Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Aqressiyası çoxalan cəmiyyət - YAŞAM



Əlbəttə, istənilən insandan soruşsaq ki, dünyanın ən narahat, ən pessimist, ən aqressiv, ən kədərli, ən əzabkeş, ən kasıb, ən qəddar, ən komik, ən güləyən və “ən” silsiləsinə aid kateqoriyadan olan insanları harada yaşayır - hamı həmin istənilən şəxsin adından bir ağızdan, xorla deyəcək ki, Azərbaycanda! Yaşayışın qeyri-adi standartları və formalarına görə həyatı davam etdirməyin başqa şəkilləri də yalnız bizdədir. 

Başqa sözlə, bizim insanlar - əlbəttə, söhbət oliqarxlardan, oliqarxlara yaxın olanlardan getmir, sadə insanlardan gedir, həmin sadə insanlar bütün ruh hallarına və psixoloji vəziyyətlərə cavab verirlər. Təkcə cavab vermirlər, həm də məcburi şəkildə bu şəraitdə yaşayırlar. Şübhəsiz ki, bu halların başında aqressiya gəlir. Cəmiyyətimiz istər bütöv, istərsə də fərdlər şəklində, hətta imkansz və ya imkanlı kateqoriyaya ayrılmasından asılı olmayaraq, aqressivdir və bu aqressiyanın dayaq tapdığı əsas nöqtə də yuxarıda qeyd etdiyimiz kimi, yaşayışın qeyri-adi standarlarıdır. Ən tanımadığımız və ən ucqar yerdə yaşayan, hətta vəziyyəti əla olsa da, həmin insanın yerinə də etiraf edə, and da içə bilərik ki, aqressivdir. Düşdüyümüz vəziyyət heç yaxın və uzaq gələcəkdə də bu aqressiyadan qurtaracağımıza zəmanət vermir. Amma...

Qida və şəxsi təhlükəsizlik instinkti

İnsanın psixoloji halı elədir ki, çıxılmaz vəziyyətlə üzləşəndə əvvəlcə buna üzülür və kədərə bürünür. Uzun müddət bu vəziyyətdən çıxmaq üçün vuruşur, həyatdan dördəllə yapışır, bir ümid tapıb ondan sallanır, amma vəziyyəti dəyişməyəcək bir nöqtəyə çatanda bu, intiharı seçir. İnsan canının ağrımasına dözməyən varlıq olduğuna görə, bu, bir çox hallarda özünəqəsdlə yox, hiddət və qəzəblə - aqressiya ilə sonuclanır. Əlbəttə, insanların maddiyyatla sınağa çəkildiyi cəmiyyətlərdə hər yola üz tutanların sayı çox olur. Belə desək, hərə bir tikə tapanda kimsə görüb əlindən alar deyə kənara çəkilib dişlərinə çəkir. Özünü və yaşamaq üçün əlindəki sonuncu qidanı qoruyan insanın aqressiv olması labüddür.
Amma cəmiyyətin aqressiyası təkcə sosial amillərlə bağlı deyil, bu, cəmiyyətin fərdlər və bütöv formada öz üzərində işləməməsi, inkişafa meyilli olmaması ilə bağlıdır. Ən ciddi problemlərini belə məsxərəyə qoyub gülən toplum bununla özünü qorumağa çalışır. Əlbəttə, problemlərin üstünə getmək və bunları həll etmək cəsarət tələb edir. Amma açıq fikirlərin başları üzərində “Domokl qılıncı” qaldırılmış cəmiyyətdə insanlar xof içində yaşayırlar. Xoflanan adamın özünü qorumaq gücünə əminliyi olmadığından aqressiyaya və yersiz istiqamətə hücuma meyilli olması da normal haldır.

Azərbaycanda maddi qıtlıqla yanaşı mənəvi qıtlıq da var. Təhsilə o qədər də maraq göstərməyən cəmiyyətimiz digər yandan, keçici - onun heç bir problemini həll etməyəcək şeylərin arxasınca at çapır. 

Məsələn, iqtisadi-sosial problemləri müzakirə etmək yerinə, sosial şəbəkələrdə maraqsız paylaşımlarla özünü təsdiq etməyə çalışır. Halbuki heç bir halda fərdi şəkildə özünütəsdiq də heç bir işə yaramayıb. Bu, eqoları “sığallayan əl”dən başqa heç nə olmur. Çoxluq öz şəxsi eqolarının nə istədiyi ilə hesabalaşan kütlə kimi yaşayır. Əlbəttə, öz şəxsi eqolarının nə istədiyi ilə hesabalaşan insan həmişə məntiqsiz düşüncə yiyəsi olur. Bizdə bir az elə bil məntiq çatışmır. Şübhəsiz ki, cəmiyyəti təşkil edən fərdlərin heç biri bu baxımdan, digərlərindən fərqlənmir. Fərqlənənlər də - intellektual dünyagörüşə sahib olduğunu iddia edənlər də özlərindən razı bir şəkildə ümumi problemləri bir kənara atıb özlərini tərifləməklə məşğuldurlar. 
Ən pisi də budur ki, yerdə qalanlar da bu “intellektualların” bu basqılarından narazıdırlar və vəziyyəti başa düşürlər. Əlbəttə, istər öz içindən, isərsə də kənardan əzilmişlik kompleksi yaşayanların aqressivləşməsi normal haldır. Çünki bu halda vəziyyətdən çıxış yolu olmadığı üçün özlərinə qənim kəsilirlər və aqressiya arta-arta gedir...

Mənsur Rəğbətoğlu








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений