Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Cümhuriyyət bayramı: 100 il əvvəl yüksələn bayraq 



Azərbaycan tarixində mühüm yer tutan Xalq Cümhuriyyətinin qurulmasından 100 il ötür. 1918-ci il ilin 28 mayında Şəqrdə ilk müstəqil demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti elan edilib. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə qeyd edir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, xalq cümhuriyyəti müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi istiqamətində mühüm addımlar atıb. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar hakimiyyəti devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayında Rusiya imperiyasının tərkibinə daxil olan Qafqaz xalqları da öz müstəqilliyini elan etdilər. 

Məmməd Əmin Rəsulzadə və silahdaşları tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Milli Şuranın ilk başçısı Məmməd Əmin Rəsulzadə olub. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Gəncədə Milli Şura öz işini dayandıraraq səlahiyyətlərini hökumətə verib.

Yalnız 1918-ci ilin sentyabrında Osmanlı dövlətinin dəstəyi ilə yaradılan Qafqaz İslam Ordusunun Bakını erməni-rus qüvvələrindən təmizləməsindən sonra milli hökumət Gəncədən Bakıya köçdü. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər əldə etdi. İlk dəfə qadınlara seçki hüququ tanıdı, müstəqil dövlətin pul vahidini, silahlı qüvvələrini yaratdı. Qısa zaman kəsiyində uğurlu diplomatiya ilə beynəlxalq əlaqələr quruldu, ölkənin müstəqilliyi tanındı. Qarabağda erməni separatçılarına qarşı uğurlu hərbi əməliyyatlar aparıldı, ölkənin ərazi bütövlüyü təmin edildi. Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti idi. Bu hadisə 1918-ci ilin iyunun 4-də baş vermişdi.

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Yüz il əvvəlki müstəqil Azərbaycanın taleyinə uzunömürlülük yazılmayıbmış. İlk cümhuriyyətimizin doğuluşu tarixin dolaşıq vaxtına düşmüşdü. 

Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı. 

Lakin 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində AXC süquta uğradı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu. 1920-ci ildə Azərbaycan işğal edildikdən sonra cümhuriyyətin qurucularının bir çoxu Avropa ölkələrinə və Türkiyəyə mühacirətə gedib.

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də “Amerikanın Səsi” radiosu vasitəsilə Azərbaycan xalqına müraciət edib.

Məhəmməd Əmin Rəsulzadənin “Amerikanın Səsi”nin arxivində qorunub saxlanan müraciətini olduğu kimi təqdim edirik: “Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşib və bu, irəli dünya demokratiyası tərəfindən də təqdirlə qarşılanırdı. Yüz ildən bəri üstümüzə çökən istibdad və istila həyulatı artıq bizdən uzaqlaşırdı. Heyhat, qədərin imtanları tamam deyilmiş. Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Azadlıq və istiqlalımız qızıl istilaçıların qanlı ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı.

Bundan bir ay əvvəl 28 apreldə sovet propaqandçıları bu fahiş istila hadisəsini sizə bir azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sözdə sizə dünyanın ən azad və ən demokrat bir rejimi kimi qələmə verilən sovet quruluşu işdə ən qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız, bunun nə dərəcədə doğru olduğunu gözünüzlə görərdiniz. Azadlığınızı əlinizdən alanlar qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər, çünki ağla qara meydana çıxar. Onlar şəbbərə kimidirlər, günəşdən qaçarlar.

Azərbaycan və onunla bərabər bütün Qafqasiya cümhuriyyətləri həqiqi azadlıq və istiqlallarına 1918-in mayısında qovuşdular. 1920-də isə bu azadlıq və istiqlal qızıl rus ordusu tərəfindən üstün qüvvətlərlə qanla və atəşlə basırıldı. Faciələr və qəhrəmanlarla dolu olan mücadilədə on minlərlə vətəndaş şəhid oldu. 1920 istilasına qarşı 1918 istiqlal haqqını müdafiə edən Qafqasiya millətləri indi 33 ildir ki, müxtəlif vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alınan bu mücadilədə vaxtılə yalançı kommunist şüarlarına aldanan yol azmış bəzi vətəndaşlar belə bu gün həqiqi millətçilər və vətənpərəstlər cəbhəsinə keçmişlərdir.

Yabançı istilaçı üzərinə əcnəbi məmləkətlərə sığınmış olan Qafqasiya emiqrantları milli istiqlal davasını mədəni dünya əfkari-ümumiyyətinə anlatmaqdadırlar. Bu vəzifəni ifada nə kimi müşküllərə uğradığımızdan burada bəhs etmənin yeri deyildir. Bu qədər demək lazımdır ki, sovetlərdə, kommunist rejiminə düşən millətlərin hər cürə haqq və hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halına gəldiyini azad dünyaya anlatmaq çox kolay olmamışdır. Şükür ki hadisələr bizə kömək edir. Dünya sovet həqiqətini görməyə başlayıb. Səkkiz ildən bəri hərbi bitirmiş ikən sülhə qovuşa bilməyən dünya artıq məsələni anlayır. Bilir ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər müəzzəm bir dövlət halında ayaqda durduqca və dünya inqilab atəşi ilə yandırmaq üçün kibrit çəkdikcə yer üzündə heç zaman sülh və asayiş qurula bilməyəcəkdir. Azadlıq cahanşümul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət vaqii qaldıqca dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz.

1918 mayısındakı tarixi qərarları ilə azadlıq sevən birləşmiş millətlər cəbhəsində yer alan Qafqasiya millətlərinin müqəddəratları azad millətlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanınsa bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin ölmüşdür. Amma onun ikiüzlü sistemi-stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikdə dünya həqiqətləri ilə daha çox qarşılaşmaqda, haqqla batil, yalanla doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, birləşmiş millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inliyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyin, əziz vətəndaşlar.

Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal eşqilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beytilə dilə gətirirəm: Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”
1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağılması nəticəsində, Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Məhəmməd Əmin bəyin 1918-ci ildə qaldırdığı üçrəngli bayraq bu gün dünyanın hər yerində yüksəlməkdədir.

Məcid Həsənli

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений