Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Avropadan silah embarqosu: Azərbaycanı da müdafiəsiz qoyur



Azərbaycan motoatıcı qüvvələrinin mobil və özüyeriyən artilleriya sistemlərini təxminən 150-200 ədəd 152-155 mm-lik belə sistemlərlə təmin etmək istəyir. Ordu.az xəbər portalının açıqlamasına görə, sözügedən ordu hissələrinin tabeliyindəki 122 mm-lik artilleriya sistemləri 152-155 mm-lik modern kalibrli top və haubitsalarla əvəz oluna bilər. Ümumiyyətlə, hazırda dünya ölkələrində bu təcrübənin geniş yayıldığını qeyd edən mənbə bildirir ki, quru qoşunlarının arsenalında istifadə olunan fuqas və qəlpəli-fuqasın təsiri müasir tələblərə cavab vermir. Ona görə Azərbaycan da digər ölkələr kimi, polk-briqada həlqəsindəki artilleriya birləşmələrindən 122 mm-lik sistemləri tədricən yığışdırılıb ehtiyat anbarlarında konservasiya edilməsi nəzərdə tutulub. 

Lakin Azərbaycan özüyeriyən tırtıllı haubitsalar almaq üçün ciddi problemlə üzləşib. Əsasən NATO ölkələrinin arsenalında istifadə olunan “K-9” haubitsalarının mühərrikinin patenti dünyada Almaniyaya məxsusdur. Doğrudur, bu zirehli döyüş texnikasını Almaniyadan başqa, Cənubi Koreya, Türkiyə, Sinqapur və Yaponiya da xüsusi lisenziya əsasında istehsal edir. Həmin ölkələr hətta “K-9” haubitsalarının mühərrikini daha da təkmilləşdirib. Türkiyənin modern əsaslarla qurduğu “Fırtına K-9” sistemləri quru qoşunlarının tərkibində mühüm yer tutur. Türkiyə silahlı qüvvələri adıçəkilən haubitsalardan hazırda Afrində PYD/YPG terrorçularına qarşı hərbi əməliyyatlarda uğurla istifadə edir. Azərbaycan bu silahlara maraq göstərsə də Türkiyənin satmaq imkanı olmayıb. Buna səbəb haubitsaların mühərrikinin və uzaq vuran toplarının Almaniyanın “Reynmetall” şirkəti, dizel yanacağının da MTU şirkəti tərəfindən ixrac edilməsidir. Bundan sonra Azərbaycan Koreya Respublikasının “Samsung Techwin” korporasiyasının istehsalı olan K9 “Thunder” (ildırım) haubitsalarını almaq niyyətini nümayiş etdirib.

Bütün hallarda eyni cavab verilib-Almaniyanın razılığı lazımdır. Almaniya isə ABŞ və digər Avropa Birliyi ölkələri kimi Azərbaycana və Ermənistana silah satışının dayandırılması barədə qərar çıxartdığı üçün həmin artilleriya sistemlərini almaq mümkün olmayıb. Belə olan halda Azərbaycan təkərli daşınan artilleriya sistemləri almağa cəhd edib. Dünyanın bir çox ölkələrində istehsal edilən ən yaxşı variant kimi Cənubi Afrika Respublikasının istehsal etdiyi “Denel Land Systems” şirkətinin təkərli özüyeriyən 45 kalibrli/155 mm zirehli artilleriya sistemi bəyənilib. G6 6?6 formulalı təkərli şassidə yerləşən bu model NATO standartlarına uyğun sayılır. Maksimal atəş məsafəsi isə 41 km təşkil edir. Lakin Cənubi Afrika bu sistemləri Azərbaycana satmaq üçün bir şərt irəli sürüb- “Denel” şirkətinin bir neçə il əvvəl Britaniya korporasiyası olan “BAE Systems” tərəfindən alınıb. Eyni zamanda, qiyməti və təchizat qovşaqları Britaniyadan alındığına görə rəsmi Londonun razılığı lazımdır. Ancaq Böyük Britaniya da Azərbaycan qarşı silah qadağına imza atan dövlətlər sırasında yer aldığından “Denel Lənd Sistems” artilleriya sistemlərini almaq hələlik problem olaraq qalır. 

Ordu.az onu da xəbər verir ki,  Azərbaycan artıq Çexiyadan “Dana” M1M özüyeriyən artilleriya qurğularını alıb. Azərbaycan prezidenti İlham Əliyevin 1sərəncamı ilə  NATO standartlarına uyğun istehsal edilən təkərli "Dana" haubitsaları Azərbaycan silahlı qüvvələrinin 18 sentyabr 2017-ci ildə keçirilmiş irmiqyaslı təlimlərində nümayiş olunub.

Ancaq  silah qadağası tətbiq edən dünya ölkələrinin Azərbaycanla Ermənistanı bu məsələdə eyniləşdirməsi sual yaradır. Çünki Ermənistandan fərqli olaraq Azərbaycan təcavüzə məruz qalan ölkədir. ABŞ, Almaniya, Britaniya, Fransa kimi dövlətlər Ermənistanı işğalçı kimi tanıyarsa, Azərbaycana müdafiə xarakterli silahların, o cümlədən, artilleriya sistemlərinin satılmasında heç bir maneə yarana bilməz. Digər tərəfdən, Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya həm Azərbaycana, həm də Ermənistana silah satdığından Qərb dövlətlərinin belə mövqe nümayiş etdirməsi bölgədə silahlanmanın azaldılmasına heç bir təsir göstərmir. 

Məsələyə münasibətini açıqlayan Milli Məclisin Müdafiə, Təhlükəsilik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Zahid Orucun sözlərinə görə Azərbaycana qarşı silah embarqosu Rusiyanın maraqlarına cavab verən yanlış bir qərardır. Ona görə də Qərb Cənubi Qafqazda Rusiyanın hərbi və siyasi təsirinin azaldılmasında maraqlıdırsa, Azərbaycana qarşı qadağaları da aradan qaldırmalıdır:

“Azərbaycana qarşı silah embarqosunun tətbiqi 1990-cı illərin əvvəllərinə gedib çıxır. Qərb aləmində yanaşma bundan ibarət idi ki, bölgədə strateji maraqlarını reallaşdırmaq, iqtisadi müqavilələri imzalamaq, irimiqyaslı iqtisadi layihələri həyata keçirmək naminə bölgəyə böyük həcmdə silah və sursatların, hərbi texnikanın verilməsini qorxulu hesab edirdilər. Bu səbəbdən məsələn, Ukraynanın nüvəsizləşdirilməsi siyasəti həyata keçirildi. Halbuki, bu gün rəsmi Kiyev bəyan edir ki, həmin razılaşmalar olmasaydı, özümüzün ən güclü hərbi resursumuzdan imtina etməzdik. ABŞ Dövlət Departamentinin Azərbaycana silah satışına qoyulan qadağa ilə bağlı qərarına Avropa Birliyi ölkələri də qoşulublar və hələ də əməl olunur. Nəticədə Azərbaycan həmin embarqonun ciddi çətinliklərini yaşayır. Paradoksal haldır ki, Qərb dövlətləri Azərbaycanın Rusiya ilə hərbi əməkdaşlığını süngü ilə qarşılayır, onun əleyhinə çıxırlar, bu əməkdaşlıqda özəl siyasi əlaqələr axtarırlar. Düşünürlər ki, Moskva və Bakının əməkdaşlığının dərinləşməsi Cənubi Qafqazın xəritəsində Avropa Birliyinin və Amerikanın strateji maraqlarına zərbə vurur. Digər tərəfdən, bölgənin ayaqda qalması və öz təhlükəsizliyini davam etdirməsi üçün sanksiyaları davam etdirirlər.

Yeganə olaraq, bir neçə modifikasiyada tank, top və haubitsalar Gürcüstanın silahlı qüvvələrinin arsenalına verildi. Ancaq həmin silahlarla böyük dövlətlərin hərbi gücü qarşısında duruş gətirmək mümkün deyil. Çünki Gürcüstanın ümumi ərazisi istənilən ölkənin ortamənzilli raketləri üçün əlçatandır. Orada müdafiə istehkamları qurmaq çətindir. Yaxın Şərq dövlətlərinin coğrafiyası və təhlükəsizlik sistemi başqa olduğundan onu Cənubi Qafqaz regionu ilə müqayisə etmək olmaz. Məsələnin bir tərəfi də ondan ibarətdir ki, Azərbaycan bir sıra silahları İsraildən ala bilir, Türkiyə ilə hərbi sahədə yaxşı əlaqələr qurulub. Silah arsenalını yeniləmək üçün Azərbaycana rəsmi Ankara tərəfindən böyük imkanlar açılıb. ABŞ-dan sonra dünyada Rusiya dünya silah bazarında ikinciliyini qoruyub saxlayır. Eləcə də son illər milli müdafiə sənayesini inkişaf etdirən Azərbaycan raket daşıyan Uçan Pilotsuz Aparatların İsraillə birgə istehsalı sahəsində də ciddi uğurlar əldə edib. Pakistan uzun illər ABŞ-ın hərbi müttəfiqi olduğundan malik olduğu silahları və onların çeşidlərini Azərbaycana gətirmək, mövcud boşluğu aradan qaldırmaq üçün ikitərəfli geniş əlaqələr qurulub.

Eyni zamanda, şərqi Avropa ölkələri ilə də Azərbaycanın geniş əlaqələri var. Lakin Qərbin silah embarqosu məsələsini mən parlamentdə gündəmə gətirmişdim. Çünki Azərbaycan ABŞ və Avropa silahlarını əldə etmək hüququna malikdir. ABŞ Ukraynaya 236 milyon dollar dəyərində müdafiə xarakterli tank əleyhinə raketlər və digər modern silahlar verdi. Azərbaycanın da belə silahları almağa ixtiyarı var. Ona görə ki, Azərbaycanın bütün regional layihələri Qərbə yönəlikdir. İkincisi, Azərbaycan bölgədə işğalçılıq siyasəti həyata keçirmir və müdafiə mövqeyi tutur. Üçüncüsü, hərbi balansı təmin edir. Ona görə də düşünürəm ki, hərbi qadağa rejimi Qərbin mənafelərinə daha çox zərbə vurur. Gürcüstan üzərindən bunu həyata keçirmək qeyri-realdır. Bölgənin geopolitik durumu Azərbaycanda həll olunur. 

ABŞ və Avropa dövlətləri müdafiə siyasətində ölkəmizi hərbi tərəfdaş kimi nəzərə almayana qədər dünya bazarlarında “gedin lisenziyanı Berlindən, Londondan alın”- tələbini qoyacaqlar, Rusiya və İran dominantlıq edəcək. Putin və onun çevrəsi əbəs yerə ermənilərin üzünə şapalaq vuraraq demir ki, biz silah satmasaq da başqaları onu Azərbaycana verəcək. Ona görə də Qərbin bu mövqeyinin dəyişməsi üçün rəsmi Bakı hərbi, diplomatik, siyasi gücünü səfərbər etməlidir. Beynəlxalq aləmi inandırmaq lazımdır ki, Azərbaycanın əldə edəcəyi müasir silahlar, tanklar, toplar, qırıcı təyyarələr, raketlər yeni ərazilər zəbt etmək, xəritələri dəyişdirmək məqsədi daşımır. Bu inamı müxtəlif dövlətlərdən qazanmaq lazımdır. Avropa Birliyinin daxilində də bu prosesə maraq göstərən ölkələr var. Müəyyən müqavilə öhdəlikləri və ikitərəfli razılaşmalar əsasında həmin silahları almaq mümkündür”. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений