Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Çörək pulu" üçün yolu bağlayan sürücülər: DYP-yə haqq verir? - AÇIQLAMA



Paytaxtın Moskva prospektində, “Şamaxinka” adlanan ərazidə yol kənarında avtomobillərini saxlayıb müştəri yığan sürücülər günün müxtəlif saatlarında tıxac yaradır. Belə hallar daha çox axşam saat 18:00-20:00 aralığında qeydə alınır. Bu isə yoldan istifadə edən digər sakinlərin haqlı narazılığına səbəb olur. Bir müddət Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti (YPX) əməkdaşları sözügedən istiqamətdə hərəkəti tənzimləsə də, sonradan iş dayandırıldı. 

Gün ərzində saatlarla yolda qalan sürücülər və evinə tələsən sakinlər bu hala görə, həm də YPX əməkdaşlarından narazıdır. Onların sözlərinə görə, bu sürücülərin əməllərinə göz yumulandan sonra onlar avtomobillərini istədikləri formada saxlayıb tıxac yaradırlar: 

"Hər axşam eyni mənzərə ilə qarşılaşırıq. Rayona müştəri yığan taksilər burda olmasalar, əmin olun ki, bu qədər tıxac da olmaz, biz də ağır işdən sonra evimizə daha rahat çatarıq. Əvvəllər yaxşı idi, yol polisləri yolu tənzimləyirdilər. O zaman bu qədər tıxac yaranmırdı. İndi isə deyilənə görə, burada dayanan sürücülərinin hər birindən haqq alıb, onların ərazidə tıxac yaratmasına göz yumurlar". 

Eyni haldan şikayət edən digər sürücü maraqlı təkliflə çıxış edib: 

"Taksi sürücülərini də anlamaq olar. Onlar da evinə çörək pulu aparmaq üçün gəlib bu istidə burada dayanır. Amma məsələyə əncam çəkilməlidir. Bunun üçün onlara burada yox, başqa bir ərazidə yer ayrılsa, həm onlar üçün yaxşı olar, həm də tıxaclardan qurtulmuş olarıq".

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirdi ki, Dövlət Yol Polisi əməkdaşları ilə mütəmadi təsirli işlər görülür və izah edilib ki, sözügedən ərazi Bakının şimal qapısıdır. Ona görə də,  "Şamaxinka" kimi adlanan ərazidə 2016-cı ilin may ayından etibarən Dövlət Yol Polisi əməkdaşlarının 12 saat xidmət aparması təmin edilib: 

"Son bir neçə müddət ərzində ərazidə çörək pulu qazanmaq adı ilə dayanma-durma qaydalarını pozan, kobud hərəkət qayda pozğunluğu haqlı olaraq narazılıq yaradır. Bu sahədəki problemi hesab edirəm ki, təkcə Dövlət Yol Polisi əməkdaşları deyil, eləcə də hər bir hərəkət iştirakçısı, bütövlükdə cəmiyyət özü səmimiyyət yaratmaqla və polislərə kömək ilə aradan qaldırmaq lazımdır. Polis olmadan biz hələ də öz hərəkətimizi tənzimləyə bilmirik. Təbii ki, çörək pulu qazanma adı ilə dayanma-durma qaydalarını pozmaq və müştəri daşımaq, bir çox insanları narazı salır, narahat edir. Haqlı olaraq Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyətinə kölgə salır". 

Vaqif Əsədov adıçəkilən ərazidə taksi xidməti göstərən sürücülərin YPX əməkdaşlarına haqq verməsi ilə bağlı iddialara da aydınlıq gətirdi: 

"Yol polislərinin üzərində diktafon, yəni səsyazma qurğusu var. Eyni zamanda, Yol Polisi Xidmətinin əməkdaşlarının bütün hərəkəti həmin ərazidə olan kameralar vasitəsi ilə izlənilir. Birmənalı olaraq, bu və ya buna bənzər hallar baş verə bilməz. Polis vətəndaş münasibətlərinin tənzimlənməsi ilə bağlı rəhbərliyimiz tərəfindən çox ciddi nəzarət var. Kim olursa olsun, hər hansı bir xidmətdə yalnışlığa yol verirsə, təbii ki, dərhal cəzalandırılır. Ona görə də, sizin vasitənizlə vətəndaşlara bildirirəm ki, bu xoşagəlməz məlumatları yaymaq yol polislərinin fəaliyyətinə kölgə salmaq istəyidir". 

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений