Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

ABŞ və Rusiya bazarlığa gedir: Ukrayna əvəzinə Şimali Koreya?



“Əslində böyük dövlətlər arasında razılıq ehtimalı həmişə var. Buna fəlsəfənin "əksliklərin vəhdəti və mübarizəsi" baxımdan yanaşsaq, böyük dövlətlərin, dünya siyasətini müəyyən edən güclərin arasinda ayrı-ayrı məsələlərə dair zaman-zaman həm vəhdət, həm də mübarizə baş verir. Dünya tarixində daima böyük güclərin öz aralarında razılaşmaları baş verib və buna saysız-hesabsız misallar çəkmək olar. Konkret olaraq, ABŞ və Rusiyaya gəlincə, "Soyuq müharibə" dövründə bu iki super güc dünyanı kondominium prinsipi ilə idarə etmişlər. Misal olaraq, BMT-nin, ATƏT və bir çox digər təşkilatların yaradılması, Yaxın Şərqin və Şərqi Avropanın rusların, Qərbi Avropanın, Latın Amerikasının isə amerikalıların nəzarətinə keçməsi barədə razılaşmanı xatırlamaq olar”.

Bunu Cebhe.info-ya qaçıqlamasında siyasi-şərhçi Nəzakət Məmmədova deyib. N.Məmmədova hesab edir ki, ABŞ və Rusiya sahib olduqları mövqeylərini qorumağa çalışır:

“Bəhs etdiyimiz Ukrayna SSRİ-nin ərazisi idi və Şimali Koreya da eynilə sovetlərin nüfuz dairəsinə daxil idi. İki Koreya bildiyimiz kimi 1948-ci ildə bölünmüş, 38-ci paraleldən şimala rusların, cənub isə amerikalıların təsir dairəsinə keçmişdi. 1950-53-cü illər müharibəsindən sonra isə tamamilə ayrı-ayrı formasiyalara qədəm qoymuşdur. Bu gün isə ABŞ bu bölgü ilə razılaşmaq istəmir. Çünki rusları bir neçə istiqamətdə SSRİ dövründə onların nüfuz dairəsinə daxil olan ərazilərdən sıxışdırıb çıxarmaq istiqamətində iş getdi və son 25 ildə baş verən dünyanın ayrı-ayrı bölgələrindəki münaqişələr həm də bunun nəticəsidir. Misal olaraq, Balkanlarda bu baş tutdu və Rusiya oradan uzaqlaşdırıldı. Onun ən yaxın müttəfiqi Serbiya əvvəlcə NATO tərəfindən bombardman edildi, parçalandı, Kosovo serblərdən alınaraq, müstəqil dövlət elan olundu. Lakin Yaxın Şərqdə ruslar eyni təhdidlə üzləşsələr də, Suriya müharibəsinə fəal hərbi müdaxilə və qazanılmış uğurlar sayəsində Rusiya öz mövqeyini qoruyub-saxlamağı bacardı. Baltik respublikaları da ruslardan alındı və həm NATO-ya, həm Avropa Birliyinə üzv qəbul olundu. Lakin Cənub-Şərqi Asiya olduqca strateji mövqeyinə görə asanlıqla təhvil verilə bilməz. Həm Rusiya, həm ABŞ buradakı mövqeyini saxlamağa çalışır”.

N.Məmmədovanın sözlərinə görə, Çin və Yaponiyaya yaxınlıq, habelə Sakit Okeana çıxışı olan əlverişli bir bölgədə yerləşən coğrafi mövqeyi Şimali Koreyanı əvəzedilməz edir:

“Rusiya onsuz da son dövrlərdə dünya okeanına çıxış imkanlarından məhrum edilir, öz sərhədləri daxilində sıxışdırılması çalışılır. Baltik dənizi qeyd etdiyimiz kimi artıq Qərbin nəzarəti altındadır, Qara dəniz və Yapon dənizi, Sarı dəniz, Sakit Okean istiqamətində də mövqelərini əldən verərsə, bu, ölkənin zəifləməsinə gətirib çıxara bilər. Ukrayna tamamilə Qərbin nəzarətinə keçərsə, bu Rusiya üçün çox böyük geosiyasi itki deməkdir. Rusiyanın ən böyük geosiyasi planlarından biri olan Avrasiya inteqrasiyası puça çıxar. Sakit okean da eynilə həm Rusiya, həm ABŞ üçün çox önəmlidir. Çünki burada Çinə və Yaponiyaya, eləcə də, bütün Cənub-Sərqi Asiyaya nəzarət etmək mümkündür. Xatırlayırsınızsa, ABŞ-ın İkinci Dünya müharibəsinə qoşulması Pyorl-Harbodan, onun Sakit okean donanmasına hücumdan başlamışdı. ABŞ təbii ki, bu gün öz təhlükəsizliyinə heç bir təhdid istəmir. Rusiya da eynilə. Odur ki, Şimali Koreyanın Çin kimi nəhəng bir dövlətlə yaxın məsafədə olması həm ABŞ, həm Rusiya üçün onu dünyanın bu mühüm bölgəsində daha da strateji bir nöqtəyə çevirir. Yəni, hazırda həm Ukrayna, həm də Şimali Koreya ABŞ və Rusiya üçün olduqca mühüm, həyatı əhəmiyyətli zonalardır və onlardan birinin digərinin xeyrinə öz maraqlarından əl çəkməsi inandırıcı görünmür. Odur ki, Suriyada olduğu kimi burada da heç bir tərəfin öz mövqeyindən geri çəkilməyəcəyini və öz maraqları uğrunda sonadək mübarizə aparacağını gözləmək olar”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений