Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Bu gün Hüseyn Cavidin doğum günüdür



Görkəmli şair, dramaturq Hüseyn Cavidin doğum günüdür.

Cebhe.info-nun məlumatına görə, Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci ildə Naxçıvanda ruhani ailəsində anadan olub. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbdə alıb. 1899-1903-cü illərdə Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib, Naxçıvanda, sonra Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

H.Cavidin "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub. Amma Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun tarixi dramları olan "Peyğəmbər" və "Topal Teymur"dan sonra yazdığı "Səyavuş", "Xəyyam" əsərləri müəllifin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş yaradıb.Sənətkar totalitarizmin dəhşətli dövründə sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməyərək rəhbər şəxsləri mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə də Sibir buzlaqlarına, Maqadana sürgün edilib və 1941-ci il dekabrın 5-də də İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olub.

Hüseyn Cavidin 100 illik yubileyi ərəfəsində sənətkarın nəşi İrkutsk vilayətindən Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilib, qəbri üstündə məqbərə ucaldılıb.

Cebhe.info H. Cavidin əsərlərindən bir parçanı oxuculara təqdim edir:

Nə əcayib sürü, yahu, bunlar, 
Öndə rəhbərlik edər meymunlar. 
Cühəla elm, fəzilət satıyor,
Bizi həp aldadıyor, aldadıyor.
Kəndi əxlaqi sönükkən həpsi 
Yeltənir verməyə əxlaq dərsi. 
Sadə minbərdə deyil, hər yerdə 
Göz boyar həp bu qaranlıq pərdə.
Hankı bir sərxoşu söylətdim, inan,
Bəhs edər, gördüm o, huşyarlıqdan. 
Nerdə beş kölgə görür ördəklər 
Başlayıb nitqə həmən saz köklər.
Rəqsi təlim ediyor axsaqlar, 
Əzəmət düşkünüdür alçaqlar. 
Zövqə biganə səfillər bol-bol 
Şerü sənətdə arar bir yeni yol.
Sadədil, hissə uyan abdallar, 
Həp siyasi kəsilib at nallar. 
Bir yığın kor qılavuzluq yaparaq 
Göstərir zülməti aydın, parlaq.
Hər gülər üzdə ölüm, qan görürəm, 
Pək yaxın dostları düşman görürəm. 
Yurdu sarmış qabalıq, yaltaqlıq, 
Yüksəliş varsa, səbəb alçaqlıq...

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений