Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AŞPA-nın qərəzli hesabatının arxasındakı dollar marağı - MÜSAHİBƏ



Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə müsahibə verib. Müsahibədə xarici və daxili proseslərdən danışan N.Məmmədova maraqlı məqamlara toxunub. Müsahibənin ikinci hissəsini təqdim edirik. 

(Müsahibənin birinci hissəsini buradan oxuya bilərsiniz”)

“Sistemdə yenilənmə yeni ab-hava gətirir, işgüzarlığı artırır”

-Azərbaycanda da növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir. İddialara görə seçkilərdə müxalifətdə yeni simaların, sivil mübarizə aparan şəxslərin və siyasi qüvvələrin şansları daha yüksəkdir. Siz necə düşünürsüz?

-Parlament seçkilərinin keçirilməsi konstitusiyaya əsasən dövlət başçısının səlahiyyətində olan məsələdir. Əlbəttə, prezident lazım bilərsə, müəyyən şəraitdə onun növbədənkənar keçirilməsinə də özü qərar verə bilər. Əgər dediyiniz kimi payızda  seçkilər keçiriləcəksə, cəmiyyətimiz buna hazır olmalıdır. Onlar hazırkı şəraitdə xalqı təmsil edə biləcək, Milli Məclisdə öz funksiyalarını lazımi şəkildə həyata keçirmək potensialı olan namizədləri seçsələr, əlbəttə ki, bundan həm dövlət, həm də cəmiyyət udar. Parlament seçkilərində kimi seçmək xalqın, seçicilərin hüquqlarına daxil olan məsələdir. Prezident bu seçkiləri təyin edir, xalq isə onu ali qanunverici orqanda təmsil edən nümayəndələrini seçir. Millət vəkilliyinə namizədlərə etimad göstərmək xalqın demokratik hüquqlarından biridir. Biz görürük ki, hazırda dövlətimizdə çox ciddi proseslər gedir, ölkə başçısı Azərbaycanda demokratiya yolunda çox ciddi addımlar atmaqda əzmkarlıqla davam edir. Ali vəzifəli şəxslərin təyinatında bir çox kriteriyalar əsas götürülür ki, onlar qarşılarında qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələ bilsinlər. Bu, çox təqdirəlayiq addımdır. Düşünürəm ki, cəmiyyətimiz də ölkə başçısının yürütdüyü bu xətti davam etdirməli, vətənpərvər, savadlı insanların millət vəkili olmasına səs verməklə ali qanunverici orqanın mərkəzi icra hakimiyyəti orqanlarına adekvat şəkildə formalaşmasına öz töhfələrini verməlidirlər.

Əlbəttə ki, yeni simaların olması xalqın seçimindən asılıdır. Amma yeni simalara, konstruktiv düşüncəli şəxslərə etimad göstərilməsi yaxşı olardı. Elm sahəsində nailiyyətləri olan, səmərəli ictimai fəaliyyəti ilə seçilən, cəmiyyətin həyatının istənilən sahəsində fəal şəxslərin qanunverici orqanda olması yaxşı haldir. Yeni, gənc simalara gəlincə, istənilən sistemdə yenilənmə oraya yeni ab-hava gətirir, işgüzarlığı artırır, işin səmərəsinin yüksəlməsinə səbəb olur və s. Bundan udan isə həm dövlət, həm də cəmiyyətdir. Yenə də son sözü xalq deyəcək.

“AŞPA-nın hesabatı qərəzlidir”

-AŞPA Azərbaycanla bağlı qalmaqal yaradan hesabat hazırlayıb. Avropanın mövqeyini necə dəyərləndirirsiz?

-AŞPA-nın bu mövqeyini çox ədalətsiz, qərəzli, obyektivlikdən uzaq hesab edirəm. Nə üçün?! Əvvəla, bu, heç bir fakta, dəlil-sübuta söykənməyən dedi-qodu səviyyəsində olan məlumatlar əsasında aparılmış araşdırma ilə hazırlanmış hesabatdır. AŞPA-nın hesabatı sanki sarı mətbuat, bulvar qəzetlərinin materiallarının məcmusudur. Bir mötəbər beynəlxalq təşkilatın bir üzv dövləti bu şəkildə ittiham etməsi cəfəng və məsuliyyətsiz addımdır. Bir məşhur tənqidçidən soruşanda ki, daha çox nəyi mütaliə edir, o cavabında deyir ki, dahi alman filosofu Hötenin əsərlərini və hinduların həyatından bəhs edən bulvar romanlarını. Səbəbini isə soruşduqda deyir ki, Hötenin əsərləri o qədər yüksəkdir ki, onu tənqid etmək olmur, bulvar romanları isə o qədər aşağı səviyyədədir ki, onlar heç tənqidə gəlmir. İndi Avropa Şurasının məlum hesabatı bunu xatırladır. Nüfuzlu bir təşkilat sübutsuz, dəlilsiz bir qrup avropalı deputatın digər qruplara qarşı siyasi intriqasında Azərbaycanın adını hallandırır. 

Eyni zamanda, Azərbaycanın özünü də hədəf seçiblər. Burada bir sıra suallar meydana çıxır, niyə məhz indi, niyə məhz Azərbaycan AŞPA-nın tənqid hədəfinə tuş gəldi. Düşünürəm ki, bu, hazırkı mürəkkəb beynəlxalq şəraitlə birbaşa əlaqədar məsələdir. Diqqət yetirsək, görərik ki, istənilən dövlət Avropanın və yaxud ABŞ-ın maraqlarına uyğun olmayan, lakin öz milli maraqlarını əsas götürən bir addım atan kimi dərhal ona qarşı saxta ittihamlarla dolu hesabatlar, qətnamələr, bəzən sanksiya və s.bas verir. BMT, ATƏT, Avropa Şurası və başqa beynəlxalq təşkilatlar onun fəaliyyət mexanizmlərini yaradan, təsis edərək beynəlxalq münasibətlər sisteminə daxil edən ölkələrin əlində təsir vasitəsidir.

Biri bir dövlətə qarşı hücuma keçən kimi digərləri də onunla həmrəylik nümayiş etdirir. Əslində, bu təşkilatlar hamısı bir mərkəzdən idarə olunur. Hamısı Atlantizmin yumşaq güc vasitələridir. Ayrı-ayrı sahələr üzrə ixtisaslaşsalar da, məsələn, BMT dünyada sülhü və təhlükəsizliyi, Avropa Şurası insan hüquqları və demokratiyanı qorumaq səlahiyyəti olan təşkilatlar olsa da, məqsədləri dünya dövlətlərini öz təsirləri altında saxlamaq, istədikləri şəkildə yönləndirməkdir. Azərbaycanda keçirilən seçkilərdə də gördük ki, ATƏT və Avropa Şurasının mövqeyi eynidir. Avropa Şurasının son hesabatı əslində ATƏT-in seçki hesabatının davamı idi desək, yanılmarıq. Bundan başqa, Azərbaycan prezidentinin seçkilərdən sonra ilk səfərini Türkiyəyə etməsi, burada iki ölkə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bir sıra mühüm məsələlər ətrafında, xüsusilə, dollardan imtina barədə razılığa gəlməsi də avropalıları narazı salmış ola bilər. Türkiyə özü də dəfələrlə həm Avropa Şurası, həm də Avropa Birliyi tərəfindən son dövrlərdə bildiyimiz kimi haqsız yerə tənqid olunub. Türkiyədə növbədənkənar seçkilər ərəfəsində bu ölkəyə təzyiqlər güclənib. Yəni, Azərbaycan seçkilərdən dərhal sonra, Türkiyə isə seçkilər ərəfəsində Avropa ölkələrinin tənqid hədəfinə çevrilib.

Bundan başqa bu iki ölkənin Rusiya ilə yaxın münasibətləri də nəzərdən qaçmamalıdır. Xüsusilə, Putinin ən yaxın adamlarından biri Sergey Narışkinin ölkəmizə səfəri Avropada ciddi narahatlıq doğurmuş ola bilər. Eləcə də, bu ərəfədə Azərbaycan müdafiə naziri Çinə səfər etdi və Çinlə hərbi-texniki əməkdaşlıq barədə sazişlər imzalandı. Bu hadisənin də Qərbdə razılıqla qarşılandığını düşünmək sadəlövhlük olardı. 

Xatırlayırsınızsa, Türkiyədə Gəzi parkı hadisələri məhz Türkiyə Çindən milyonlarla dollarlıq silah almaq barədə razılıq dövründə baş verdi. Bu hadisə Qərbdə çox böyük narazılıqla qarşılandı və onlar Türkiyənin daxilində belə bir qarşıdurma yaratdılar. Azərbaycanın Çinlə hərbi əməkdaşlığı, silah almaq barədə danışıqlar aparması da məhz Avropa Şurasının məlum hesabatının yayılması səbəblərindən biri ola bilər. İranla əməkdaşlıq da Qərb tərəfindən xoş qarşılanmır. Ən nəhayət, ehtimal oluna bilər ki, Ermənistanda baş verən hadisələrlə də bu hesabatın birbaşa əlaqəsi var. Qərb güc mərkəzləri, onlarla yaxın əlaqəsi olan erməni lobbisi Avropa Şurası vasitəsilə  Azərbaycana qarşı təzyiqlər göstərməklə, Ermənistandakı Qərbpərəst qüvvələrə kimi Qərbin yanındadır, Rusiyadan uzaqdırsa, ona dəstək veriləcəyi, əks halda, təzyiq göstəriləcək mesajı vermiş ola bilər. Yeri gəlmişkən, erməni diasporuna Qərb mətbuatında Ermənistandakı proseslərlə bağlı tribuna verilməsi də məhz bu dövrə təsadüf edir.

- Qərb Azərbaycanla bağlı  məsələlərə daim ikili standartlarla yanaşıb. Qarabağ məsələsində bunu açıq şəkildə görmək mümkündür. Qərbin ikili münasibəti nə ilə əlaqədardır?

-Bütün bunların səbəbləri ilk növbədə xristian həmrəyliyi olmaqla bərabər, həm Qərbin buradakı geosiyasi maraqları üçün Ermənistandan istifadə etmə planları, eyni zamanda dediyimiz kimi erməni lobbisinin fəaliyyətidir. Avropa Şurasının ermənilərin ən güclü diasporu olduğu Fransada yerləşməsi də burada oz sözünü deyir. Ermənistana güzəştə gedərək planlarını həyata keçirib onu tam özünə tərəf çəkə bilməyən Qərb burada məxməri inqilab deyilən çevriliş üsuluna əl atdı. Ermənistandakı Qərbpərəst qüvvələrə dəstək üçün isə Azərbaycanı təzyiqə məruz qoymaqla onlarla həmrəyliyini göstərmiş olur. Azərbaycanla bağlı əsassız iftiralar əsasında dinləmələr keçirən, hesabat qəbul edən Avropa Şurası Ermənistanın işğalçılıq fəaliyyətinə, milyonlarla insanın deportasiya olunmasına indiyədək göz yumub, işğalçıya qarşı heç bir kəsərli tədbir görməyib. Bu, əlbəttə ki, haqsızlıqdır, ədalətsizlikdir. Avropa Şurası bunu niyə edir? Öz maraqlarını qorumaq üçün, Cənubi Qafqazı Rusiya və İranın təsirindən çıxarıb öz təsir dairəsində saxlamaq üçün və s. Bəs elə isə, Azərbaycanın öz maraqlarını həyata keçirmək üçün atdığı hər hansı bir addım niyə korrupsiya hesab olunsun?! Əvvəla, dediyimiz kimi bu, əsassız iddialardır. İkincisi, lobbi sistemini Qərb özü yaradıb. Azərbaycan tərəfdən diplomatik protokol, qonaqlara nəzakət göstərilməsi nə üçün bu qədər şişirdilməlidir?! Avropanın özünün bir çox problemlərlə qarşılaşdığı bir dövrdə bura terror təhlükəsi, miqrant axını, ekologiya, maliyyə böhranları, separatizm və s. daxildir, Azərbaycanla məsələnin bu qədər şişirdilməsi əlbəttə ki, qərəzli yanaşmadan xəbər verir. Ümumiyyətlə, Avropanın özü o problemləri problem kimi görür ki, onu maliyyə hesabına həll edə bilər.  

Bu məsələlərə dair prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov bu günlərdə yazdığı olduqca maraqlı, aktual bir məqalədə  bütün bu problemləri orada dərindən analiz edib. Əli müəllim haqlı olaraq qeyd edib ki, Azərbaycan əleyhinə iş aparan beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarında ermənipərəst qüvvələr var. Azərbaycanın bu sahədə fəaliyyətinə gəlincə, cənab Əli Həsənovun da qeyd etdiyi kimi lobbini yaratmaq kifayət qədər böyük zaman və gərgin fəaliyyət tələb edir. İkincisi isə, diaspor və lobbi quruculuğuna dəstək göstərməli olan bəzi şəxslər xəyanət yolunu tutmuşlar. Məsələn, Azərbaycanın Avropa Şurası yanında keçmiş səfiri buna misal ola bilər. 

Hörmətli Əli Həsənov çox doğru olaraq vurğuladığı kimi erməni lobbisi Azərbaycan əleyhinə davamlı, məqsədyönlü iş apardığı bir şəraitdə gah Avropa Şurası yanında ölkəmizin keçmiş səfiri xəyanət yolunu tutub, bir qrup ölkəmizin maraqları uğrunda Avropada lobbiçilik, döyüş yox, söyüş mühacirləri öz təhqir fəaliyyətlərini monitor arxasından, zibilliklərdən indi də Avropa Şurasının binası qarşısında  davam etdirir. Bütün bunlar isə ölkəmizin tərəqqisindən narahat olan, beynəlxalq aləmdə onun nüfuzunun azalmasına çalışan qüvvələrin narahatlığına səbəb olur. Ancaq düşünürəm ki, bu cəhdlərin heç bir nəticəsi ola bilməz. Azərbaycan gələcəyə doğru inamla irəliləyən müstəqil, azad, demokratik ölkədir.

Vilayət Muxtar








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений