Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dağlıq Qarabağda yenə «inqilab küləyi» əsir Bako Saakyan möhlət istəyir



Ermənistanda aprel ayında baş vermiş “məxməri inqilab”dan sonra Qarabağ klanını siyasi dayaqları sarsılmaqda davam edir.

Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan hakimiyyətdən imtina etməyə razılaşıb. Saakyan 2020-ci ildə Dağlıq Qarabağda keçiriləcək “prezident seçkiləri”ndə namizədliyini irəli sürməyəcəyini bəyan edib. Bununla da Bako Saakyan siyasi səhdən getməyə könüllü razılaşdığını bildirib. Lakin onun 2020-ci ili xüsusi vurğulaması səlahiyyət müddəti başa çatana qədər Ermənistanın baş naziri Nikol Paşinyandan möhlət istəməsi kimi də başa düşülə bilər. Qeyd edək ki, 2017-ci ildə Dağlıq Qarabağdakı erməni separatçıları uydurma referendum keçirib. Saxta konstitusiyaya görə, Dağlıq Qarabağ separatçılarının “prezident seçkiləri” 2020-ci ildə keçirlməlidir. Bununla da həmin vaxt Ermənistanda hakimiyyətdə olan Serj Sarkisyan Bako Saakyanın səlahiyyət müddətini 2020-ci ilə qədər uzatmağa nail oldu. Həmin vaxt Ermənistan KİV-ləri Serj Sarkisyanın 2020-ci ildə Bako Saakyanı yenidən rejimin başına gətirmək planlarından yazırdı.

Bu isə Bako Saakyana alternativ siyasi fiqurun olmaması ilə izah edilirdi. Ancaq Serj Sarkisyanın aprelin 23-də ”məxməri inqilab” yolu ilə devrilməsi Dağlıq Qarabağ erməniləri üzərində hərbi xunta yaratmış Bako Saakyanın da dayaqlarını laxlatdı. Nəticədə, inqilabi proses Dağlıq Qarabağa da sirayət etməyə başladı. May ayının sonunda Xankəndi şəhərinin minlərlə sakini qondarma rejimin güc strukturlarına rəhbərlik edən şəxslərin istefa verməsi tələbi ilə küçələrə çıxdı. Yalnız Nikol Paşinyanın müraciətindən və sakinlərlə aparılan danışıqlardan sonra aksiyaları dayandırmaq mümkün oldu. Buna baxmayaraq, Bako Saakyanın son açıqlaması Dağlıq Qarabağda rejim dəyişikliyi istiqamətində başlanmış prosesin hələ dayanmadığından xəbər verir. Qarabağ klanının mövqeləri sarsıldıqdan sonra Xankəndində siyasi atmosfer getdikcə gərginləşir. Yaranmış vəziyyətin onun xeyrinə olmadığını görən Bako Saakyan isə əyləşdiyi kürsünü ya könüllü tərk etmək məcburiyyətində qalıb.

Əks təqdirdə, ermənilər onu da Serj Sarkisyan kimi inqilab yolu ilə devirməli olacaq. Ancaq Saakyan “mən 2020-ci ildə namizədliyimi irəli sürməyəcəm”-deməklə hələlik ona toxunmasalar istefaya getməyə razı olduğuna dair mesaj verir. Lakin Ermənistanda və Dağlıq Qarabağda baş verən siyasi proseslər B.Saakyanın bundan sonra iki il də separatçı rejimə rəhbərlik edə biləcəyini şübhə altına alır. Birincisi, Qarabağ klanının mövqelərinin zəifləməsi Serj Sarkisyanın sədri olduğu Ermənistan Resublika Partiyasında kütləvi istefalarla müşahidə olunur. Parlamentdəki deputatlar və Qarabağ klanını maliyyələşdirən oliqarxlar istefa verərək Sarkisyandan, o cümlədən Bako Saakyandan uzaqlaşır. Bu da öz növbəsində, Ermənistanda qarşıdan gələn növbədənkənar parlament seçkilərində baş nazir Nikol Paşinyanın Qarabağ klanı üzərində qələbəsini təmin edəcək. Belə siyasi şəraitdə Serj Sarkisyana yaxınlığı ilə seçilən Bako Saakyanın hakimiyyətdə qalacağı inandırıcı görünmür. İkincisi, erməni diasporası faktiki olaraq, “məxməri inqilab” zamanı Qarabağ klanına dəstəyini dayandırdığını nümayiş etdirdi. Ücüncüsü, Ermənistanın getdikcə Qərblə yaxınlaşması və Rusiyadan uzaqlaşması Dağlıq Qarabağdakı separatçı rejimin də mövqelərinə mənfi təsir göstərir. Ona görə də yaxın aylarda Dağlıq Qarabağda Saakyan rejiminə qarşı kütləvi aksiyaların başlanacağı istisna deyil.

Bunun üçün N.Paşinyanın bir düyməyə basması kifayət edər. Qeyd edək ki, may ayının 23-də Ermənistan mətbuatı Dağlıq Qarabağ separatçılarının sabiq qondarma müdafiə naziri, hazırda həbsdə olan Samvel Babayanın “Məxməri inqilab” edərək Saakyanı devirəcəyini yazmışdı. Adı siyasi məhbuslar siyahısına salınan Samvel Babayanın işi yenidən baxılmaq üçün məkəməyə göndərilib. Əgər iyunun 15-də keçiriləcək prosesdə məhkəmə Samvel Babayana bəraət verərsə, o zaman vəziyyət Xankəndində yenidən qarışa bilər. Belə ki, Bako Saakyanla və Serj Sarkisyanla düşmən münasibətdə olan S.Babayan qisas almaq üçün Dağlıq Qarabağa yola düşə bilər. Görünür, inqilab küləyini hiss edən Saakyan özünü qorumaq üçün Paşinyandan 2020-ci ilə qədər möhlət istəyir. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений