Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycandan milyardlar necə çıxarılır? - Vəzifəli şəxslər “dollar çətiri” altında



Bir neçə gün əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində ölkədən milyonlarla manat pul çıxarmaq istəyən şəxslərin qarşısı alındı. Müəyyən edildi ki, qeyd olunan şəxslər tərəfindən 2017-ci il ərzində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan edilmədən hissə-hissə ümumilikdə 80 milyon 731.282,0 ABŞ dolları, 5 milyard 270.227.972,0 Rusiya rublu, 248 min 915 Avro məbləğində xarici valyuta nağd formada qaçaq yolla ölkədən çıxarılıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DTX-nin əməliyyatı son illərdə müxtəlif üsullarla Azərbaycandan çıxarılmış 4 milyard dollar ətrafında müzakirələri yenidən gündəmə gətirib. Xatırladaq ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş rəhbəri Eldar Mahmudovdan sonra keçmiş vergilər naziri Fazil Məmmədovun da adı bu məsələdə hallandı. Mahmudov, yaxud Məmmədovun bu pulları hansı yollarla ölkədən çıxarması barədə ehtimal olmasa da, bu artıq təsdiq edilmiş faktdır ki, hər iki şəxsin, o cümlədən, keçmiş nəqliyyat naziri Ziya Məmmədov, keçmiş rabitə naziri Əli Abbasov və postlarından uzaqlaşdırılmış digər məmurların adlarına xarici ölkələrdə milyonlarla dollar dəyərində daşınmaz əmlakları və bank hesablarında pulları var.

Pullar ölkədən necə çıxarılır?

Son illərin hesabatı da göstərir ki, Azərbaycandan “yuyulmaq” üçün çıxarılan pullar üçün kimlərinsə əllərində olan “sayğaclar” sürətlə işləyir. Bu baxımdan, vaxtilə hökumətdə təmsil olunmuş yüksək rütbəli məmurların bu qanunsuz fəaliyyətlərinə nəzarət edən mexanizmin zəif olduğu da nəzərdən qaçmır, bu da ölkədən pul çıxarmaq istəyən şəxs, yaxud şəxslər üçün geniş imkanlar və fürsətlər yaradır. Gizli hesablar və pulların ölkədən çıxarılması müqabilində böyük paylar alan bankların burada müstəsna rollarının olduğuna da şübhə yoxdur. Həmin banklara və bank hesablarına nəzarət edə biləcək gizli strukturların, yaxud bunda maraqlı olan tərəflərin də hansısa səbəblərdən buna göz yummaları “çirkli pulları yumaq”da maraqlı olanların işlərini bir qədər də asanlaşdırır.

“Çirkli pulların yuyulması” üsulları

“Çirkli pulların yuyulması”, yaxud ölkədən çıxarılması üçün müxtəlif üsullardan istifadə edilir. Bunun 20-dən çox metodu var. Yenə də burada əsas rolu banklar oynayırlar. Banklarda açılmış “gizli hesablar” və müştərilərlə bağlı məlumatların gizlədilməsi pulların lazımi istiqamətlərə yönədilməsi işində ən sadə prosedurlardır. Belə desək, tez-tez müraciət edilən üsuldur. Bu kimi hallara qarşı mübarizə aparan qurumlara “gizli hesablar” və müştərilərlə bağlı məlumatların verilməməsi də buradan, başqa sözlə, bankların öz maddi maraqlarından qaynaqlanır. Azərbaycanda “çirkli pullar”ın mütləq hissəsini korrupsiya və rüşvət hesabına əldə edilmiş vəsaitlərin təşkil etdiyini nəzərə alsaq, bu baxımdan, bankların “gizli hesablar” və müştərilərlə bağlı məlumatları gizli saxlamaları və bunların hesabatlara daxil edilməməsi buna qarşı mübarizəni çətinləşdirir. Məsələn, Cahangir Hacıyevin dönəmində Beynəlxalq Bank ətrafında yaranmış vəziyyət də bunu sübut etdi. Araşdırmalar göstərdi ki, Beynəlxalq Bank Cahangir Hacıyevin dönəmində bir sıra dövlət adamları, yaxud korrupsiya hesabına oliqarxlaşmış şəxslər üçün əsl “çirkli pul yumaq” mərkəzinə çevrilib. Eldar Mahmudov və digərlərinin adları bu gün də davam edən “Beynəlxalq Bank işi”ndə hallandırılır.

Digər metodlar...

Saxta ixracat sənədləri də “çirkli pulların yuyulması”, yaxud ölkədən çıxarılması işində üz tutulan metodlardan biridir. Sənəd üzərində hansısa - seçilmiş bir ölkəyə “ixrac edilən məhsullar” qeyd edilir. Burada “ixrac edən” şəxs əvvəldən pulu istiqamətləndirəcəyi şirkətlə anlaşır. Məsələn, maya dəyəri 100 dollar olan hansısa məhsulun qiyməti daha yüksək göstərilir və beləliklə, pul ölkədən çıxarılır. Saxta faktura metodu da var. Hansısa şəxs xarici ölkədən hansısa mal aldığına dair faktura alır. Bu saxta fakturadır və bunun qarşılığında pullar əvvəldən anlaşılan şirkətə yönəldilir. Yəni, heç kəs hiss etmədən pul ölkədən çıxarılır. Beynəlxalq iqtisadi layihələr adı altında da pullar çıxarılır. Bu üsul çoxşaxəli əməliyyatlar tələb edir. Məsələn, milyardlarla dollar bir neçə min şəklində çıxarılır.

“Göbələk çətiri” altında gizlədilən milyardlar

Gəlirlər üzərində vergi olmayan, yaxud bu sistemə nəzarətin zəif olduğu dövlətlərdə “çirkli pulları yumaq” istəyənlər üçün ideal və gözlənilməz fürsətlər təqdim edir. “Borc vermək” də bu işdə tez-tez müraciət edilən üsullardandır. Bu şəxslər daha çox gəlirlər üzərində vergi olmayan ölkələrə üz tuturlar. Bu zaman pullar bu ölkənin hansısa bankında başqa bir şəxsin adına açılmış hesaba, yaxud “gizli hesab”a yatırılır. “Borc”un geri qaytarılması isə həmin şəxsi ani bir vaxtda zənginə çevirir. 

“Yeraltı bank”. Bu sistem bir-birinə daha yaxın iqtisadi münasibətlərə malik ölkələr arasında mövcud olur. “Çirkli pulu yumaq” istəyən şəxs pulları bu ölkələrdən hansısa birində fəaliyyət göstərən bankirlərdən birinin hesabına yatırır. Əslində burada “bankir” elə həmin şəxsin özüdür. Pulun yatırıldığı ölkəyə gedən bu şəxs geri qayıdanda artıq “çirkli pullar” yuyulmuş hesab edilir, yəni mənimsədiyi pulların qanuni sahibinə çevrilir. 

“Göbələkləmə” (“Smurfing”) üsuluna görə nağd pullar dövlətin nağd vəsaitlərə qoyduğu limitdən aşağı olmaqla hissələrə bölünərək hissə-hissə seçilmiş ölkəyə transfer edilir. Əgər pullar xarici valyutadadırsa, bunları kənara çıxarmaq daha asandır. Bu zaman pulların adi qaydada hansısa bank vasitəsilə çıxarılması da çətin deyil. Əlbəttə, bu işi heç bir banka müraciət etmədən də görmək mümkündür. Yəni, məsələni ev şəraitində də həll etmək olar. Bunun üçün ən yeni elektron cihazlar lazımdır.

Pulların yönəldildiyi məkanlar

Əlbəttə, “çirkli pulların yuyulması”nda maraqlı olan məkanlar və bu fəaliyyətləri tənzimləyən yerlər var. Məsələn, azərbaycanlı bəzi oliqarxlar , iri və xırda ranqlı məmurlar, yaxud vergidən yayınmağa meyilli olan sahibkarlarla yanaşı, digər dövlətlərdən olan şəxslərin üz tutduqları əsas məkanlar müxtəlif kiçik ölkələrdir. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) tərəfindən “çirkli pulların yuyulması” ilə bağlı 2.5 milyondan çox sənəd ələ keçirilib. Həmin sənədlərdə də Böyük Britaniya, Baham adaları, Panama və Çayman adaları, o cümlədən, digər “cırtdan ölkələr”in “çirkli pulların yuyulması” üzrə ən çox müraciət edilən məkanlar olduğu diqqətə çatdırılır. Azərbaycanın da adının bu sənədlərdə yer alması uzun müddət ölkənin gündəmində offşor məsələsi ətrafında gərgin müzakirələrə yol açmışdı. Təsadüfi deyil ki, 10 milyard dollara yaxın pulu ölkədən çıxarmaqda ittiham edilən Eldar Mahmudovun London, Çexiya və Lüksemburqda özünün və oğlunun adına daşınmaz əmlakların olması barədə iddialar da var. Artıq bu, təsdiq edilmiş məsələdir. Bu da onu göstərir ki, azərbaycanlı dövlətçiliyin əleyhinə olan oliqarxlar son 14 ildə 90 milyard dollara yaxın maddi vəsaiti “çirkli pulların yuyulması” üzrə müəyyən edilmiş gizli beynəlxalq xətlər vasitəsilə çıxarıblar. 

Özləri boyda yerin altında olan “cırtdanlar”

Bəzi oliqarxların, yaxud bir sıra dövlət adamlarının, o cümlədən, “çirkli pulların yuyulması” üzrə “ixtisaslaşmış” digər dövlətlərin Böyük Britaniyanın təsiri altında olan ada dövlətlərə, yaxud “cırtdan ölkələrə” üstünlük vermələrinə gəlincə, bunun bir çox səbəbləri var. Maraqlıdır ki, bu səbəblərin bu “çirkli pulları” qəbul edən bütün ölkələr və məkanlar üçün eynidir. İlk növbədə bu məkanlarda (Baham adaları, Lüksemburq, Çayman adaları. Böyük Britaniya və s.) gəlirlərə görə vergi yoxdur. Üstəgəl, iqtisadiyyata kiçik sərmayə qarşılığında istiqamətləndirilmiş pulların banklarda yerləşdirilməsinə maneə olan qanunlar və qaydalar yoxdur. Belə məkanlar daha çox turizm yerləri olduğuna görə istənilən formada olan pulların yönəldilməsinə isti baxırlar. Bununla bərabər yoxsul ölkələr də cəlbedicidir. Məsələn, Geniya Bissau, Haiti və Latın Amerikasının yoxsul ölkələri…

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений