Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bir seriala sözardı: Yaradıcılıqda “xaltura” yolverilməzdir 



Bütün növ yaradıcılıq nümunələrinə fərqinə varmadan ironik yanaşma, bəyənməmə prinsipi son illər bizdə az qala kütləvi hal alıb. Ortaya nə qoyulursa – film, klip, kitab və s. – tənqid atəşinə tutulur.

Təbii ki, peşəkar tənqid hər zaman ümumi işin xeyrinədir. Lakin ağına-bozuna baxmadan aşağılayıcı yanaşma yaradıcı adamları həvəsdən salır, ortaya layiqli məhsul qoymağa imkan vermir. Bu baxımdan, hansısa məhsula fikir bildirərkən düşünürəm ki, diqqətli olmalıyıq. Fikrinizi Azərbaycanda ən geridə qalan sahələrdən biri olan kino sənayesinə yönəltmək istərdim. Fərdi münasibətim budur ki, indiki çətin dövrdə, maliyyənin az olduğu bir məqamda əlinə kamera alıb yaradıcı heyəti bir araya gətirmək, ekran əsəri yaratmaq fədakarlıqdır. Amma bir tamaşaçı kimi baxanda görürsən ki, əslində daha yaxşı bir əsər yaratmaq olardı. 

Günümüzdə nümayiş etdirilən saysız-hesabsız seriallar, kinokomediyalar göstərir ki, burada yaradıcılıqdan daha çox kassaya hesablanmış amillər var. Bu səbəbdən də insanlarımız az qala bu filmlərə, xüsusən də seriallara baxmırlar. Başa düşürəm, dünyanın hər yerində serial yaradıcılığı ilkin başlanğıcda primitiv özfəaliyyət formasında təzahür edir. Primitiv ssenarilər, zəif oyunlar, qüsurlu çəkilişlər olsa da, zaman-zaman onlarla serialdan seçim etməklə ortaya sanballı bir nümunə qoyurlar. Bizdə isə hələ o mərhələ başlamayıb. Bu səbəbdən bu vaxta qədər baxdığım milli seriallarımızın böyük əksəriyyətini sona qədər izləmək səbrim olmayıb.

Lakin bu yaxınlarda köhnə dostum, tanınmış aktyor Müdhət Aydın mənə bildirdi ki, “Keçmişin izində” adlı yeni serial çəkilişlərinə başlayıblar: “Bax gör, serial necə olur, fikrini də yaz”, – dedi. Biləndə ki, kino ulduzumuz Rasim Balayev də filmdə yer alıb, marağım daha da artdı. Başladım internetdən izləməyə. İlk öncə bildirim ki, cəmi 4 seriyası nümayiş etdirilən film peşəkar səviyyədə çəkilib. Çox maraqlı süjet xətti, motivi, musiqisi var, ssenari dünya səviyyəsindədir. Hətta deyərdim ki, Türkiyə kinematoqrafçıranın ekranlaşdırdığı "İçəridə" serialı qədər möhtəşəmdir. Amma...

Bu cür möhtəşəm ekran əsərində aktyorlar yerində deyil, sanki sənətdən anlayışı olmayanlar çəkilib. Boy-buxunlu və gözəl olmaq hələ güclü aktyor olmağa dəılalət etmir axı. Hiss olunur ki, əksər oyunçular tanışlıq, ucuz qonorar və ya "zənglə" seçiliblər, xüsusən də aktrisalar. Səs yerində deyil, yaşamaq əvəzinə oynayırlar, hiss və duyğular tamamilə yanlışdır. Bu da Rasim Balayev, Şahin Nəsirov, Ruslan Nəsirli, Şirzad Pirallahı, Vüqar Məmmədəliyev kimi güclü aktyorların oyununa kölgə salır. 

Aktyor sənətində hətta dahi sənətkar olsan da, portnyorunun zəif oyunu səni də zəif göstərir. Rasim Balayev kimi ulduz tək olduğu kadrlarda göstərdiyi məharəti dialoqlarda ortaya qoya bilmir. Baş rolun ifaçısı Müdhət Aydın qəddar mafiya başçısı obrazını canlandırır. Lakin onun ifası, səsinin mülayimliyi, xoş baxışı, çöhrəsindəki qaçılmaz təbəssümü tamaşaçıya daha çox müdrik ata, xeyirxah kişi təsiri bağışlayır. Hətta öz tərəfdarları ilə mübahisə zəminində qışqırması belə inandırıcı görünmür. Hələlik görünən iki aktrisa isə ümumiyyətlə, danışıqları, baxışları, səsləri ilə baxanları filmin mənasından ayırırlar. Zərrəcə təbiilik yoxdur. Sanki həyəcanla “mən də seriala çəkilirəm” və ya “çox gözələm” qənaəti ilə kameraların önünə çıxıblar. Ya da vərəqdə yazılanları tez-tələsik əzbərləyib söyləyirlər. Ümumiyyətlə, əksər seriallarımızda olduğu kimi burada da aktyorların əsas bəlası nəzərə çarpır: sözü özününküləşdirməmək.

Filmdə məntiqsiz və inandırıcı olmayan detallar da var. Məsələn, bütün gənclərin belində tapança var, küçədə atışmalar olur və s. Azərbaycanda belə hal olmur axı. Yaxud da mafiya başçısı görüşə gəlir və 8 bahalı maşın onu müşayiət edir. Öz aramızdır, bizdə heç naziri də bu qədər maşın müşayiət etmir. Bura Türkiyə deyil, nəfəsə belə nəzarət olunan Azərbaycandır.

Sonda bildirim ki, yaradıcılıqda “xaltura” yolverilməzdir, hər şey həvəslə, sevgi ilə, təbii formada ortaya qoyulmalıdır. Əks halda tamaşaçı sayının artacağını gözləməyə dəyməz. Bu məqaləni də hay-küy üçün deyil, nəticə çıxarılsın deyə yazdım.

Yaxın və çoxillik dostlarım olan “Keçmişin izində” serialının bütün yaradıcı heyətinə uğurlar arzulayıram!

Səbuhi Rəhimli








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений