Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Bir səfərin gözləntisi: Kreml türkmənləri “çökdürür”



Rusiya prezidenti Vladimir Putin Türkmənistana səfərə hazırlaşır. Səfərin məqsədi iki ölkə münasibətlərinin mühüm məcraya yönələcəyindən xəbər verir. Hətta son aylar iki ölkə arasında yaranan gərginliyin azalacağı bildirilir. Nəzərə alsaq ki, son vaxtlar Türkmənistanda durum heç də ürəkaçan deyil. Ölkədə bahalıq, ehtiyat valyuta qıtlığı yaşanır. Bundan əlavə Rusiya Türkmənistanla qaz razılaşmasını pozub. Məhz bundan sonra iki ölkə arasındakı münasibətlər gərginləşib. “Qazprom” artıq türkmən qazından tam imtina edərək, bunu özbək qazı ilə əvəz edib. Bu baxımdan Rusiya prezidentinin Türkmənistana səfər nəticələrinin gözləntiləri maraq doğurur. Politoloqların şərhinə görə Türkmənistan bu məsələdə neytrallığını qoruyub saxlamaq istəyir.

Hətta Rusiyanın müəyyən təzyiqi və asılılığı belə bu məsələdə rol oynaya bilər. Digər tərəfdən, Türkmənistan münasibətləri gərginləşən Rusiya ilə necə davranacağını da yaxşı bilir. Hələlik səfər sonrası vəziyyətin nəticələri məlum olmasa da, Rusiya-Türkmənistan gərginliyinin aradan qaldırılacağı istisna olunmur.

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında sözügedən səfərdən sonra Türkmənistanın tamamilə Rusiyadan asılı vəziyyətə düşəcəyi ilə bağlı fikri doğru hesab etmir:

“Çünki Türkmənistan üçün xeyli alternativlər var. Məlumdur ki, bu gün regionda Türkiyə-Azərbaycan-Türkmənistan üçlük formatı fəaliyyət göstərir və gələcəkdə Türkmənistanın enerji daşıyıcılarının Xəzər üzərindən Avropaya çıxarılması diqqət mərkəzindədir. O müzakirə obyekti olaraq bu gün də region dövlətlərin, Türkmənistanın, həm də Avropanın maraq dairəsindədir. Türkmənistan enerji daşıyıcılarının böyük bir hissəsini bu gün Asiya ölkələrinə, xüsusilə də Çinə və digər ölkələrə satır. Bu yöndə çox ciddi perspektivlər də mövcuddur.  Putinin bu səfəri təbii ki, Orta Asiyanın çox əhəmiyyətli ölkəsi olan Türkmənistanla münasibətləri yenidən müsbət məcraya qoymaq və eyni zamanda mümkün olarsa, enerji daşıyıcılarına müəyyən mənada əvvəlki nəzarəti təmin etməkdən ibarətdir. Buna nə qədər nail olacağını bəri-başdan demək çətindir. Ancaq hesab edirəm ki, Türkmənistan rəhbərliyi də qonşu Rusiya ilə münasibətlərini pozmaq istəməyəcək. Əgər qarşılıqlı maraq və normal qiymətlərlə razılaşma olacaqsa, yenidən enerji daşıyıcılar, həm neft, həm də qaz Rusiya üzərindən digər ölkələrə satıla bilər. Bu baxımdan Putinin Türkmənistana olan səfərini bir qələbə səfəri kimi dəyərləndirməzdim. Sadəcə bunu Rusiyanın Türkmənistan kimi çox əhəmiyyətli bir ölkə ilə münasibətlərin tənzimlənməsi yönündə növbəti bir addımı, cəhdi kimi dəyərləndirərdim. Düşünürəm ki, bu səfərdən sonra Türkmənistanla Rusiya arasındakı gərgin münasibətlər ən azından müsbət məcraya yönələcək”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений