Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP sədrindən Mirşahinə dəstək: “...onu düşmən elan etdiniz”



“Mirşahin Ağayevi Real TV-nin lisenziya alması, fəaliyyətə başlaması və professional jurnalist komandasını bir yerə yığıb üfiqdə yenidən parlaması münasibətilə təbrik edirəm. ANS TV bağlanan ilk saatlarda onu müdafiə etdim, bu müdafiə bu günə kimi davam edib və edəcək”. 

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri, prezidentliyə namizəd Razi Nurullayev deyib.

R.Nurullayev Mirşahin Ağayevi qınayanlara qarşı çıxıb: “Nə olsun ki, ANS TV son illər müxalifətə az-az yer verirdi? Öz şəxsi mənafeyimizə, şəxsi ambisiyalarımıza görə Azərbaycan əhalisinin həvəslə baxdığı və doğrudan da bir sıra sahələrdə yüz faiz obyektiv məlumat aldığı kanalın bağlanmasına sevinmək olmazdı. Bu gün başqa ad altında efirə qayıtmasına məyus olmaq sözün qurtardığı yerdir. Bəs bu gün siyasi səhnədə, hərəkatda, siyasi təşkilatlarda olan siyasətçiləri Azərbaycan xalqına kim təqdim etmişdi? Onları kim tanıtmışdı, kim onlara sahib çıxmışdı?

Siyasi tok şoularda, “Nəzər nöqtəsi”ndə, “Yeni tarix”də, “Hesabat”da onları kim üzə çıxarmışdı? Ölkədə hökm sürən siyasi konyuktura ucbatından hər kəs apardığı siyasətə dəyişiklik etmək zorunda qalmışdı. ANS də bunu etdi və onu düşmən elan etdiniz. Bəs sizə onilliklər boyu göstərdiyi əvəzsiz xidmət harada qalmışdı? Verdiyi xidmətlər müqabilində onun bağlanmasına sevinmək və “nəzir vermək” demokratiya çarçılarına yaraşmayan hərəkət idi və bu gün də elə o cür hərəkət olaraq qalır”. 

AXCP sədri “Yeni Müsavat” qəzetinin rəhbəri Rauf Arifoğlunun da müdafiəsinə qalxıb: “Rauf Arifoğlu onilliklər boyu biz müxalifətlə birlikdə olub, rəhbərlik etdiyi “Yeni Müsavat” qəzeti müxalifət cameəsinə əvəzsiz xidmət edib, bu adam ölümlə üz-üzə gəlib, Norveç səfirinin evində gizlənərək həyatını xilas edib, amma yenə də rupor olaraq özünü demokratiya ruhaniləri elan edən ənənəvi müxalifət rəhbərlərinə dəstəyini davam etdirib. Elə ki qəzetini, komandasını xilas yolunu seçib, o cümlədən, aparılan ənənəvi siyasətin heç bir müsbət nəticəyə gətirib çıxarmayacağına əmin olub, doğru bildiyi yol ilə getməyə başlayıb. Elə bu andan da görünməyən, amma hər kəsin bildiyi və barmaq tuşladığı orkestr dirijorunun görünməz çubuğu ilə xalq düşməni elan edilib.

Hamımız kimi. Lakin bir özünüzə də, bir bizə də baxın! Bizlər xalqa xidməti davam etdiririk, bu xalq apardığımız siyasət nəticəsində daha da yaxşı yaşayacaq və daha da firavan olacaq. Buna əminəm. Atalar sözü var: igid odur, atdan düşə atlana! Mirşahin Agayev atdan düşdü və yenidən daha inamla atlandı. Rauf Arifoglu da dəfələrlə yenidən atlana bildiyini sübut edib. Bu cür onlarla digər adlar da var. Amma atdan çoxdan düşmüsünüz, bir də atlana bilmirsiniz. Bu xalq apardığımız fərqli siyasətlə, siyasi gedişlərlə, ağıl və zəka ilə daha gözəl yaşam tərzinə çatacaq. Hər şey ağıllı siyasətlə, proqramla, təkliflərlə, inandırmaqla, lazım olanda yavaşımaqla, lazım olanda sürətlənməklə, lazım olanda kənara çəkilməklə, lazım olanda qışqırmaq və susmaqla olur”. 

Sonda AXCP sədri “Siz siyasətlə partizanlığı səhv salırsınız! Təhqir təhqir, söyüş söyüş doğurur. Bunu da unutmayaq! Xalqıma əmin-amanlıq arzulayıram və ümidvaram ki, Real TV xalqın məhəbbətini real olaraq qazanacaq! Yolunuz açıq olsun!”,-deyə vurğulayıb. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений