Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakı və Sumqayıtı susuz qoyanlar: "Azərsu"dan şikayətlər artır



İyunun 2-i gecə saatlarında ölkə ərazisində enerji verilişində yaranmış problem yavaş-yavaş aradan qaldırılsa da, bəzi ərazilər hələ də işıqsızdır. 

Rəsmi olaraq verilən məlumata görə, paytaxt Bakıda və bir sıra rayonlarda elektrik enerjisinin verilişi əsasən bərpa olunub. İlkin məlumatlara görə, enerji verilişində yaranmış problem Mingəçevir İES-in 1-ci Abşeron xəttində generatorlardan birində baş vermiş alışma ilə əlaqədardır. Enerji verilişində yaranmış nasazlıq paytaxtın bəzi yerlərində su problemi də yaradıb. Belə ki, zaman-zaman paytaxtın bəzi hissələrində suyun verilişində yaranmış fasilələr bu dəfə daha çox ərazidə yaşanıb. Paytaxt sakinlərinin Cebhe.info-ya verdiyi məlumata görə, suyun olmadığı hissələr əsasən Nəsimi, Nərimanov, Xətai rayonu, Masazır qəsəbəsi və Xırdalan şəhərididr. Sakinlər iddia edir ki, dünən gecə işıqlar sönən kimi suyun da verilməsi dayandırılıb: 

"Gecədən suyumuz gəlmir. İşıqların verilməsi dayanan kimi suyumuz da kəsildi. Amma sonra işığın verilməsi bir müddətlik bərpa olunsa da su yenə gəlmədi. Çox çətin vəziyyətdi. İsti bir tərəfdən, işığın və suyun da olmaması çox ağır bir durum yaradıb. Biz böyüyük, amma körpə uşağı, xəstəsi, yaşlısı olanlar var. Onların durumu lap ağırdır. Tez bir zamanda suyun verilməsi bərpa olunmasa bu çox ciddi problemlərə gətirib çıxara bilər". 

Bakı ilə yanaşı Sumqayıt şəhəri də susuz qalıb. Əvvəllər Sumqayıtda suyun verilişində fasiələlərin ən çoxu 1 və ya 2 saat yarandığını deyən sakinlərin sözlərinə görə, bu cür halla ilk dəfədir rastlaşırlar: 

"İndiyənə qədər suyun verilişində belə uzun müddətlik fasilə yaranmamışdı. Heç kəs də çıxıb demir ki, filan problemlə əlaqəlidir. Təbii ki, hamımız anlayırıq ki, belə fasilə yaranıbsa nəsə ciddi bir məsələ var. Onsuzda əvvəllər də bizim suyumuz normal olmayıb. Yay aylarında isə suyun çox istifadə edildiyini əsas gətirib çox vaxt kəsirdilər. İzahı da belə edirdilər ki, guya hardasa su kəmərində partlayış olub. Təcili olaraq bu məsələ həll olunmalıdır. Susuz mümkün deyil. Su olmayanda elə bil həyat da yoxdur".

Sözügedən ərazilərdə suyun verilişinin nə vaxt bərpa olunacağı ilə bağlı sualımıza cavab almaq üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllıya dəfələrlə zəng etdik. Təəssüf ki, Anar Cəbrayıllının telefonu bağlı olduğundan sualımıza  cavab ala bilmədik. Məsələ ilə bağlı adıçəkilən qurumun münasibətini dərc etməyə hazırıq.

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений