Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Doğum gününü dəyişən Şəbnəm Tapdıq: "Süleyman Dəmirəl  boyumdan hündür gül çələngi göndərdi"



Bu gün müğənni Şəbnəm Tapdığın doğum günüdür. Sənətçiyə zəng vurub, həm doğum gününü təbrik etmək istədik, həm də özəl günündə kimlərdən təbrik mesajı və hədiyyə almağı ilə maraqlandıq.

Dəstəyin o başında təbriklərimizi səbrlə dinləyən Şəbnəm xanım, “Mən doğum tariximin vaxtını dəyişmişəm axı?!” - deyə cavab verdi.

Görünür, sənətçinin doğum tarixini bir gün önə çəkməyi, yəni yanvarın 18-nə salmağı, 20 Yanvar şəhidlərinə olan sayğısından irəli gəlib: 

-Mən ad günümü başqa vaxta keçirmişəm. Sənətçi üçün ən yaxşı iş yaradıcılığıdır. Yaradıcılığımda da yeni mahnılarım var. Hamısını yavaş-yavaş üzə çıxaracağam. Yaradıcı insan başını aşağı salıb, yalnız öz işi ilə məşğul olmalıdır. Öz sənəti ilə maraqlanmalı, başqa söhbətlərə isə qarışmamalıdır. Belə olan halda o, irəli gedə bilməz. Ümumiyyətlə, mənə elə gəlir ki, hər kəs özü işi ilə məşğul olsa daha yaxşı olardı. 

-Söylədiniz ki, hər bir kəs öz yerində olmalıdır. Bizim sənət aləmində öz yerində olmayanlar çoxdur?
-Siz sualınızla kənara çıxırsınız. Mən isə kənara çıxmıram, özümdən danışıram. Yeni mahnılarım var, təqdimat olacaq. Məndən danışırsınızsa, elə mənimlə də davam edək. Kənara çıxmayın.

-Yeni ildən nə gözləntiləriniz var?
-Hər bir insan ilin başlanğıcında təbii ki, yaxşı nələrsə gözləyir. Gərək işgüzar olasan ki, il də düşərli olsun. Mən 16 yaşından sənətdəyəm. Uzun illərdir... Bunu qorumaq-saxlamaq lazımdır. Yadımdadır ki, mənimlə eyni dövrdə çox adamlar səhnəyə çıxdı. Onların çoxu ailə qurdu, bu işdən uzaqlaşdı. Amma biz indi öz sənətimizi sevirik, ondan necə deyərlər, möhkəm yapışmışıq. 

-Məgər evliliklə müğənniliyi bir araya sığdırmaq mümkün deyil?
-Bax, siz yenə də kənara çıxırsınız. Mənim fikrimdən fikir yaradırsınız. Mən yenə də dedim ki, özümə cavabdehəm. Kim istəyirsə, sənətini davam etdirir. Bu hər kəsin şəxsi işidir. Bəzən elə olur ki, ömür-gün yoldaşı müğənninin sənətini sevir. Düşünürəm ki, bu hər kəsin özündən asılıdır. Mənə elçi düşünlərin hamısı deyirdi ki, oxuma.

-Yəni, siz sənətinizə qadağa qoymaq istəyənləri deyil, müğənniliyi seçmisiniz?
-Hətta, qadağa qoyulan müğənnilərə baxıram ki, maşallah, ailəsi də var, özləri də səhnədədir, oxuyurlar. O insanın özündən asılıdır. Kimi deyir oxu, digəri isə əksinə, “oxuma” deyir. Niyə məndən yaradıcılığımla bağlı soruşmursunuz? Niyə soruşmursunuz ki, ay Şəbnəm xanım, haralarda konsert vermisiniz? Hansı ölkələrdə solo konsertləriniz olub? Maraqlı suallar vermirsiniz. Söhbəti başqa yönə çəkirsiniz. Ailə, şou-biznes... Bu kimi suallara mən cavab verə bilmərəm axı?! Baxın, sizə deyim ki, mənim ən gözəl konsertlərimdən biri 1989-cu ildə olub. Onda çox gənc idim, 26 yaşım vardı. Həm də çox populyar idim. Türkiyənin Türk Ocaqlarında mənim çox gözəl solo konsertim oldu. Hətta, İlyas Tapdığın da mənimlə birgə çıxışı baş tutdu. Bizi gözəl qarşıladılar. Ora elə insanlar gəlmişdi. Namiq Kamal Zeybek, Recep Ercüment Konukman, İmren Aykut kimi siyasətçilər konsertimi dinləməyə gəlmişdi. Hətta mənə Türkiyənin o vaxtkı prezidenti Süleyman Dəmirəl tərəfindən böyük bir gül çələngi göndərilmişdi. Həmin gül çələngi mənim boyumdan hündür idi. O konsertimin proqramını, dəvətnamələrini, qəzetlərdə informasiyalarını hələ də saxlayıram. Filarmoniyada mənim dəfələrlə anşlaq konsertlərim keçirilib. Bunlardan danışmaq lazımdır. Nə qədər mən solo konsert oxumuşam. Solo konsert oxumaq üçün də gərək elə olsun ki, ad-soyad yazılanda camaaat gəlsin də... Blirsiniz, hər bir şeyin də bir qaynar vaxtı olur. Təzə-təzə çıxırsan, qaynar bir vaxt olur. İndi təsəvvür edin, indi 80-90 yaşında müğənni çıxıb səhnədə oxuya bilər? Bu mümkün deyil. Görürsünüz ki, ömürlər də yavaş-yavaş gödəlir. Sözümün canı ondadır ki, ən qaynar yaradıcılıq vaxtı 60-70-ə qədər gedə bilər. O baxır müğənninin özünə. Əgər o müğənni özünü yaxşı saxlayıbsa, cavan görünürsə, arıq qalırsa, necə deyim, özünə baxırsa, bu yaxşı cəhətdir. 

-Zənnimizcə, müğənninin yaşını yox, səsini soruşarlar.  
-Bəli. Soruşurlar ki, səsin yerindədir? Belə bir zarafat da var (Gülür). Müğənninin səsi yerindədirsə, istənilən vaxt oxuya bilmir. İstəmir, televiziyaya çıxmır, mahnılarını yazdırır, fonda ötürür. Bu özü də bir tarixdir. Hər adamda da o səs qalmır axı. Allahın verdiyi bir nemətdir ki, mənim səsim hələ yerindədir. Canlı da oxuyuram. Bir də görürsən, deyirlər ki, arxada ansambl yoxdur, amma əlində mikrofon var. Camaat da deyir ki, yəqin bu fonoqram oxuyur. Amma yox. mən studiyada, yuxarıda minusu qoydururam, “plyus”un üstünə oxuyuram. Bəs mikrofonsuz necə oxuyaram? Bəzən yanlış fikirlər də olur. Hərə başını aşağı salıb, öz işi ilə məşğul olsa daha yaxşı olar. O onu dalamasın, bu bunu dalamasın... Mən o tərbiyəni almamışam ki, adamlarla dalaşım. Qalmaqal eləyim. Belə şeylər mənim maraq dairəmdə deyil. Onu da əlavə edim ki, İlyas müəllimin (İlyas Tapdıq-red) işləri ilə də məşğulam. Övlad kimi onun il mərasimini keçirdim. Onun barəsində gözəl tədbirlər keçirildi. Unutmayın ki, İlyas Tapdıq Dünya uşaq ədəbiyyatının klassik nümayəndəsidir. Onun əsərləri dünya çapında dərc olunub. İlyas müəllim Rusiyanın Yazıçılar Birliyinin üzvü olub. Onun 200-dən çox ölkədə əsərləri çap olunurdu. Hazırda atamın arxivi ilə məşğulam. Onun biblioqrafiyasını toplayıram. Mənə atamla bağlı suallar verin, saatlarlarla danışım. Özüm haqqında da bir iki cümlə deyərəm.

Aytən 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений