Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bəşər Əsəd üçün Afrin dalanı



SədrəddinSoltan: “Rusiyanın məqsədi Əsəd, PYD və Türkiyəni bir araya gətirməkdir”

Suriya hökuməti Afrinin mərkəzinə silahlı qüvvə yeritmək barədə qərarını dəyişib. Daha doğrusu, öncə Bəşər Əsəd rejiminə tabe olan ordu hissələrinin kürd yaraqlılarına yardım məqsədilə Afrinin mərkəzinə daxil olacağı xəbəri yayıldı. Bu məlumat bölgədə hərbi əməliyyat aparan Türkiyə tərəfindən ciddi narahatlıqla qarşılandı. Lakin sonra Əsəd hakimiyyəti ilə kürd terrorçuları arasında arasında anlaşmanın pozulması hərbi əməliyyatın da təxirə salınmasına səbəb olub. Məlum olub ki, Rusiyanın vasitəçiliyi ilə Suriyanın Hələb əyalətinin Şehba qəsəbəsində B.Əsədin nümayəndələri ilə YPG təmsilçiləri arasında görüş keçirilib. Amma tərəflər B.Əsədə sadiq ordunun Afrinə girməsi məsələsində razılıq əldə edə bilməyiblər.

Suriyadakı rejimin nümayəndələri Afrinə girmələri qarşlığında PKK/PYD/YPG-nin 5 şərtə əməl etməsini istəyiblər:

- Afrindəki bütün rəsmi qurum və strukturlar dövlətə təslim ediləcək;

- Afrinin mərkəzi və ətrafında PKK/PYD/YPG-nin nəzarəti altında olan 52 hərbi mövqe Suriya ordusuna təhvil veriləcək;

- Yüngül və ağır silahlar Suriya ordusuna təhvil veriləcək;

- YPG-nin mülki şəxslər arasında payladığı silahlar Suriya ordusuna təhvil veriləcək;

- 18 yaşı tamam olan gənclər Suriya ordusunda hərbi xidmətə başlayacaq.

Ancaq qruplaşma rəhbərliyi qeyd edilən şərtləri qəbul etməyib. Bununla belə B.Əsəd rejimi ilə terrorçular arasında müzakirələrin davam etdiyi bildirilib.

Bu arada prezident Rəcəb Tayib Ərdoğan Afrin şəhərinin artıq Türkiyə silahlı qüvvələri tərəfindən mühasirəyə alındığını bildirib. Bəşər Əsədlə PYD/YPG arasında razılaşmanın baş tutmamasına baxmayaraq, rəsmi Dəməşqin həmin qərarı təkbaşına vermədiyinə dair qənaət üstünlük təşkil edir. Təbii ki, siyasi müşahidəçilər həm Türkiyənin Afrində hərbi əməliyyat aparmasına etiraz edən İran,  həm Türkiyənin Suriya siyasəti ilə barışmaq istəməyən ABŞ, həm də PKK ilə bağlı ikili mövqe nümayiş etdirən Rusiya ehtimalı üzərində təhlillər aparır.

“Orta Doğu” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, Əsəd rejiminə tabe olan qüvvələr  Afrinə daxil olmaqla PYD/YPG ilə  birlik quraraq Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusuna qarşı cəbhə xətti yaratmaq üzərində düşünürdü. Ancaq Əsəd hakimiyyətinin nümayəndələri ilə terrorçular arasında razılaşma baş tutmadığından PYD/YPG Afrinə heç kimi dəvət etmədiyi barədə açıqlama verməli olub.  Ekspertin fikrincə, Bəşər Əsədi  Türkiyəyə qarşı ittifaqa təhrik edən əslində Rusiya olub: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Afrin məsələsi Dəməşqlə Ankara arasında danışıqlar yolu ilə həll edilməlidir. Rusiya istəyir ki, Türkiyə ilə Bəşər Əsəd hakimiyyəti  arasında vasitəçilik etsin. Afrin məsələsi də bu prosesdə bir alət kimi istifadə olunur. Çünki Soçidə təşkil olunan Suriya xalqlarının milli dialoq konqresinə Bəşər Əsəd də dəvət edilib. Lakin Türkiyə tərəfi tərəfi Bəşər Əsədi qəbul etmədiyindən Suriya hakimiyyətinin başçısı o görüşdə iştirak edə bilmədi. İndi Moskva Bəşər Əsədi Rusiya, Türkiyə və İran prezidentlərinin görüşündə iştirakına  Ankaranı  razı salmaq üçün hər iki tərəfi bir araya gətirməyə çalışır. Bundan başqa, Rusiya PYD-nin Soçi görüşünə qatılmasına da Türkiyəni razı salmağa çalışır. Məlumdur ki, PYD  2015-ci ildən PKK-nın Demokratlar  Birliyi Partiyası adı altında fəaliyyət göstərən qolu olub. YPG isə özünümüdafiə dəstəsi deməkdir. Yəni hərbi mənada işləndiyindən konqresə PYD-ni  dəvət etmək istəyirlər. Ona görə də Rusiya hər vəchlə çalışır ki, Soçi danışıqlarına Bəşər Əsədlə PYD qoşulsun.  Ona görə də Əsəd qüvvələrinin Afrinə daxil olacağını bildirməklə Türkiyənin nəbzini yoxlayırlar.  Lakin Türkiyə öz mövqeyində qətidir və sübut etdi ki, ərazi bütövlüyünə təhlükə yaradan bütün qüvvələr, o cümlədən, Bəşər Əsədə  qarşı mübarizə aparmağa hazırdır.

Rusiya həmçinin, bölgədə münaqişələrin həllində əsas oyunçu olmaq istəyini göstərir, yaxud özünü belə göstərməyə səy edir.Moskva - PYD - Əsəd münasibətlərini buna örnək hesab etmək olar. Rusiya həm də bu yolla bölgədə ABŞ ciddi rəqib olmaq istəyini ortaya qoyur. Bununla da Kreml Vaşinqtona özünü güc kimi qəbul etdirməyə, Ukraynadakı vəziyyəti və Krımın ilhaqını unutdurmağa çalışır”.

Sədrəddin Soltanın sözlərinəgörə, PYD-dən həm Rusiya, həm də ABŞ ortaq siyasi vasitə kimi istifadə edir. ABŞ Bəşər Əsədin hakimiyyətini qəbul etmir. Amma Bəşər Əsəd özü və atası Hafiz əsəd də Rusiyanın adamı olub. Amma PYD ABŞ-la müttəfiqlik əlaqələrinə malikdir. Rusiya da Bəşər Əsədlə müttəfiq olsa da PKK-nın bazasında qurulan PYD ilə ikibaşlı münasibətlərini davam etdirir: “Bəşər Əsədin Afrinə daxil olmaq niyyəti ABŞ-ın dövlət katibi Reks Tillersonun Ankaraya səfərindən sonra baş verdi. Deməli, ABŞ Türkiyəyə təzyiq edərək bildirmək istəyir ki, bu variant olsa nə edərsən? Yəni ABŞ istənilən vaxt  Əsədlə PYD-ni barışdıra bilər. Ancaq Türkiyənin hədəfləri konkret şəkildə məlumdur. ABŞ, Rusiya və İranın isə Suriyanın gələcəyi  ilə bağlı niyyəti qeyri-müəyyəndir və ya qaranlıqdır. Türkiyə isə öz sərhədlərinin təhlükəsizliyini  istəyir. Kürdlər isə Türkiyənin İsgəndərun limanına çıxış əldə etmək üçün Hatay bölgəsinə ərazi  iddiası irəli sürür. Hələ Hafiz Əsəd dönəmindən Suriya hakimiyyəti də Hatay vilayətinə iddia edir. Eyni zamanda,  bölgədə müstəqil kürd dövləti yaradılmasında maraqlı olan dövlətlər bu ideyanın həyata keçməsində maraqlıdır. Əgər PKK İsgəndərun limanı vasitəsilıə Aralıq dənizinə çıxış əldə edə bilsə, Şimali İraqdakı kürdlər dərhal müstəqillik elan edəcəklər.  Hələlik bu mümkün olmadığına görə, anklav bölgə olan Afrindəki kürd yaraqlılardan hər bir  ölkə öz maraqları üçün istifadə etməyə çalışır”.

Müşfiq Abdulla  

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений