Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda idman jurnalistikası: Onlara pul çatmır



Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür və hər il 2 iyul idman jurnalistlərinin beynəlxalq peşə bayramı kimi qeyd edilir. Maraqlıdır, Azərbaycanda idman jurnalistikasının gələcəyi nə vəd edir? İdman jurnalistikasının inkişafı üçün bugünkü hansı problemləri aradan qaldırmaq lazımdır.

Cebhe.info-ya açıqlama verən idman sahəsi üzrə ekspert Natiq Muxtarlı bildirib ki, Azərbaycanda idman mətbuatı demək olar ki, beş-on nəfərin patriotluğu hesabına varlığını qoruyur:

“Əgər buna “varlığı qorumaq” da demək mümkündürsə. İdman mətbuatının varlığı demək olar ki, qalmayıb. Çünki, Azərbaycanda idman sahəsinə külli miqdarda vəsait yatırılsa da, idman mətbuatı həmişə bu yatırımdan kənarda qalıb. İstər Gənclər və İdman Nazirliyi olsun, istərsə də AFFA və digər federasiyalar – bu qurumları idman mətbuatının inkişafı qətiyyən maraqlandırmayıb. İdman mətbuatı həmişə maliyyə çətinlikləri şəraitində fəaliyyət göstərib. Bunun da nəticəsində sanballı idman jurnalistləri bu sahədən getməli olublar. Daha doğrusu, getməyə məcbur qalıblar. İdman mətbuatından elə imzalar uzaqlaşıb ki, onun jurnalist istedadı, mənə görə, hansısa azərbaycanlı futbolçunun futbolçu istedadından min dəfə artıq olub. Ancaq jurnalist o futbolçudan min dəfə az məvacib alıb.

Azərbaycanın idman mətbuatının reklam bazarı heç vaxt olmayıb. İdman mətbuatı ancaq və ancaq futbol klublarının əlinə baxıblar. Bu futbol klubları isə heç bir keyfiyyət göstəricisini nəzərə almadan, min bir minnətlə hamıya “dilənçi payı” verərək, işlərini bitmiş hesab ediblər. Sanki şəxsi vəsaitlərini verirlərmiş kimi. Ancaq Azərbaycanda elə bir klub yoxdur ki, onun rəhbəri futbola öz vəsaitini xərcləsin. Bu vəsait bu və ya digər formada dövlətdən ayrılır. Bir halda ki, idman sahəsi üçün bütün maliyyə dövlətdən ayrılır, onda  futbol klubları da, federasiyalar da o vəsaitdən idman mətbuatının inkişafı üçün də maliyyə ayırmalıdırlar. Heç kimə minnət qoymadan. Ancaq Azərbaycanın futbol klublarında, digər idman növlərindən olan federasiyalarda rəhbər vəzifələrdə dələduzlar kök saldığı üçün onları bu amil qətiyyən maraqlandırmır. Onları yalnız və yalnız bir iş maraqlandırır: necə edək ki, dövlətin ayırdığı bu vəsaitdən bacardıqca çox “yuyaq”. Bax, belə yanaşma tərzi davam etdikcə, Azərbaycanın idman mətbuatında hansısa inkişafın olacağına inanmaq sadəlövhlükdür. Bu sahəyə, belə maliyyə şərtləri altında, hansı jurnalist işləmək üçün müraciət edər?”.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений