Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanlı olduğunu bilmədiyimiz MƏŞHURLAR: ”Rəsmin Allahı”ndan Pakistanın prezidentindək



Hər birini hamı, belə desək, əksəriyyət tanıyır. Hər biri məşğul olduğu sahənin dünyaca tanınmış simasıdır. Kimisi idmançı, kimisi elm adamı, kimisi sənətçi, kimisi model, kimisi siyasətçi, kimisi də rəssamdır. Həm də yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrin vətəndaşları – amerikalı, hanadalı, italiyalı, fransalı və s. xalqın, yaxud, millətin nümayəndələri kimi tanınan bu adamların azərbaycanlı olduqlarını aramızda çox az bilən, bəzənsə, bilməyənlər tapılır.

İnternet üzərindən apardığımız kiçik araşdırmada çoxumuza yeni sayılacaq faktlar əldə etdik. Beləliklə, Cebhe.info dünyada azərbaycanlı kimi tanınmayan məşhur azərbaycanlıları təqdim edir. Dahi rəssam Da Vinçidən başladıq.

Qədim İtaliyada azərbaycanlı

Bir neçə il əvvəl dünyaca məşhur italyan rəssam Leonardo Da Vinçinin ana tərəfindən Azərbaycan türkü olduğu iddiası ortaya çıxdı. İddianı ortaya atan isə dahi rəssamın həyatı haqqında araşdırmalar aparan Luis Baff Perri idi. O, Da Vinçinin Azərbaycan əsilli müsəlman olduğunu və kölə kimi İtaliyaya aparıldığını deyir. Məhz burada qadına “Katerina” adı verilir. Araşdırmaçı iddia edir ki, rəssamın atası Pyer Fruzina ilə anası evli olmayıb. Perriyə görə rəssamın anasının azərbaycanlı olması tarixi sənədlərdə də öz əksini tapır və mənbələr bu iddianı qəbul edirlər.

Avstriya

Bəxtiyar Siracov türk dünyasında ilk, Azərbaycanda isə ilk və hələlik son “Nobel” mükafatı almış alimdir. O, Avstriyada MAQATE-də işləyən yeganə azərbaycanlıdır. 17 ildir ki, MAGATE-də Azərbaycanı təmsil edir. Alim hazırda agentlikdə kompüter proqramları təminatı şöbəsinin rəhbəridir. 2005-ci ildə “Nobel” sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı agentliyə verilib. Mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də azərbaycanlı alimi olur.

Pakistan

1969-1971-ci illərdə Pakistan prezidenti olmuş Ağa Məhəmməd Yəhya Xan da kökəncə Azərbaycan türklərindəndir. O, 1969-cu ildə istefa verən Əyyub Xanı əvəz edib. Hakimiyyətinin son ilində vətəndaş müharibəsindən və Hindistanın dəstəyindən istifadə edən Şərqi Pakistan bölgəsi Banqladeş adıyla öz müstəqilliyini élan etdi. Bundan sonra o, postundan getmək məcburiyyətində qaldı və onu bu postda əvəz edən Zülfiqar Əli Buttonun əmri ilə həbs edildi. İnfarkt keçirdikdən sonra sərbəst buraxılır və beləliklə, həyatının sonunadək siyasət meydanından da geri çəkilir.

Türkiyə

Azərbaycan kökənli yazıçı, şair Ataol Bəhramoğlunun ailəsinin soyadı Gürus idi. İlk şeirlərini də “Ataol Gürus” imzasıyla yazıb. Ailəsi sonradan soyadını “Bəhramoğlu” adına dəyişib.

Populyar model, aktrisa Çağla Şıkel 1979-cu ildə İstanbulda doğulub. Atası Hüseyn Şıkel Qarsda yaşayan Azərbaycan türklərindəndir. Çağla Şıkel 1996-cı ildə məşhur “Odessia” filmində rol alıb. 1997-ci ildə “Türkiyə Gözəli” yarışmasında birinci olub. Həmin il qatıldığı “Dünya Gözəllik Yarışması”nda 4-cü, Avropa nominasiyasında (“Avropa Gözəli”) isə birinci seçilib.

Dünyaca məşhur rokçu, bəstəkar və aktyor Cem Karaca da ata (Mehmet Karaca) tərəfindən azərbaycanlıdır. Anası Toto Karaca (İrma Feleqyan) isə ermənidir.

Keçmiş Osmanlı İmperiyasının Anadolu bölgəsində doğulan şair, filosof Yunus Əmrə də qədim Azərbaycan türklərindəndir. O, Anadoluda Azərbaycan türkcəsində yazılan şeirin banilərindən biridir. 1991-ci ildə UNESCO tərəfindən Yunus Əmrənin 750 illik yubileyi qeyd olunub.

ABŞ

Sara Şahi (Sarah Shahi) Azərbaycan kökənli, amerikalı aktriasıdır. O, İran – türk şahı Fəth Əli Şah Qacarın nəvələrindəndir, nəslindəndir.

Kökəncə azərbaycanlı olan Sibel Dəniz Edmonds ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) keçmiş tərcüməçisi və Amerikanın “Milli Təhlükəsizlik Müxbirləri Koalisiyası”nın (NSWBC) qurucusudur. O, 2002-ci ildə FBI-nın Vaşinqton ofisindən qovulmaqla dünya ictimaiyyətinin diqqətini üzərinə çəkmişdi. Həmin vaxt Edmonds Amerikanın milli təhlükəsizliyini təhdid etməkdə ittiham edilirdi. Lakin ABŞ-ın həyata keçirdiyi gizli siyasi planların üzərini açmaqla dünyada tanınan yazara çevrildi. Ata tərəfdən azərbaycanlı olan Edmonds təhsil almaq üçün ABŞ-a getməmişdən əvvəl ailəsi ilə birlikdə İran və Türkiyədə yaşayıb.

Bir tərəfdən azərbaycanlı, bir tərəfdən də yəhudi olan Zexariya Şitkin 1920-ci ildə Bakıda doğulub. “Dünya Tarixi” adlı kitabı ilə məşhur olan alim “ölü dillər” sahəsindəki araşdırmaları ilə də məşhurdur. Əsas fəaliyyət dönəmini ABŞ-da yaşayan elm adamı mixi hərflərlə yazmağı bacarırdı. O, ibtidai komonavtikanın ən tanınmış simalarındandır.

Amerikada yaşamış digər azərbaycanlı alim Lütfi Zadədir. Bakıda doğulan alim qeyri-səlis məntiq nəzəriyyəsinin banisidir. Anası yəhudi olan Lütfizadənin atası azərbaycanlıdır. ABŞ-ın Kaliforniya Universitetinin professoru, Avrasiya Akademiyasının qurucu üzvlərindən olub.

Teymur Sadıqov ABŞ-da NASA-da işləyən yeganə azərbaycanlı alimdir. Gənc elm adamı 2010-cu ildə məşhur alim Vassim Haddadın dəvətilə ABŞ-ın ən böyük və yüksək reytinqli Aerokosmik mühəndisliyi fakültəsinə malik Corciya İnstitutunda doktorantura dərəcəsində təhsilə başlamış və 2015-ci ildə aerokosmik elmlər doktoru dərəcəsi ilə məzun olub. Sadıqov hər bir elmi dərəcəsini əla qiymətlərlə başa vurub. Onun doktorantura təhsili Amerikan Hava Qüvvələri Elmi Tədqiqat Ofisi (AFOSR) və NASA Dryden (yeni adı Armstrong) Uçuş Tədqiqat Mərkəzi layihələri ilə maliyyələşdirilib.

Amerikadakı digər məşhur Azərbaycan kökənli şəxs isə Spenser Huvels Nelsondur (Spencer Howells Nelson). ABŞ-ın peşəkar basketbol liqasında çıxış edən məşhur “Utay Jazz” klubunu təmsil edən oyunçu hazırda İtaliyanın peşəkar basketbol liqasını beynəlxalq arenalarda təmsil edən “Reyer Venezia Mestre”-nin forvardıdır. Nelsonun anası azərbaycanlıdır.

Hazırda ABŞ-da həbsxanada olan məşhur iş adamı, milyarder Rza Zərrab da azərbaycanlıdır. Türkiyə və ABŞ vətəndaşlığı olan Zərrab 1983-cü ildə Güney Azərbaycanın Təbriz şəhərində doğulub. Ailəsi BƏƏ-də yaşayır. Farsca adı “Reza”nı türkləşdirərək “Rza” adını seçib.

Almaniya

Dünyaca məşhur peşəkar boksçu Sinan Şamil Sam Almaniyada doğulub. Ata tərəfindən azərbaycanlı olan boksçu beynəlxalq arenalarda Türkiyəni təmsil edib. 9 dəfə Türkiyə, 1 dəfə dünya, 1 dəfə də Avropa çempionu olub. Qeyri-peşəkar bokusçular arasında dünya çempionluğu titulunun da sahibidir. “Boğaz buğası” adıyla tanınan Sinan Sam qatıldığı 35 yarışın 31-ni texniki nakaudla qazanıb. Kariyerasını başa vuran bokusçu hazırda Almaniyada yaşayır.

Britaniya

Böyük Britaniyada yaşayan dünyaca məşhur müğənni, bəstəkar Sami Yusif ana və ata tərəfdən azərbaycanlıdır. Təbrizdə doğulan sənətçi dəfələrlə Bakıda konsert proqramlarıyla çıxış edib. O, Azərbaycanı ana vətəni kimi qəbul edir.

Danimarka

Nərgiz Birk-Petersen (Nərgiz Abbaszadə) də azərbaycanlıdır. Məhşur vəkil və aparıcı olan Nərgiz Bakıda doğulub. O, 2012-ci ildə Azərbaycanda keçirilən Avroviziya mahnı müsabiqəsinin aparıcısı olub. Nərgiz ailəsi ilə birlikdə Danimarkanın Kopenhagen şəhərində yaşayır.

Fransa

Fransada yaşayan və fəaliyyət göstərən məşhur fotoqraf və yazar Rza Degahti (Reza Degahti) Azərbaycan kökənlidir. Təbrizdə doğulan yazar islam inqilabından sonra ailəsi ilə birlikdə Təbrizdən Fransaya köçüb. Rza Deghati “Newsweek”, “Time” və “Life” kimi nüfuzlu jurnal və qəzetlərdə işləyib. Hazırda Əfqanıstan üçün hazırladığı humanitar yardım proyektini (AINA) həyata keçirən və “National Geographic” jurnalında işləyən Degahti Fransanın keçmiş prezidenti Jak Şirak tərəfindən “Legion Dhonneur” medalı ilə təltif edilib.

Fransada yaşayan digər azərbaycanlı məşhur isə Robert Hüseyndir (Robert Hossein). Doğum haqqında şəhadətnaməsində soyadı Hüseynov kimi göstərilir. O, Fransanın məşhur aktyor, rejissor və yazarlarından biridir. Beynəlxalq Avrasiya Akademiyasının üzvüdür.

Kanada

Məşhur kanadalı elmi-fantastik yazıçı və bloqqer Kori Doktorou (Cory Doctorow) da əslən Azərbaycan kökənlidir. Altı roman, müxtəlif antalogiyalar və jurnallarda dərc edilmiş saysız məqalələr və hekayələrin müəllifi olan yazar ana tərəfdən azərbaycanlıdır. 2009-cu ildə “Kiçik qardaş” adlı romanına görə beynəlxalq “Hüqo” mükafatına namizəd olub.

Kanadadakı digər məşhur azərbaycanlı isə Nima Arkani Hameddir. O, fizika və sim nəzəriyyəsinin tanınmış simalarından biridir. Hazırda Prinekton Universiteti və Nyu-Çersi Akademiyasında bir sıra elmi layihələrini həyata keçirir. Bundan əvvəl isə Harvard və Kaliforniya universitetlərinin professoru olub.

İsveç

Hazırda İsveçdə yaşayan və 2009-cu ildə Azərbaycanı Aysel Əlizadə ilə birlikdə Avroviziya-da təmsil edən dünyaca məşhur müğənni Araşın (Arash Labaf) Azərbaycan kökənli olduğunu bilən çox az adam var. Tehranda doğulan Araş sonradan ailəsi ilə birlikdə İsveçə köçüb. Bu ölkədə məşhurlaşmağa başlayandan sonra “BBC”-yə verdiyi ilk müsahibəsində əslən azərbaycanlı olduğunu demişdi.

İran

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin üçüncü və son həyat yoldaşı Fərəh Diba (Pəhləvi) Azərbaycan türklərindəndir. O, şahın dönəmində İran Hərbi Hava Qüvvələrinin komandanlığında vəzifəsi olan yeganə azərbaycanlı Zöhrab Dibanın yeganə qız övladı idi. Fərəh Pəhləvi 1967-ci ildə İran tarixində üçüncü və sonuncu dəfə “Şahbanu” (“İmperatriçə”) adı alan yeganə hökmdar, dövlət başçısının həyat yoldaşı olub. 1979-cu ildə İranda baş vermiş islam inqilabından sonra həyat yoldaşı və övladları ilə birlikdə mühacirətə gedib. Həyat yoldaşının ölümündən sonra ABŞ-a köçüb.

Faiqə Atəşin (Ququş) Tehranda doğulmuş, Azərbaycan əsilli məşhur musiqiçi və aktrisadır. Ququşun valideynlərinin (Sabir və Nəsrin) kökəni Şimali Azərbaycandandır (Azərbaycan Respublikası). Buna görə də qızlarına Ququş adı vermək istəsələr də, İranda fars adlarından başqa adlar rəsmi sənədlərlə tanımadığı üçün Faiqə adını veriblər.

Azərbaycan kökənli olan iranlı rejissor, ssenarist və aktyor İbrahim Hatəmikiya bir sıra beynəlxalq mükafatların sahibidir. O, Tehranda Azərbaycan türkü olan bir ailədə doğulub. Hatəmikiya İranın 10 məşhur rejissorundan biridir.

Şahzadə Leyla Pəhləvi İran şahı Məhəmməd Rzanın Fərəhdən olan ən kiçik qızıdır. O, islam inqilabından sonra ailəsiylə mühacirətə gedəndə 9 yaşında idi. ABŞ-da təhsil alan Leyla ailəsini görmək üçün gəldiyi Londondakı evlərində yüksək dozada narkotik maddə qəbul etməsinə görə zəhərlənərək ölüb. Leyla Pəhləvi ailəsinin ən məşhur üzvlərindən olub.

Əslən Azərbaycan türklərindən olan Tacülmülk (Nimtac Ayrımlı) İran şahı Rzanın həyat yoldaşı, sonuncu şah Məhəmməd Rza Pəhləvinin anası idi. Tacülmülk 1896-cı ildə Bakıda doğulub.

Beləliklə, İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin də bir tərəfi Azərbaycan türklərindəndir. O, 1941-1979-cu illərdə İranın hökmdarı olub. Qərbyönümlü siyasət yürüdən Rza şah həm də İranın sonuncu monarxı sayılır. “Şahənşah” (“Şahların şahı”) və “Sayeh-ehHodah” (“Allahın yerdəki kölgəsi”) kimi hökmdarlıq adları olub.

İranın hazırkı ali dini lideri Ayətullah Əli Xamneyi də əslən Azərbaycan türklərindəndir. Ayrı-ayrı mənbələr tez-tez İran və Güney Azərbaycanda yaşayan türklər qarşısında türk dilində çıxış edən Xamneyinin azərbaycanlı olması ilə bağlı həmfikirdirlər.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений