Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ağ Ev demokratiya ənənəsindən üz çevirir



ABŞ-ın BMT-in İnsan Haqları Şurasının üzvlüyündən çıxması İsrail istisna olmaqla dünya dövlətlərinin əksəriyyəti tərəfinqən pislənib. Avropa Birliyi, Rusiya, Çin və digər ölkələr Tramp administrasiyasının bu qərarını tənqid edib.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo və BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Niki Heyli bu qərarı adıçəkilən şuranın Amerikanın müttəfiqlərinə, konkret olaraq İsrail əleyhinə qərəzli mövqe tutmaqla əsaslandırıb. Onun fikrincə, Şura insan hüquqlarının müdafiəsində öz missiyasını yerinə yetirmir.

İsrailin baş naziri Benyamin Netanyahu özünün “Tvitter” səhifəsində Birləşmiş Ştatların qərarını dəstəklədiyini yazıb: “İsrail prezident Trampa, dövlət katibi Pompeoya və səfir Heyliyə BMT-nin İnsan Hüquqları Şurasının riyakarlığına və yalanlarına qarşı qəbul olunmuş cəsarətli addımlarına görə təşəkkür edir”-Netanyahu belə qeyd edib. Hökumət başçısı bəyan edib ki, BMT İnsan Hüquqları Şurası öz fəaliyyəti dövründə özünü İsrail əleyhinə düşmən mövqedə olan bir orqan kimi göstərib. Onun sözlərinə görə, İHŞ özünün insan haqlarının müdafiəsi sahəsindəki missiyasına xəyanət edir. Rusiyanın BMT-dəki daimi nümayəndəliyindən isə bildiriblər ki, ABŞ-ın BMT-nin İnsan Hüquqları Şurasından çıxması ABŞ-ın öz maraqlarının irəli getməsi üçün Şuranı itaətkar bir vasitəyə çevirmək niyyətindən xəbər verir.

Qeyd edək ki, ABŞ-ın beynəlxalq əməkdaşlıq formatından imtina etməsi Donald Trampın prezidentliyi dövründə siyasi ənənəyə çevrilib. Bundan əvvəl ABŞ Sakit Okean Hövzəsi ölkələri ilə Ticarət Sazişi, Meksika ilə NAFTA müqaviləsi, İranın nüvə proqramına dair “Altılıq” ölkələrinin imzaladığı Geniş və Hərtərəfli Fəaliyyət Proqramından imtina edib. Hətta prezident Trampın iyunun 12-də “Böyük yeddilər”in zirvə görüşündə qəbul olunmuş yekun sənədə imza atmadan sammiti tərk etməsi ABŞ-ın bu birlikdə fəaliyyətdən imtina etməsi kimi dəyərləndirilib. 

Bəzi siyasi müşahidəçilər ABŞ-ın xarici siyasətində son illər müşahidə olunan bu dəyişiklikləri siyasi səhv adlandırır. 

Politoloq Elşən Manafov isə hesab edir ki, ABŞ-ın beynəlxalq sazişlərdə və müxtəlif əməkdaşlıq formatında iştirakını dayandırması rəsmi Vaşinqtonun strateji maraqları ilə bağlıdır:

“ABŞ-ın xarici siyasətində kəskin dəyişikliklərin olacağı gözlənilən idi. Donald Tramp hələ prezident seçkiləri kampaniyası dövründə seçiləcəyi təqdirdə, ABŞ-ın daxili siyasəti ilə bağlı problemlərin həllinə daha çox diqqət ayıracağını demişdi. Çünki Birləşmiş Ştatların xarici borcu 14 trilyon dolları keçmişdi. Bir tərəfdən, Çin kimi nəhəng dövlət, digər tərəfdən, Avropa Birliyi ABŞ-ın əsas rəqiblərinə çevrilmişdi. Çinin ümumdünya daxili məhsulundakı payına görə ABŞ-ı geridə qoya biləcəyi də istisna deyildi. Trampdan öncə Barak Obamanın prezidentliyi dönəmində Amerikanın İraqda, Əfqanıstanda, Suriyada apardığı kampaniyalar dövlətə çox böyük maliyyə xərcləri hesabına başa gəlmişdi. NATO-nun xərclərinin 65 faizi Birləşmiş Ştatların payına düşürdü və Amerika Avropanın təhlükəsizliyi ilə bağlı problemləri, qayğıları təkbaşına öz üzərinə götürmək gücündə deyildi. Bir sözlə, ABŞ-a daxili problemlərdən azad olmaq lazım idi.

ABŞ-ın dünyanın ən birinci fövqəldövləti olmasına, ən güclü silahlı qüvvələrə sahib olmasını, hərbi büdcəsinin dünya dövlətlərindən artıq olmasını nəzərə alsaq, rəsmi Vaşinqtonun öz mövqeyindən geri çəkiləcəyini düşünmək də düzgün olmaz. ABŞ-ın Avropa Birliyi və NATO ilə münasibətlərində yaranmış ziddiyyətlərin səbəbi aydındır. Bu bir tərəfdən, Çinə ticarət müharibəsi elan etməsi, İranın nüvə proqramına dair sazişdən çıxması, digər tərəfdən, Avropa Birliyi ilə münasibətlərdə çatın yaranması ilə bağlıdır. NATO-nun gələcəyi ilə bağlı məsələlərdə verdiyi açıqlamalar Merkeli və başqalarını da narahat etməyə bilməzdi. Ona görə də ABŞ-ın polad və alüminium istehsalı ilə bağlı rüsumları artırması Avropa Birliyini narahat etməyə bilməzdi. Alüminium sahəsində ABŞ dünyada aviasiya sənayesini, polad istehsalı vasitəsilə dünyanın hərbi-sənaye kompleksinə nəzarəti ələ almaq istəyirdi. Rusiya ilə münasibətlər də, gərginliyin artması da rəsmi Moskvanı Avropa Birliyinin bəzi ölkələri ilə münasibətlərə yenidən baxmağa sövq etdi. Suriya probleminin həllində Rusiyanın əldə etdiyi uğurlar və Türkiyə ilə əməkdaşlığı Vaşinqtonun Amerika ilə münasibətlərində çat yaratdı.

Yalnız son vaxtlar ABŞ Menbiçlə bağlı məsələdə Türkiyədə razılaşma əldə etməsi və PKK-ya maliyyə dəstəyini dayandırması Türkiyənin NATO-dan çıxmasının qarşısını almağa yönəlmiş addım idi. Ən əsas məqamlardan biri dollar ABŞ dövlətinin nəzarətində olan bir valyuta deyil. Bu, daha çox ümumdünya məxfi hökumətinin və Amerikanın 14 kommersiya bankının nəzarətində olan pul vəsaitidir və qızıla dayanmır. Bu da onu göstərir ki, əgər dollara alternativ valyuta yaradılarsa, dollar iflasa uğraya bilərdi. Ona görə ABŞ belə addım atmalı oldu. Son dövrlər ABŞ-ın İsraillə bağlı atdığı addımlar, Qüdsü İsrailin paytaxtı kimi tanıması, Birləşmiş Ştatların ərəb dövlətləri ilə münasibətlərinə mənfi təsir göstərdi. ABŞ-ın digər planı öz neftini Avropanın bazarına çıxartmaq istəyidir. Məqsəd isə Rusiyanı Avropanın enerji bazarından kənarlaşdırmaqdır. Bu arada ABŞ hökumətinin Cənub Qaz Dəhlizini dəstəkləməsi göstərir ki, Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu həm bölgə dövlətləri, həm də ABŞ-la münasibətlərimizdə müsbət amil kimi dəyərləndirilə bilər”.

Ekspert bildirdi ki, ABŞ-ınsan hüquqları və demokratiya amilindən özünün həyati əhəmiyyətə malik bölgələrdə öz siyasətini həyata keçirmək üçün istifadə edir. ABŞ-ın İsraili dəstəkləməsi də dünyanın enerji bazarlarından ərəb ölkələrini sıxışdırıb çıxartmaq və Amerikanın öz istehsalı olan xammalı satışa çıxartmaq planlarından irəli gəlir. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений