Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Baba Vəziroğlu ad günündə Kəmaləddin Heydərovdan nə hədiyyə gözləyir? - "Falçı işləmirəm ki..."



Bu gün Baba Vəziroğlunun doğum günüdür. Şairi təbrik edirik.

Jurnalistlər yaxşı bilirlər ki, Baba müəllimlə müsahibə heç də asan başa gəlmir. Danışmaqla da arası yoxdur. Biz də səhərin erkən çağında müsahibə almaq ümidi ilə şairə zəng etdik. 

Müsahibə əvəzinə kiçik bir açıqlama ilə kifayətlənməli olduq.

“Bu qənaətə gəlmişəm ki, bu dünyada təzə heç nə qalmayıb. 100 ildir danışmıram, təzə bir söz eşitmək arzusuyla ancaq dinləyirəm, nə yazıqlar ki, kamım ürəyimdə qaldı. Susmağın da, sən demə, bir qara qəpiklik qiyməti yox imiş. Qızılları ancaq danışanlara verdilər. Heyif... Vaxtında bilsəydim, dünyanın ən yekə deyingəni olardım. Fəqət, gecdir daha” - deyə şair Cebhe.info-ya açıqlamasında deyib.

Əlavə edib ki, bu günü hər zaman olduğu kimi evdə ailəsi ilə birgə qeyd edəcək. Şair doğum günlərində müxtəlif yaş kateqoriyasında olan insanlardan hədiyyə alır:

“Mənə qadın, yaxud kişi, hətta uşaq, pərəstişkarlarımdan da hədiyyə gəlir”.

“Yaxın dostununuz, Kamal imzası ilə mahnılar bəstələyən fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan da hədiyyə alacaqsınız?” – sualına Baba müəllim zarafatla cavab verib:

"Falçı işləmirəm ki, bilim mənə hədiyyə verəcək, ya yox? Bunu öncədən bilə bilmərəm axı? Dostsansa, doğum günündə təbrik etmək təbii, normal bir şeydir”.

Qeyd edək ki, nasir, şair, tərcüməçi, kinodramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Respublika Komsomolu” mükafatı laureatı (1988), əməkdar incəsənət xadimi Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində doğulub.

Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləyib, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilib. 1972-1977-ci illərdə universitetin jurnalistika fakültəsində təhsil alıb. 1979-cu ildə Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında “Bədii ədəbiyyatı təbliğ bürosu”nda təlimatçı olub. 1991ci ildək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləyib. 1989-cu ildə "Molla Nəsrəddin" jurnalının baş redaktoru olub. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin üzvü seçilib.

Ədəbi fəaliyyətə 1976-cı ildə "Ulduz" jurnalının 8-ci satında çap etdirdiyi "Bir yaz axşamı", "Maqazinçi Dadaş" hekayələri ilə başlayıb. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələri var. Əsərləri xarici dillərə tərcümə olunub. Uzun illər televiziyada aparıcı olub. 1997-1998-ci illərdə "Mir" Dövlətlərarası Teleradio Şirkətində redaktor, 1998-2002-ci ilə kimi Azərbaycan Kinematoqrafçılar İttifaqında baş redaktor olub. Hazırda orada idarə heyətinin katibidir.

Mindən artıq şeirinə mahnı bəstələnib. "Həsən Seyidbəyli", "Yeri boş qalan adam" (Rəşid Behbudov), "Sənsiz və ya ömrün son axşamı" (Həsən Turabov), "Haradan başlanır vətən", "Elegiya" (Zərifə Əliyeva), "Beş nəğməlik ömür" (Oqtay Kazımov) və s. sənədli filmlərin ssenari müəllifidir. İ.Karacalenin "İtirilmiş məktub" dram əsərini Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etdiyinə görə, 1983-cü ildə SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna layiq görülüb. Azərbaycan Yazıçılar İttifaqında gənc nasirlər birliyinin rəhbəri olub. 1985-ci ildə M.Morki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini qiyabi bitirib. 1982-ci ildə Sovet nümayəndə heyətinin tərkibində Bolqarıstanda tərcüməçilərin beynəlxalq müşavirəsində iştirak edib. 1984-cü ildə ADR Yazıçılar İttifaqının dəvəti ilə ADR-də yaradıcılıq ezamiyyətində olunub. 1984-cü ildə gənc yazıçıların Moskvada keçirilən VIII Ümumittifaq müşavirəsində nümayəndə kimi iştirak edib. 2000-ci ildə "Humay" mükafatı laureatı olub.

Ailəlidir, birinci evliliyidən iki qızı, ikincidən isə Kamal adlı bir oğlu var.

Aytən
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений