Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan biznesini nə gücləndirir? - Ekspert rəyi



“Məhdud daxili tələbə malik iqtisadiyyatda biznes yalnız yüksək ixrac gəlirləri hesabına güclü inkişaf edə bilər”. 

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

Onun sözlərinə görə məsələn, 145 mln. nəfər Rusiya ilə 10 mln. nəfər əhalisi olan Azərbaycanda ixtiyari bir ayaqqabı istehsalçısının potensial müştəri kontingenti arasında fərqin 15 dəfəyə yaxın olduğu göz önündədir:

“Azərbaycanlı ayaqqabı istehsalçısı müştəri kontingenti arasında bu böyük fərqi əcnəbi müştərilər hesabına qapada bilsə, böyük də qazanc sahibi olacaq. Əks halda məhdud müştəri kontingenti bu biznesin genişlənməsinə, yaxşı para qazanıb investisiyaları artırmasına, deməli həm də nəticə etibarı ilə büdcə üçün daha çox vergi ödəməsinə və daha çox insan üçün məşğulluq imkanı yaratmasına imkan verməyəcək. Bunları yazmağımın səbəbi Azərbaycanın ixrac statistikasının yaratdığı mənzərədir. Onsuz da ölkəmizin qeyri-neft ixracı məbləğ etibarı ilə çox kiçikdir. 

Məsələn, 4 ayın yekunlarına görə bütün ixracın cəmi təxminən 8%-i və ya 485 mln. dolları qeyri-neft sektorunun payına düşüb. Bu məbləğdən bilavasitə təbii resurs sektoruna bağlı olan 2 məhsulun - elektrik enerjisi və qızılın da ixracını nəzərə alsaq, xalis qeyri-resurs sektoru üzrə 4 aylıq ixrac 400 mln. dollardan da az olur. Amma məsələ bunda da deyil: kiçik məbləğdə olan qeyri-neft ixracının özü də çox az sayda ixracatçının əlində cəmlənib. Məsələn, 2018-ci ilin 1-ci rübünün yekunlarına görə, bütün qeyri-neft ixrac gəlirlərinin 58%-i (təxminən 205 mln. dollar) 20 subyektə çatıb. Öz növbəsində onun da 35%-ə yaxını dövlət şirkətlərinin, 65%-i isə özəl sektora çatıb”. 

Ekspertin fikrincə, özəl sektor üzrə ixracın cəmi 25%-i qeyri-neft əmtəələrinin, 75%-i isə neft sektorunun hesabına təmin edilir: “Yeri gəlmişkən, Dünya Bankının son hesabatına görə, Gürcüstanda 2.5 mlrd. dollar ixracat gəlirləri təxminən 1200 ixracatçı arasında bölünür. Azərbaycan Gömrük Komitəsi də bu cür təhlillər aparıb, həm qeyri-neft ixracat gəlirlərinin neçə ixracatçıya çatdığı, ixrac dövriyyəsinə görə (məsələn, 1 mln., 5 mln., 10 mln. dollaradək və s.) məlumatları paylaşsa, ölkədə qeyri-neft ixracatçılarının potensialı ilə bağlı real mənzərəni daha aydın görmək olar”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений