Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Banklar dolları niyə bahalaşdırır?



Son iki gündə banklarda dolların alış qiymətində artım müşahidə edilir. Uzun müddətdən sonra ötən gün “Günay Bank” dolların alış qiymətini 1.70 manata qaldırıb. Bu tendensiya “Amrah Bank”da da qeydə alınıb. Belə ki, dolların alış qiymətini 1.6990 manatdan 1.70 manata, “Bank BTB” isə 1.6970 manatdan 1.70 manata qaldırıb. Dekabrın 14-də  Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşıb. Bu gün rəsmi məzənnə 1.7001 manatdır.

Onu da qeyd edək ki, dekabrın 13-də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşdı. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,25%  - 1,25 - 1,50%-dək artırdı. Qeyd edək ki, bundan əvvəl FED martın 15-i və iyunun 14-də uçot dərəcəsini artırıb. Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

Müşahidələr göstərir ki, Azərbaycanda dolların məzənnəsinin bahalaşması, heç də FED-in uçot dərəcəsini artırması ilə əlaqəli deyil. Ekspertlər hesab edir ki, ilin sonuna yaxın idxalın artması, bayramla bağlı xarici səfərlərin sayının çoxalması, ən əsası, özəl və dövlət müəssisələrinin bu ilki xarici borc öhdəlikləri üçün son ayın olması dollara tələbi artıran amillərdir. Qlobal valyuta bazarı isə FED-in qərarına öncədən hazır olduğu üçün dünya bazarında dolların möhkəmlənməsi müşahidə edilmədi. Bəzi ekspertlər hesab edir ki, uçot dərəcəsinin dəyişməsi dünya iqtisadiyyatına təsir göstərsə də, Azərbaycanda ciddi problem olmayacaq.

İqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə bildirib ki, dollar özü bir əmtəədir: “FED tərəfindən dolların uçot dərəcəsi artırılırsa, təbii ki, dünyada dolların bahalaşmasına təkan verir. Bu birmənalıdır ki, dollar dünya iqtisadiyyatında aparıcı mövqelərini qoruyub saxlayır. Azərbaycanda dolların kursunun mində bir sent artması, çox da ciddi təlatüm yaratmamalıdır. Sadəcə olaraq, son zamanlar FED-in uçot dərəcəsini artıracağı ilə bağlı gözləntilər var idi. Eyni zamanda, yeni il öncəsi müxtəlif kommersiya təşkilatlarının, bankların, eləcə də digər qurumların xarici valyutada olan borclarının vaxtı çatır. Təbii ki, bu zaman dollara tələbat artır. Ona görə tələb və təklif üzərində qurulmuş iqtisadiyyatlarda bu hallar baş verir. Cüzi də olsa, artım müşahidə oluna bilər. Ancaq qeyd edim ki, Azərbaycanda müəyyən olunan kurs heç də bazar iqtisadiyyatı ilə əlaqələndirilə bilməz. Dolların kursu inzibati metodlarla tənzimləndiyinə görə, Azərbaycanda dolların məzənnəsinin artımı ancaq Mərkəzi Bankın və hökumətin istəyindən asılıdır. İstəsələr, dolları ucuzlaşdıra bilərlər, istəsələr, bahalaşdırarlar. Bu, inzibati metoddur, nəinki üzən məzənnədir”.

İqtisadçı onu da vurğulayıb ki, ictimaiyyətə müxtəlif formada rəqəmlər açıqlanır: “İl sonunda borcların qaytarılma müddəti bitir, buna görə dollara tələb artır. Eyni zamanda bayramqabağı vətəndaşların xarici səfərlərinin sayının çoxalması, eyni zamanda spekulyativ amillər daha çox ajiotaj yaradır. Vətəndaşlar hesab edirlər ki, dolların qiyməti artacaq və əllərində olan müxtəlif vəsaitləri dollara çevirməyə üstünlük verirlər. Xüsusən, son aylar bu müşahidə olunur. Çünki dollarlaşma yenidən sürətlənir. Bu, vətəndaşların Mərkəzi Bankın və digər maliyyə strukturlarının rəhbərliyinə inamsızlığından irəli gəlir. Daha çox dəqiq məlumat vermək lazımdır ki, vətəndaşlar problem yaşamasınlar”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений