Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda partiya sədrindən qalmaqal yaradacaq sözlər: “Dar paltar geyinib küçəyə çıxan oğlanı görən qızlar ehtirasa gəlir"



Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qadınlaırn idman geyiminin kişiləri təvacüzə təşviq etməsinə dair türk müəllimin fikrinə münasibət bildirib.

Cebhe.info xəbər verir ki, “Cümhuriyət” qəzetinə açıqlamasında o, bu fikri absurd qəbul etmədiyini və bunun “Quran”a uyğun olduğunu deyib.

ADP sədri qeyd edib ki, “Quran” kişi və qadına ayıb yerlərin örtülməsini, yəni cinsi fərqliliklərin gizlədilməsini əmr edir: “Təkcə qadınlar yox, kişilər haqqında da bu əmr var. Kişi və qadınları fərqləndirən əsas cəhət cinsi orqanlarıdır. Allah “Quran”da buyurur ki, Adəm və Həvva cənnətdə qadağanı pozduqları üçün ayıb yerləri göründü. Bu, o deməkdir ki,  kişi və qadının cinsiyyət orqanları fərqlənməyə başladı. Adəm və Həvva bu fərqliliyi gizlətmək üçün yarpaqlardan istifadə etdi. “Quran”da qeyd edilir ki, biz sizə bu dünyada da paltar və təqva (“hissləri örtən mənəvi paltar”) geyinmək yolu göstəririk. Bu baxımdan, müəllimin fikirlərinə haqq qazandırıram. İdman paltarları cinsi kimliyi bir qədər də üzə çıxarır, gizlətmir. Təkcə idman geyimləri yox, qadınların istifadə etdikləri alt paltarları, aksesuarlar da bura daxildir.

“Quran”a görə irəli sürülən bütün fikirlər doğrudur. “Quran” tələb edir ki, kişi də, qadın da cinsi fərqliliyi göstərən və şəhvət, ehtiras yaradacaq formada paltar geyinməməlidir. Belə geyimlər ehtiras yaradır. Elə idman formaları hazırlamaq olar ki, həm rahat hərəkət etmək mümkün olsun, həm də hicabı qoruya bilsin. Yəni, qızlar üçün hicablı idman paltarları hazırlanmalıdır. Hesab edirəm ki, bu, “Quran”ın tələbidir. “Quran” tələb edir ki, zinadan, qeyri-qanuni cinsi əlaqədən qaçmaq üçün ayıb yerlər örtülməlidir. Qərbdə isə hazırlanan paltarlar cinsi kimliyi qabartmağa və insanlar arasında cinsi ehtirası artırmağa xidmət edir. Bunun müqabilində də mənfəət götürürlər, bunun üçün də fahişəxanaların saylarını artırırlar. Qərbin əsas məqsədi bundan ibarətdir. İslam dünyası isə bunun əksinə çıxır. Qadın və kişi arasındakı fərq qabaranda bu, cinslər arasındakı fərqliliklərə gətirib çıxarır, kişilərin qadınlar üzərində zorakılığına yol açır”. 

Sərdar Cəlaloğlu iddia edir ki, “Quran”da bu gün edilən elmi kəşflərin ən dəqiq məlumatları var: “Məsələn, Darvinin təkamül nəzəriyyəsi, Lomonosovun enerjinin saxlanılması qanunu, materializm kimi məsələlər “Quran”da təkzib olunub. Elm də bunların yalnış olduğunu sübut edib. Bu baxımdan, “Quran”a istinad olunmayan fikirlərin heç bir doğru deyil. Bu kitaba istinad olunan bütün fikirlər elmidir. Seksopotoloqdan, psixoloqdan, polisdən də soruşsaq təsdiq edəcəklər ki, cinsi fərqliliyi qabardan paltarlar ehtiras və zorakılığa gətirib çıxarır. Əgər bəzi din adamları sayılan şəxslər absurd fikirlər irəli sürürlərsə, onlar iman gətirmədən “Quran”ı oxuyan, amma öyrənməyən adamlardır. Onlar sadəcə “Quran”a üzdən baxıblar”. 

“Bir də görürsən, idman edib dar paltar geyinib...” 

Partiya sədrinin sözlərinə görə kişilərin şort, dar paltar, şalvar geyinmələri, əzələlərini göstərən geyim seçmələri günahdır: “Bu, “Quran”a görə günah sayılır. Bir adam idman edə bilər, amma dar paltar geyinib əzələlərini heç kəsə göstərməməlidir. Çünki nəfsin əsas başlanğıcı bədəndir. “Quran”da deyilir ki, qadınlarınıza kişilərə əzab verməmələri üçün hicab geyindirin. Əzab vermək o deməkdir ki, əgər bir qadın öz cinsi fərqliliyini qabardıbsa, bu, kişini ehtirasa gətirəcək. Buna görə də o qadın ya kişinin ehtiyacını ödəməlidir, bu da zina əmələ gətirəcək, ya da ödəməyəcəksə-mümkündür ki, əxlaqlı qadındır- amma ehtiraslanmış adam ehtirasını söndürə bilmədiyinə görə əzab çəkəcək.

Hicabın fəlsəfəsi də bundan ibarətdir ki, başqalarına əzab vermə, öz bədəninlə başqalarını həvəsləndirib onlara əzab vermə. Əzab ən böyük zülmdür və bu da Allah yanında ən böyük günah sayılır. Əgər bir qadın yarı-çılpaq geyinibsə, bu yüzlərlə kişidə ehtiras oyadır. Ehtiraslarını söndürə bilməyəndə də kişilər həm bioloji, həm də mənəvi olaraq əzab çəkməyə başlayırlar. Əgər oyanma baş veribsə, bu, dərhal sakitlik halına keçməlidir. Amma oyanmanı sakitliyə keçirən vəziyyət yaranmırsa, bu da adama əzab verməyə başlayır. Məsələn, adam ac qalanda da, yuxususuz qalanda da belə olur. Ehtiras da sakitləşdirilməyəndə əziyyət verir”. 

S.Cəlaloğlu qeyd edib ki, bunlara görə də “Quran” qadınları da, kişiləri də normal geyinməyə çağırır: “Bir də görürürsən ki, bir oğlan idman edib dar paltar geyinib küçəyə çıxır. Küçədə bu oğlanı görən qızlar ehtirasa gəlirlər. Fərqi yoxdur, qadın ərdədir, ya deyil, bu qadında şəhvət yaradır. Bu, psixologiyayla bağlıdır. Əxlaq nə qədər tormozlasa da, bunlar psixoloji olaraq insana təsir edir. Buna görə də Allah bədənin nümayiş etdirilməsinin insanlara zülm olduğunu “Quran”da bildirir və bu günahdan çəkinməyə çağırır”. 

P.S. Yazının davamını “Cümhuriyət” qəzetinin sabahkı sayında oxuya bilərsiniz.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений