Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Büdcə vəsaitini bu dəfə də “qarmoşkalı” avtobuslar aparacaq



Yeni ilin əvvəlindən paytaxt Bakıya “qarmoşkalı” avtobuslar gətirilir. Gətiriləcək 350 yeni avtobuslar daxili sərnişindaşıma üçün nəzərdə tutulur. Məlumat üçün deyək ki, onlardan 20-nin uzunluğu 18 metr olacaq. Qurum rəsmiləri "qarmoşkalı" avtobusların sərnişindaşıma üçün əlverişli olacağını düşünürlər. Amma bu heç də belə deyil. Ekspertlər hesab edir ki, Bakının küçələri buna əlverişli deyil. Bakının hazırkı küçələri iritutumlu avtobusların hərəkəti üçün uyğun sayılmır. 
 
Son vaxtlar müxtəlif tip tikililərin artdığını, yeni yol infrastrukturunun yaradıldığını nəzərə alsaq, həmin iritutumlu nəqliyyat vasitələrinin Bakının dar küçələrində hərəkəti anlaşılan deyil. Elə döngələr və küçələr var ki, ora belə avtobusların girişi belə mümkün deyil. Məsələn, Zərgərpalan, Bakıxanov küçələri, Tbilisi prospekti, 20 yanvar dairəsində bu avtobusların hərəkəti əlverişli deyil. Bütün bunlar yollarda nəqliyyatın hərəkətinə mane ola və tıxacları artıra bilər. 
 
Vəsaiti göyə sovurmağın növbəti oyunu...
 
Ekspertlərin fikrincə, bu sadəcə, dövlətin vəsaitlərini göyə sovurmaq xarakteri daşıyır. Çünki aidiyyatı qurumlar özləri də yaxşı bilirlər ki, belə avtobusların Bakı küçələrində rahat hərəkəti mümkün deyil. Buna əmin olandan sonra isə məcburiyyətdən həmin avtobuslar xətdən çıxarılacaq.
 
Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, Bakının yolları 18 metrlik avtobusların istifadəsi üçün münasibdir, uyğundur. Bizim küçələrdə tıxac yaradan amillər başqadır:
 
“Təkcə bir saat şəhərdə tıxac olur adətən, müşahidə aparsanız, tıxacın, nəqliyyat vasitələrinin hərəkətinə maneələr yaradan səbəblərin nə olduğunu görərsiniz. İkincisi, bildirmək istəyirəm ki, BNA paytaxtın nəqliyyat sistemi ilə bağlı hər hansı bir yenilik edildiyi zaman mütləq qaydada zəruri olan amilləri, o cümlədən, şəhərsalmanın tələblərini mütləq şəkildə nəzərə alır”.
 
Sözügedən iritutumlu avtobusların hərəkəti üçün ərazinin seçilməsi məsələsinə gəlincə, qurum rəsmisi bunu istisna etməyib: “Niyə düşünürsüz ki, o iri avtobus dar küçələrə salınacaq. Hələ bir gətirilsin, ondan sonra baxılacaq. Sizin dediyiniz məqamlar əlbəttə ki, bizim mütəxəssislər tərəfindən də nəzərə alınır. Marşrut xətlərinin dəyişdirilməsi, uzadılması və ya açılması kimi bir çox məqamlar, o cümlədən, şəhərsalmanın tələbləri mütləq şəkildə nəzərə alınır. Bu məsələlər nəzərə alınmadan bu gün BNA heç bir layihə, heç bir təklif hazırlayıb irəli sürmür. Bizim yol hərəkətinin təşkili ilə bağlı gördüyümüz və nəzərdə tutduğumuz bütün layihələrdə sərnişinlərin, piyadaların, sürücülərin, bir sözlə, hər kəsin, xüsusilə də fiziki imkanları məhdud şəxslərin maraqları nəzərə alınır. Yəni narahatlığa əsas yoxdur”. 
 
Küçələrimizə yaramayan “qarmoşkalı” avtobuslar...
 
Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, iritutumlu avtobusların Bakıda hərəkəti yalnız xüsusi qaydalarla tənzimlənməlidir: “Marşrut xətləri müəyyən edilərkən bu avtobusların hansı xətlər üzrə hərəkət etməsi diqqət mərkəzində olmalıdır. Darısqal küçələrdən keçən yollarda o cür avtobuslar hərəkət etmiş olsa, bu doğrudan da problem yarada bilər. Ümumilikdə şəhərin elə nöqtələri də var ki, ora marşrut xətləri girsə də, sıxlıq yaranmır. Sovet dövründən fərqli olaraq hazırda avtomobillərin sayı 3-4 dəfə artıb. İstanbul kimi sıxlıq olan şəhərlərdə ictimai nəqliyyatın bir neçə növü fəaliyət göstərir.
 
Bu məsələdə isə əsas məqsəd sərnişinlərin yolda qalmamsıdır. Şəhərin elə nöqtələri var ki, iritutumlu avtobuslar orada ciddi problemlər yaradacaq. Amma bu məsələdə sürücü peşəkarlığı da böyük rol oynayır. Mikroavtobus sürücüsü gəlib birdən-birə “qarmoşkalı” avtobus sürsə, problemlər yaradacaq. Yeri gəlmişkən son günlər “Bakubus” sürücüləri ilə bağlı da şikayətlər, narazılıqlar eşitməyə başlamışıq. “Bakubus” rəhbərliyi sürücüləri cəzalandırıb. Orada sürücü kontingenti azalıb və bu gün qurum “D” kateqoriyası üzrə sürücüləri işə dəvət edir. Bildiyim qədər orada nəzarət ciddidir, ən xırda səhvlər belə bağışlanmır. Ona görə də yeni avtobuslar gəlməmişdən əvvəl onları idarə edəcək təmkinli, sərnişinlərlə normal ünsiyyət qura bilən, onlarla kobud davranmayan peşəkar sürücülər də hazırlamaq lazımdır”.
 
“Nostalji”, yoxsa problem?
 
Ekspertin fikrincə “qarmoşkalı” avtobuslar Bakı sakinlərində bir “nostalji” hisslər yaradacaq: “Şəxsən o avtobusları görmək mənim özümə də maraqlıdır. Biz nəqliyyatın intellektual idarəetməsindən danışırıq. Amma burada intellekt yoxdur. Harda görünüb ki, avtobus pik saatlarda da, adi vaxtlarda da eyni intervalla işləsin? Boş vaxtlarda intervalı 1-2 dəqiqə dəyişdirmək olar. Məsələn, pik satlarda Bakının elə ərazisi var ki, ora heç avtobusun getməsinə ehtiyac yoxdur. Yəni marşrut xətti yarım saatdan bir işləsə, olar. Amma elə ərazilər də var ki, insanlar saat 18:00-da işdən çıxır, evə isə 21:00-də çatır. Zənnimcə, iritutumlu avtobusları o yollarda istifadə etmək daha yaxşı olar. Əslində Bakı kəndlərinə bu avtobusları tətbiq eləmək daha doğru olar. Məsələn, Beynəlxalq Avtovağzal yolunda “ qarmoşkalı” avtobus nəyə problem yarada bilər ki? 8-7, bəzi yerlərdə 6 zolaqlı yoldur. Zərgərpalan küçəsinə nəinki o, hətta ən kiçiktutumlu avtobus belə girə bilməz. Əsas məsələ əraziləri seçməkdir”.
 
Elməddin Muradlının qənaətinə görə şirkətlər yeni iritutumlu avtobusların ətraf qəsəbələrə buraxılmasına razılıq vermirlər: “Oranın yolları bərbad olduğundan avtobusun sıradan çıxmasını istəmirlər. İlk növbədə yol məsələsini həll etmək lazımdır. Məsələn, mən də şirkət rəhbəri olsam, istəmərəm milyonlarla vəsait xərclədiyim əmlakıma sınıq-sökük, yararsız, dar, keçilməz, daşlı-qayalı yollarda ziyan dəysin. Əvvəlcə, yollar asfaltlanmalıdır. Amma rahat yollara imkan varmı? Əslində mütəxəssislər bu məsələni işləyib hazırlayıb şirkət rəhbərinə müəyyən məsləhətlər verməldirlər”.
 
Alçina Amilqızı
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений