Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP sədrinin müavini: “Seçkidən imtina cəsarətsizlik və özünə inamsızlığın göstəricisidir”



“Ənənəvi müxalifət partiyalarının keçiriləcək prezident seçkilərini boykot etmək qərarını özünə inamsızlıq və zəifliyin etirafı kimi qiymətləndirirəm. Çünki bu partiyaların heç biri təklikdə, yaxud ümumilikdə keçirilən seçkilərə təsiretmə gücünə malik deyil”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini Tural İrfan deyib.

 “AXCP sədri Razi Nurullayevin təbirincə desək, seçkini o zaman boykot etmək olar ki, bu boykotla mövcud iqtidara təsir edə və nəyisə dəyişə biləsən. Əks halda, bu boykot qərarı özünü seçkidən məhrum etmək deməkdir. Bu yanaşmalardan siyasi uzaqgörənlikdən çox şəxsi ambisiya, hissə qapılma və aqressiyanın qoxusu gəlir ki, bu da normal siyasi yanaşmaya bənzəmir. Seçkiyə gedilməli və tam iştirak edilməlidir. Müxalifətin ənənəsinə sadiq qalaraq yenə də digər birləşmə ümidi olan partiyalarla heç bir danışıqlara getmədən, digər mövqeləri dinləmədən kor-koranə seçkidən imtina qərarı verməsi, növbəti dəfə müxalifəti parçalama cəhdidir. Demək, bunlar özləri birləşmənin və vahid mövqe ortaya qoyub onun ardınca getməyin əleyhinədirlər. Sanki insanların 200, 300 il ömrü var və oturub gözləyəcəklər ki, illər-qərinələr gəlib keçsin, görsünlər ki, nə vaxt bunların zövqünə və şəxsi ambissiyalarına uyğun dövr gələcək... Bu, çox zəif, parçalayıcı, ümidqırıcı mövqe, gözləntisi olan vətəndaşların ümidlərinə sayqısızlıqdır”. 

T.İrfan bildirib ki, seçkidən imtina əgər iqtidara təsir göstərə bilməyəcəksə, bu, yalnız cəsarətsizlik və özünə inamsızlığın göstəricisidir: “Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərə bu partiyanın sədri Razi Nurullayevin namizədliyilə gedir. AXCP sədri kifayət qədər özünə inamlıdır və xalqın problemlərinin həlli yolunda bu seçkilərdə müəyyən dəyişikliklər edə bilməyə ümidlidir. Xalqın problemlərinin dilə gətirilərək həlli yollarının göstərilməsi və bu yöndə çoxsaylı təklif paketlərinin hazırlanıb təqdim olunması kimi amillər buna əsas verir. Hazırkı durumda müxalifətin ən doğru qərar qəbul etmiş lideri olaraq öz namizədliyini irəli sürməklə Razi Nurullayev ən sabit addımı atdı.

Bəzilərinin gücü ancaq pafoslu çıxışlar etməklə, başına radikal, xaricdən təsirlənən dinçiləri toplamaqla, xalqın mövqeyini önə almadan öz şəxsi ambissiyalarının təsirinə qapılmaqla ümidli xalqın ümidini sındırmağa çatır. Döyüşə çıxmamış özünü məğlub elan edənlər heç zaman xalqın gücünə arxalanmayıb. Hesab edirəm ki, seçkidən imtina etmək birbaşa xalqımızın əleyhinədir, onun gözləntilərini, ümidlərini məhv etməkdir. Seçkinin vaxtından əvvəl keçirib-keçirilməməsinin xalqın mövqeyinə heç bir aidiyyəti yoxdur. Xalq hər zaman hazırdır, vəsiqəsini götürüb gedəcək məntəqələrə. Ancaq boykot edənlər xalqın yox, özlərinin gücünə arxalandıqları üçün hazırlıqsız olduqlarını bəhanə gətirərək xalqın taleyi ilə oynayırlar. Seçkini boykot edənlər əslində özlərini boykot edir. Bu, yanlış addımdır, seçkidən imtinadır və hakimiyyətə də heç bir təsir qüvvəsinə malik deyil. Əksinə mövcud haqsızlıqların məcrasını müsbətə tərəf seçkidə iştirak etməklə müsbətə doğru dəyişmək olar”. 

Yeganə Oqtayqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений