Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Avropa Türkiyəni milyardlardan məhrum edir



Yaxın günlərdə Avropa İttifaqı Türkiyə ilə münasibətlərini müzakirəyə çıxaracaq."Financial Times" yazır ki, Avropa İttifaqına üzv ölkələr Türkiyənin təşkilata üzvlüyü ilə bağlı son rəylərini bildirməlidirlər.Onlardan bir çoxunun Ankara ilə gərgin münasibətləri Türkiyəni ona üzvlük səyləri ilə bağlı ayrılmış 1 milyard avrodan məhrum edə bilər.Almaniya başda olmaqla bir sıra Avropa ölkələri Türkiyəyə dair müzakirələrin ictimaiyyət üçün açıq olmasını istəyir.Avropa İttifaqı ilə Türkiyə arasında əldə edilmiş razılaşmaya görə, Türkiyəyə üzvlük üçün islahatların keçirilməsi məqsədilə 4 milyard avro verilməsi məsələsi debatların əsas mövzusu olacaq.

FT yazır ki, ən pis halda Türkiyəyə 2020-ci ilədək hər il 600-700 milyon avroluq tranşlarla verilməli olan təzminatın dörddə üç nisbətində ixtisarı baş verə bilər. Söhbət ilk növbədə infrastrukturun və kənd təsərrüfatının inkişaf etdirilməsi üçün ayrılan pullardan gedir.Türkiyəyə münasibətdə ən yumşaq variant yalnız hökumətin QHT-lərə veriləcək pulun kəsilməsi olardı.

FT yazır ki, Avropa İttifaqının danışıqları həm də Ankara-Vaşinqton münasibətlərinin son dərəcə gərgin dönəminə təsadüf edir.ABŞ səfirliyi İstanbuldakı konsulluğunda bir əməkdaşın həbsi ilə bağlı Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb.Buna cavab olaraq ABŞ-dakı Türkiyə səfirliyi də eyni addımı atıb.

Siyasi şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Avropa Birliyinin Türkiyəyə çox böyük ehtiyacı var:

 “Seçki öncəsi Türkiyəyə qarşı çox sərt tənqidlər səsləndirən Almaniyanın kansleri xanım Merkel artıq müsbət açıqlamalar verməkdədir. Bir növ təcili olaraq Türkiyə ilə köçkünlər haqqında razılaşmanın məcburiyyət olduğunu dilə gətirib.Bu təkcə Almaniya siyasətçilərinin deyil, bütövlükdə Avropa məkanının problemidir.Avropa Birliyi yenidən böyük bir köç və miqrasiya dalğası ilə qarşılaşmaq istəmir.Ona görə də Türkiyəni indiki şəraitdə kənara itələməkdənsə, Avropa Birliyinə üzvlüklə bağlı məşğul etməyə çalışırlar.Təbii ki, bu kontekstdə Türkiyədə yerləşən 3 milyon suriyalı ilə bağlı müəyyən vəsaitin verilməsi məsələsinə də baxılacaq.Hesab edirəm ki, bu yöndə maliyyənin verilməsi qismən də olsa, təmin ediləcək.Çünki əks təqdirdə Türkiyə bu məsələdə Avropa Birliyinə yalvaracaq durumda deyil.Əgər qərar qəbul olunarsa, Avropadan birdəfəlik imtina olunması haqqında Türkiyə prezidentinin konkret açıqlaması da var. Bu da Avropa məkanına bir növ meydan oxuması anlamına gəlir”.

Politoloqun fikrincə, bu gün artıq qarşılıqlı maraq çərçivəsində ciddi bir müzakirənin getməsinə ehtiyac var:

“Düşünürəm ki, bundan sonra artıq Türkiyəni aldatmaq və Avropa Birliyinə üzvlük məsələsi ilə bağlı hansısa maddələri, bəndləri müzakirə etmək, vaxt uzatmaq mümkün olmayacaq. Türkiyə dünyanın göbəyində yerləşən və hər bir dövlətin ehtiyacı olan güclü bir ölkədir.ABŞ qurduğu planlara rəğmən hələ də Yaxın Şərqdə, xüsusilə də İraq və Suriyada istəklərini yerinə yetirə bilmir.Çünki regionda Türkiyəsiz hər hansı bir işi reallaşdırmaq mümkün deyil.Bu həqiqətdir və bu gerçəyi zamanında Rusiya anladığı üçün Yaxın Şərqdə, xüsusilə də Suriyada böyük üstünlük qazandı.Artıq bu gerçəyi Avropa Birliyinin də anlaması lazımdır.Bununla yanaşı seçkidən sonra həm Almaniya, həm də Avropa ölkələrində də bu gerçəyi anlamağa başlayıblar.Düşünürəm ki, Avropa bu yöndə siyasət yürüdərsə, onda Avropa Birliyi ilə Türkiyə münasibətlərini yenidən müsbət məcraya daşımaq mümkün olacaq.Əks təqdirdə, Türkiyə öz istiqamətini, inkişaf yönünü müəyyənləşdirib və bu yöndə çox müsbət işartılarla mövcuddur.Avropa və ABŞ-ı da məhz bu müsbət işartılar narahat edir.Əgər Türkiyə bu gün Qərbsiz yaşaya bilirsə, özünümüdafiə qabiliyyətini müstəqil çəkildə gücləndirə bilirsə, ən müasir silahları istehsal etməyə başlayıbsa, deməli, onunla hesablaşmaq lazımdır”.

Alçina Amilqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений