Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ağ Evdə istefası dalğası yenidən gündəmdə: ABŞ-ın yeni “vuran qolu” kim olacaq?



ABŞ-ın dövlət katibi Reks Tillersonun istefaya gedəcəyinə dair müzakirələr yenidən baş qaldırıb. Qeyd edək ki, ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri barəsində ikinci dəfədir ki, belə məlumat yayılır. Hələ iyul ayının sonlarında CNN telekanalı Reks Tillersonun bu ilin sonuna qədər postunu tərk edəcəyini bildirmişdi. Buna səbəb kimi dövlət katibi ilə prezident Donald Tramp arasında fikir ayrılığının yaranması göstərilirdi. Mənbənin açıqlamasına görə, Donald Trampın Cef Şensin baş prokuror təyin edilməsindən təəssüf hissi keçirdiyini deməsi Tillersonun etirazına səbəb olub. 

Digər ehtimallara görə, prezident Trampın Rusiyaya münasibətdə sərt kurs tərəfdarlarının qarşısında geri çəkilməsi Reks Tillersonu narazı salır. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Putin administrasiyası ilə isti münasibətlərə malik olan “Exxon Mobil” şirkətinin sabiq rəhbərinin iki ölkə arasındakı fikir ayrılığını aradan qaldırmaq təşəbbüsünü iflasa uğradıb. ABŞ-la Rusiya arasında diplomatik qarşıdurmanın dərinləşməsi Tillersondan mövqe nümayiş etdirməyi tələb edir. Reks Tillerson iyul ayında istefaya gedəcəyi barədə xəbəri təkzib etsə də onun rəhbərlik etdiyi  sahədə fəallığı nəzərə çarpmır. ABŞ-ın baş diplomatının  xarici siyasət məsələləri ilə bağlı çox az hallarda bəyanatlar verdiyi bildirlir. Bu isə cənab Tillersonun passiv fəaliyyətinə görə istefaya göndəriləcəyinə dair məlumatların yenidən gündəmə gəlməsinə səbəb olub. Hətta bu günlərdə “Foreign Policy” jurnalı Donald Trampın dövlət katibi vəzifəsinə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin namizədliyini irəli sürəcəyinə dair informasiya yayıb. 

Artıq məsələyə xanım Heyli özü də münasibət bildirməli olub. O, dövlət katibi postundan imtina etdiyini deyib. Cənubi Karolina ştatının keçmiş qubernatoru bildirib ki, prezident Tramp bu vəzifəni ilk dəfə ona təklif edib. Lakin Niki Heyli prezidentin təklifini qəbul etməyib və bu işi başqa adama həvalə etməyi məsləhət görüb: “Mən nəyin nə vaxt düzgün alındığını, nə vaxt alınmadığını yaxşı başa düşürəm. Mən sadəcə olaraq, anladım ki, o, daha yaxşı birini tapa bilər”. 

Donald Trampla bu söhbətdən sonra o, Nyu-Yorkdan Cənubi Karolinaya qayıdıb. Az sonra ona Ağ Ev aparatının rəhbəri Rayns Pribus zəng edib və BMT-dəki daimi nümayəndə vəzifəsini təklif edib. Heyli ABŞ hökumətinin tərkibində yer almaq və Ağ Evin Milli Təhlükəsizlik Şurasının üzvü olmaq şərtilə buna razılaşıb. Bundan başqa, o qərarların qəbulunda müstəqil olmaq istədiyini deyib: “Mən kölgədə qalmaq və ya başda danışanın sözçüsü olmaq istəmirdim. Mən ağlımın kəsdiyini danışmaq istəyirdim”-deyə xanım Heyli vurğulayıb. 

Nikki Heylinin açıqlaması ABŞ-ın siyasi dairələrində Reks Tillersonun istefaya gedəcəyinə dair xəbərlərin həqiqətə yaxın olduğunu və onun yerinə namizəd axtarıldığını deməyə əsas verir. Göründüyü kimi, hind əsilli xanım diplomat Reks Tollersonun vəzifəsini tərk edəcəyi barədə deyilənləri təkzib etməyib. O, həmçinin əvvəlki kimi dövlət katibi işləmək niyyətində olmadığına işarə edib. Rusiya prezidenti Vladimir Putin də Şərq İqtisadi Forumunda ABŞ-ın dövlət katibinin barəsində fəaliyyətsizliyinə görə tənqidi fikirlər səsləndirib. Putin vaxtilə medal verdiyi R.Tillersonu indi əməkdaşlığa “pəl vurmaqda” ittiham edib: “Reks Tillerson pis bir kampaniyaya düşdü və Şimali Koreya problemi “qəbristanlığa dəvət” etməklə həll olunmadı”. 

 Putinin Amerikanın fəal xarici siyasət yürüdə bilən baş diplomatının olmadığına eyham vurması təbii ki, Vaşinqton üçün xoşagələn hadisə deyil. Ona görə də Birləşmiş Ştatların daha peşəkar bir siyasətçini dövlət katibi postuna gətirəcəyi istisna olunmur. Reks Tillerson daha çox iş adamı sayıldığından beynəlxalq siyasi münasibətlərlə məşğul olmaq ona yad idi. Bu səbəbdən, onun öz işinin öhdəsindən yetərincə gələ biləcəyi ilk gündən şübhə doğururdu. Sadəcə olaraq, Donald Trampın ona dövlət katibi vəzifəsini həvalə etməsi Rusiya ilə əlaqələri bərpa etmək vasitəsi kimi seçilmişdi. Lakin həm Trampın, həm də Putinlə dostluq əlaqələri olan Tillersonun Konqresdəki respublikaçılar və demokratların sərt müqaviməti ilə üzləşməsi Rusiya ilə münasibətlərin düzələcəyinə olan ümidlərə son qoydu. Üstəlik, Tillersonun baxışları Konqresdəki mühafizəkar respublikaçıların siyasi prinsipləri ilə üst-üstə düşmür. Sərt xarici siyasət tərəfdarı olan senatorların Tramp administrasiyasının fəaliyyətini məhdudlaşdıran qanunvericilik mexanizmi yaratması ABŞ hökumətində istefalarla müşahidə olunur. Bu baxımdan, növbənin dövlət katibinə çatacağı gözlənilə bilər. 

Digər tərəfdən, ABŞ-ın siyasi sistemində dövlət katibi postu strateji əhəmiyyət daşıyır. Superdövlət kimi Amerikanın xarici siyasət strategiyasının formalaşmasında dövlət katibi mühüm rol oynayır.  ABŞ-ın dövlət katibi vəzifəsini daşıyan diplomatlardünya siyasi düzənin müəyyənləşməsində fəaliyyətləri ilə yadda qalıb. Yaxın  tarixdə Henri Kissencer, Ceyms Beyker, Madlen Olbrayt, Kolin Pauel, Kandalıiza Rays, Hillari Klinton kimi dövlət katibləri qlobal siyasi proseslərin fəal iştirakçıları olub. Reks Tillersonun sələfi Con Kerri də beynəlxalq siyasi proseslərin formalaşmasında fəal iştirak edib. Con Kerrinin dövründə ABŞ İranla nüvə proqramına dair razılaşma əldə edib, Kuba və Vyetnamla diplomatik barışığa nail olunub. 50 ilə yaxın fasilədən sonra Venesuela prezidenti ilə ABŞ arasında danışıqları məhz Con Kerri aparıb. Amerikanın Şərqi Avropada və Ukraynada Rusiyaya qarşı geostrateji mübarizəsinin təşkilində  Con Kerri fəal iştirak edib. Ancaq “soyuq müharibə”nin başa çatmasından sonra yeni dünya düzəninin əsas müəlliflərindən biri olan Madlen Olbrayt, 2001-ci ildən başlayaraq qlobal terrorizmə qarşı mübarizənin təşkilatçılarından olan Kolin Pauel, Kondaliza Rays, “Ərəb baharı” inqilablarının və “Əl-Qaida” terror təşkilatının lideri Üsəma bin Ladenin məhv edilməsi planının müəlliflərindən biri hesab olunan Hillari Klintondan fərqli olaraq, Reks Tillerson heç bir xidməti ilə yadda qalmayıb. 

Siyasi müşahidəçilər indi Tillersonu əvəz edə biləcək ən şanslı namizədin kim olması sualı ətrafında müzakirələr aparır. Niki Heyli özü bu vəzifədən imtina etməkdən əlavə Senatın dəstəyini qazana biləcək qədər reytinqə malik siyasətçi hesab olunmur. 

Hazırda dövlət katibi postuna respublikaçılar arasında ən çox iki siyasətçinin namizədliyi irəli sürülə bilər. Onlardan biri Respublikaçılar Partiyasının Senatdakı deputat qrupunun rəhbəri Mitç Makkonel, digəri isə Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Korkerdir. Mitç Makkonelin prezident Trampla münasibətləri soyuq olduğundan Ağ Ev rəhbərinin onun namizədliyini dəstəkləməsi real görünmür. Bob Korker isə Tillersondan əvvəl dövlət katibi postuna əsas namizədlərdən biri hesab olunub. Trampın xarici siyasət kursunun tənqidçilərindən olan Korker sərt kurs tərəfdarlarını təmsil edir. Nüfuzlu diplomat sayılan B.Korker dövlət katibi vəzifəsinə gətirilərsə, ABŞ-ın xarici siyasətində yeni fəal mərhələ başlana bilər. Bu, eyni zamanda, prezident Tramp üzərində Senatın nəzarətini daha da gücləndirməyə kömək edəcək.

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений