Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

ABŞ niyə ikibaşlı danışır? - Təhlil



Türkiyə isə Vaşinqtondan açıq və dəqiq cavab gözləyir.

ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə məsləhətçisi Tomas Bossert  Davosdakı Dünya İqtisadi Forumunda “Zeytun budağı” hərəkatını dəyərləndirib. Türkiyənin Afrindən çəkilməsi lazım olduğunu söyləyən Bossert, "Hər hansı bir yanlış anlaşılma və hesablamanın ağır nəticələri ola bilər" deyərək Türkiyəni təhdid edib.

ABŞ bir tərəfdən Türkiyəyə Suriyada “təhlükəsiz bölgə” təklif edərkən, digər tərəfdən də Ankaranın Afrindən çəkilməsini tövsiyə edir.

Bossert, beynəlxalq iqtisadi forumda çıxış edən T. Bossert Türkiyənin YPG-yə qarşı hərbi əməliyyat keçirməsini   istəmədiklərini  və  Ankaranın Afrindən çəkilərək toqquşmadan uzaq qalmasına üstünlük verəcəklərini söyləyib.

ABŞ-ın hərbi müşavirlərinin bölgədə olduğunu bildirən Trampın müşaviri, “Hər hansı bir yanlış anlaşılma və hesablamanın ağır nəticələri ola bilər"-deyə, Türkiyəni üstüörtülü təhdid edib.

Tomas Bossertin açıqlaması ABŞ-ın Afrin əməliyyatına münasibətində ikili mövqe nümayiş etdirməsi kimi qiymətləndirilə bilər. Çünki milli təhlükəsizlik məsələləri üzrə məsləhətçinin sözləri  rəsmi Vaşinqtonun Afrinlə bağlı son bəyanatları  ilə ziddiyyət təşkil edir. Qeyd edək ki, ilk günlər ABŞ Ərdoğan iqtidarını Afrin əməliyyatından çəkinməyə  çağırsa da sonradan mövqeyində müəyyən korrektələr etməli oldu.  Birləşmiş Ştatlar Türkiyənin  terrora qarşı mübarizədən imtina etmək niyyətində olmadığını görüb, köhnə və yeni müttəfiqləri arasında seçim etmək qərarı verdi.  Amerikanın əməliyyatı  qısa müddətdə başa çatdırıb tezliklə Suriya ərazisini tərk etmək şərti  ilkin mərhələdə həm  rəsmi Ankara, həm də  PYD/YPG ilə münasibətlərdəki tarazlığı qoruyub saxlamağa hesablanmışdı. Ancaq Türkiyənin silahlı qüvvələrinin qarşısında  kürd silahlılarının məğlub olması  ABŞ-ın yanaşmasına təsirsiz ötüşməyib.  Pentaqon rəhbəri Ceyms Mətts Türkiyənin öz sərhədlərini müdafiə etmək hüququa malik olduğunu  və hava zərbələri  endirilməzdən öncə  Ankaranın ABŞ-ı məlumatlandırdığını bildirdi. Bunun ardınca isə prezident Donald Trampın  həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək bir çox tərəfləri hələ  də açıqlanmayan müzakirələr aparması ABŞ-Türkiyə münasibətlərində gərginliyin aradan qaldırlması istiqamətində  yeni mərhələnin başlanması kimi də dəyərləndirilir. Telefon danışında  Türkiyə  öz şərtlərini çatdırıb və indi növbə  Birləşmiş Ştatlarındır.  Yəni Rəcəb Tayyib Ərdoğan Suriya Demokratik Qüvvələri adı altında təşkilatlandırılmış PYD-yə və onun silahlı qanadı olan YPG terror təşkilatına  yardımın dayandırılmasını istəyir.  Amerika isə hələlik ikili mövqe nümayiş etdirir.  Bir tərəfdən Vaşinqton  NATO üzrə Yaxın və Orta Şərqdəki  ən böyük  müttəfiqi   olan Türkiyə ilə münasibətlərin pozulmamasının vacibliyini anlayır. Digər tərəfdən, YPG terror təşkilatı ilə əməkdaşlığın davam etdirlməsi ABŞ-a Suriyada mövcudluğunu təmin etmək üşün lazımdır.  Buna baxmayaraq, NATO rəhbərliyinin Afrin əməliyyatı məsələsində siyasi cəhətdən Türkiyəni dəstəkləməsi  ABŞ qarşısında rəsmi Ankaranın mövqeyini  gücləndirir. ABŞ isə artıq Türkiyə silahlı qüvvələrinin qarşısında  pərakəndə vəziyyətə düşmüş kürd silahlı dəstələrini bir araya toplamaqda kifayət qədər  maraqlı  görünmür. Çünki Vaşinqtonun yenidən kürd terrorçuları ilə müttəfiqliyi  gücləndirmək səyləri  bölgədə Türkiyənin vasitəsilə  geosiyasi üstünlüyünü möhkəmlətmiş Rusiyanın və İranın xeyrinə işləyə  bilər.

İkincisi, ABŞ kürd yaraqlıları ilə müttəfiqliiyini İŞİD-ə qarşı mübarizənin vacibliyi ilə əsaslandırırdı. Artıq İŞİD-lə mübarizə yekunlaşmaq üzrədir və  Suriyanın şimalı radikal islamçılardan tamamilə azad edilib. Bu baxımdan, Türkiyə ABŞ üçün YPG-dən daha önəmli müttəfiq statusuna qayıdır. Donald Trampla Rəcəb Tayiib Ərdoğanın telefon söhbətindən dərhal sonra  Türkiyənin Suriyanın Menbiç bölgəsində anti-terror əməliyyatlarına başlayacağına dair xəbərlərin  yayılması Ağ Evlə hansısa bir razılaşmanın əldə olunduğunu  istisna etmir. Yanvarın 26-da isə Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hulusi Akarın Şanlıurfaya gedərək Menbiç və Kobani bölgələrinin terrorçulardan azad ediləcəyinə dair açıqalama verməsi Ankaranın  YPG-yə arxadan zərbə vurmaq üçün əməliyyata hazırlaşadığını deməyə əsas verir. Qeyd edək ki, ABŞ-ın Menbiç, Kobani və Raqqada 8 hərbi bazası var.  2017-ci ilin mart ayında Türkiyə  Fərat çayının sol sahilində yerləşən Menbiçi və Kobanini PKK-çılardan təmizləmək üçün “Fərat qalxanı” əməliyyatının ikinci mərhələsinə  başlamaq  qərarını məhz ABŞ-ın etirazlarından sonra təxirə salmalı olmuşdu. Həmin vaxt Amerika  kürdlərə qarşı endirilən zərbənin Raqqanı  İŞİD-dən azad etməyə mane olacağını bildirdi. Artıq Fərat çayının həm sağ, həm də sol sahili İŞİD-çilərdən azad edildiyindən Birləşmiş Ştatların arqumentlərinin tükəndiyini söyləmək olar. Ona görə də Ərdoğan-Tramp danışığı zamanı Menbiç məsələsinə dair anlaşmanın əldə olunudğu mümkündür. Ancaq  Türkiyənin ABŞ-ın maraqlarını təmin edən hansı addımlar atacağı barədə məxfi razılaşmanın nədən ibarət olduğuna  dair məlumat  yoxdur. 

Vaşinqtonu kompromiss variantlar axtarmağa sövq edən amillərdən biri də Suriyanın siyasi gələcəyi ilə bağlıdır. Bu məsələdə tərəflərin maraqları müəyyən qədər üst-üstə düşür.  Hər iki tərəf  Suriyanın gələcəyinin Bəşər Əsəd hakimiyyətinin iştirakı olmadan formalaşmasını tələb edir. Lakin ABŞ Suriyanın federallaşmasını  və ya bölünməsini  təklif edirsə, Türkiyə qətiyyətlə bunun əleyhinə çıxır. Artıq  Türkiyə Afrin əməliyyatından sonra bu istiqamətdə  bir addım önə çıxıb. Soçidə keçirləcəyi gözlənilən Suriya Xalqlarının Milli Dialoq Konqresində Türkiyənin “Zeytun budağı” əməliyyatının emblemi əks olunmuş bayraq və Suriyanın dövlət bayrağı da asılacaq. Halbuki, Türkiyə Əsəd rejiminin tədbirdə rəsmi iştirakının əleyhinə idi. İndi  yayılan xəbər Türkiyənin Afrin əməliyyatının nəticələrinin Əsəd rejimi ilə konqres iştirakçıları tərəfindən qəbul olunduğunu, əvəzində isə Ərdoğan iqtidarının rəsmi Dəməşqin müzakirələrə  qatılmasına razılıq verdiyini  göstərir. Nəticədə,  oyundan çıxarılmış vəziyyətə düşən PYD/YPG Suriyada siyasi barışığın əldə olunmasına dair müzakirələrə qatıla bilməyəcək.  Ona görə də ABŞ  Afrin əməliyyatından sonra  Suriyanın gələcəyinin müəyyənləşməsində  regional güc mərkəzinə çevrilmiş  Türkiyənin rəyini  nəzərə almağa üstünlük verir.

Lakin qeyd edilənləri  hələlik Birləşmiş Ştatların birmənalı mövqeyi kimi qəbul  etmək olmaz.  Yəni indiki şəraitdə Türkiyənin Amerika ilə münasibətləri qısa zaman kəsiyində nizama salması asan görünmür.  Ankaradan gələn bəyanatlar da Türkiyə rəsmilərinin ABŞ-la danışıqlarda tam ortaq məxrəcə gələ bilmədiklərini əks etdirir.   İlk növbədə, Vaşinqton Yaxın Şərqdə kürd  kartı ilə bağlı strateji planının dəyişib-dəyişmədiyinə aydınlıq gətirməlidir.

Digər tərəfdən, Türkiyə Vaşinqtonda  səslənən ikili bıyanatlara son qoyulmasını, yəni ABŞ-ın konkret mövqe ortaya qoymasını istəyir. Tomas Bossertin bəyanatı da müdafiə naziri C.Məttsin açıqlaması və prezident Trampın Türkiyənin mövqeyini anlayışla qarşıladığına dair məlumatlarla bir-birini təkzib edir. Bu da öz növbəsində, iki səbəblə izah oluna bilər. Birincisi, ABŞ-ın Yaxın Şərq siyasəti  ilə bağlı strateji planının olmaması və ya “Böyük Yaxın Şərq” layihəsinin özünün doğrulmaması. Ona görə də ABŞ Yaxın Şərqə dair geostrateji planlarını yenidən nəzərdən keçirməlidir.

İkinci ehtimal isə ABŞ administrasiyası daxilində ciddi  fikir ayrılığının olması ilə bağlıdır. Zaman-zaman Pentaqonla Mərkəzi Kəşfiyyat İdarəsi  və ya Dövlət Departamentinin nümayəndələri ilə Ağ Ev rəmilərinin fikirlərinin üst-üstə düşməməsi barədə açıqlamalar yayılıb ki, bu da ABŞ-ın xarici siyasətinə mənfi təsir göstərib.

Müşfiq Abdulla  

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений