Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bir tərəfdə restoran, bir tərəfdə müğənni: Birləşib cibimizi soyurlar 



Son zamanlar yas mərasimlərində dəbdəbəyə, təmtərağa son qoyulması cəmiyyətdə razılıqla qarşılanıb. Naxçıvan Muxtar Respublikasında başlanmış “ehsan islahatları”na digər rayonlar da qoşulub. Yasla bərabər toy mərasimlərinin tənzimlənməsi də günün zərurətinə çevrilib.Çünki Azərbaycanda toy mədəniyyəti ifrat mədəniyyətsizlik həddinə çatıb desək, yanılmarıq.Bu sahədə artıq neçə illərdir həyacan təbili çalınsa da, bir tədbir görülmür.Sözün həqiqi mənasında insanlara "toy tutan" toylarımız artıq böyük bir sosial bəlaya, cəmiyyətimizin, millətimizin yaralı yerinə çevrilib.Mətbuatda, hətta Milli Məclisdə dəfələrlə müasir toylarımız haqqında danışılıb.Ancaq nə faydası, toylar düzəlmək əvəzinə, daha da bayağılaşır, yersiz rəqabət, israfçılıq meydanına çevrilir.

Gəlin, etiraf edək ki, vaxtilə Azərbaycan mədəniyyətinin, estetikasının bir hissəsi hesab olunan toylarımız bu gün anlaşılmaz bir forma alıb.Məsələ təkcə şadlıq sarayında bir neçə saat cərəyan edən hoppanıb-düşməkdə deyil. Bunun elçiliyi, "həri"si, nişanı, xınayaxdısı, qız evinə alınacaq qızıllar, qız evinin aldığı cehizlər var. Bizdə çoxları toyu övladına nişan, toy etmək üçün qonşudan dala qalmasın, el tənəsinə, qohum qınağına tuş gəlməsin deyə boğaza qədər borca girməli olur. Yəni bir gözü gülür, bir gözü ağlayır.Toyun əsl mahiyyəti isə unudulur. Yəni hər iki ailə özləri-özlərinə elə "toy" tuturlar ki, əziyyətini, xərcini illərlə banklara ödəməli olurlar... 

Ən ciddi problem isə son illər şadlıq evlərində qiymətlərin hədsiz artması, bunun nəticəsində həm toy yiyəsinin, həm də elə çağırılan qonaqların mədəni şəkildə soyulmasıdır. Elə bir vəziyyət yaranıb ki, insanlar artıq toya çağırılmağa az qala faciə kimi yanaşmağa başlayıblar. Bu gün Bakıda ən ucuz restoranın qiyməti 35 manatdan başlayıb 150-300 manatadək artır.İndi orta səviyyəli ailəni ayda heç olmasa bir toya dəvət etdikdə, aylıq maaşının yarısını həmin toya salır. Vay o gündən ki, ay ərzində 2-3 toya birdən dəvətnamə gəlsin...

Bəli, doğrudan da bu gün Azərbaycanda toy - şənlik olmaqdan çıxıb, restoran, kafe estetikasına enib, salat, bahalı içki, kabab yarışmasına çevrilib.İndiyədək olduğunuz toyları xatırlayın.Bizimlə razılaşacaqsınız ki, onların heç birində musiqi və rəqs mədəniyyəti gözə dəymir.Hamı topa şəkıldə rəqsə qalxır, bir-birinin ayağını basa-basa ortalıqda atılıb-düşür.Süfrəyə gələn yemək və içkiləri acgözlüklə gözlərinə təpir.

Musiqiçilərin toyda ifrat dərəcədə soyğunçuluq etməsi də başqa bir aləmdir.Hətta ötən gün bəzi müğənnilərin yeni toy qonorarları da məlum oldu. Əməkdar artist Abbas Bağırovun toy qonorarı 16 min, Elton Hüseynəliyev 13 min, əməkdar artist Röya Ayxan yarım saata 6 -8 min arası, xalq artisti Zülfiyyə Xanbabayeva 6 min, Sevda Yəhyayeva yarım saatı 3 min, Günay İbrahimli 3-4 min manata oxuyur. Qiymətlərdən də göründüyü kimi, burada baiskar toy sahibidir.Müğənnilər var ki, çox tələbolunan hesab edildiyi üçün yüksək qonorara getdiyi toyda fonoqram oxuyaraq, məcilisi "yola verir". Sanki hansısa bir şou müğənnisi gəlib fonoqramla iki mahnı oxumasa toy maraqsız keçəcək... 

Yeməklərə gəlincə, düşünürük ki, əgər şadlıq evi çəkdiyi xərcə adekvat gəlir götürsəydi, onun üçün menyunun nə böyüklükdə olmasının elə də fərqi olmazdı.Deməli, menyunu şişirtməklə şadlıq evləri toy sahiblərini və eləcə də toyda iştirak edənləri soymaq məqsədi güdürlər.Hansı ki, bu menyuya daxil edilən yeməklərin bir çoxu köhnə, bir gün əvvəlki toydan qalan olur.Ancaq heç nəyə baxmadan yeməyə köklənmiş toy iştirakçılarının məhsulların keyfiyyətinə o qədər də ciddi fikir verməməsi sonda toylarda faciələrə səbəb olur.Ötən dövr ərzində toylarda çoxsaylı zəhərlənmə hallarının baş verməsi və də bunun nəticəsidir. Bunun kökündə iki amil dayanır: birincisi, istehlakçıların öz hüquqlarını bilməməsi və ya bilib də onlara barmaqarası münasibət bəsləməsi, ikincisi isə xidmət göstərənin (konkret halda "şadlıq evi"nin) qanunlarla üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsi. Məhz bunların məntiqi nəticəsidir ki, çağdaş Azərbaycanda xidmət göstərən ("şadlıq evi") istehlakçı (mərasim quran) ilə xidmətin göstərilməsi barədə müqavilə bağlamır.Amma "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə; "…istehsalçı və ya icraçı istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün müqavilə bağlamağa borcludur".Müqavilənin bağlanmaması isə məsələn, istənilən sayda "mərasim"i (toyu, ad gününü və s.) rəsmi qeydiyyatdan (mühasibat uçotundan, statistik hesabatdan və vergi ödəmələrindən) yayındırmağa geniş imkan yaradır.

Təəssüf ki, təcrübədə bu məqama diqqət yetirən olmur.Müvafiq dövlət qurumlarının isə (İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və sair-red) isə bu istiqamətdə konkret fəaliyyəti müşahidə olunmur.Toy mərsimlərinin keçirilməsi ilə bağlı da müəyyən standartlar qəbul edilməli və buna ciddi nəzarət olunmalıdır.Xüsusən də, şadlıq evlərinin müştərilərə öz şərtlərini diktə etməsinin qarşısı alınmalı, toy sahiblərilə müqavilələrin bağlanması təmin edilməli, menyular ciddi şəkildə ixisar olunmalıdır.

Tanınmış jurnalist, uzun illərin məclis aparıcısı Süleyman Qaradağlı Cebhe.info-ya açıqlamasında deyir ki, müasir və dəbdəbəli toylar əhalinin imkansız və sosial vəziyyəti ağır olan təbəqəsinin durumuna uyğun deyil:

“Bunun birinci günahı toy sahiblərindədir, toyu edən də, sifarişçi də odur. Şadlıq sarayları isə icraçı rolunda çıxış edir.Axı biz nə vaxt başa düşəcəyik ki, yeni qurulan ailənin xoşbəxtliyi toyun hansı dəbdəbə ilə keçirilməsindən qətiyyən asılı deyil?!Artıq neçə illərdir ki, toylar indiki ssenari ilə davam edir.Xırda istisnaları nəzərə almasaq, nə onun gedişində, nə onun menyusunda ciddi dəyişiklər yoxdur. Hərçənd ki, son illər onun ssenarisinə yenilik gətirmək meyilləri də var. Məsələn, bəy-gəlinin məxsusi olaraq toy günü üçün hazırlanan rəqsi, rəqs qrupunun dəvəti, bəy-gəlinin həyatının bəzi məqamlarını əks etdirən klip və slayd-şou nümayişi, xınayaxdı mərasimi, toydan sonra atəşfəşanlıq... 
 

Lakin bunların heç biri umumi mənzərəni dəyişə bilmir.Yenə deyirəm, söhbət ondan getməməlidir ki, filan şadlıq sarayında bir stolun qiyməti filan qədərdir.Məgər qiymətin bahalığı öyünüləsi faktdırmı?Menyunun bahalığı nəyi həll edir?Yaxud şadlıq sarayının divarlarının qızıl suyuna çəkilməsi nəyin göstəricisidir? Pis çıxmasın, yerinə düşməsə də deyəcəyəm: dünyanın ən bahalı maşınlarını dünyanın ən ucuz adamları sürür. Hər birimiz bər-bəzəkli və zınqırovlu saraylarda qurulan varlı-hallı ailələrin izdivacı o qədər də uzun olmayan nakam taleli övladlar tanıyırıq.Yaxud elələri də var ki, ən kasıb və dəbdəbədən uzaq şəkildə toy ediblər, amma indi onların çox nümunəvi və xoşbəxt ailələri var. Bəzən bizim faciələrimiz bu bəhsabəhsdən, camaatla ayaqlaşmaqdan başlayır”.

Sonda düşünürük ki, Azərbaycanın əvvəlki toy mədəniyyəti mütləq şəkildə bərba edilməlidir.

Aytən Həsənova

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений