdim olunan sorğuya cavab isə aktuallığını itirir. Halbuki qanunda göstərilən müddətdə  həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

Bir daha xatırlatmaq yerinə düşər ki, kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və  sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə  və  təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli  şəxslərin fəaliyyəti barədə  operativ və  doğru dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə  və  təşkilatlar, ictimai birliklər, siyasi partiyalar, vəzifəli  şəxslər öz fəaliyyətləri haqqında məlumatı kütləvi informasiya vasitəsinin sorğusu  əsasında, habelə  mətbuat konfransları keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər. 
İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.

Yazılı sorğuya qanunvericlikdə müəyyənləşdirilmiş  qaydada və  müddətdə  baxılır. Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə  və  təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və  ya vəzifəli  şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə  uyğun şəkildə şikayət etmək hüququna malikdir.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений