Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

ABŞ bazaları geri qayıdır: Rusiya ətrafında çəmbər daralır



ABŞ-ın Mərkəzi Asiyada fəallığının artması müşahidə olunur. Son dövrlər rəsmi Vaşinqton Qazaxıstanda və Mərkəzi Asiyada geosiyasi, geoiqtisadi, hətta hərbi maraqlarını reallaşdırmaq üçün bir sıra addımlar atmağa başlayıb. Bu baxımdan, Özbəkistan prezidenti Şövkət Mirziyoyevin ABŞ-a rəsmi səfəri diqqəti cəlb edir. Əslində, ABŞ-ın Mərkəzi Asiyada geosiyasi və hərbi fəallığı 2001-ci il 11 sentyabr faciəsindən sonra Əfqanıstanda anti-terror əməliyyatlarının aparıldığı dövrə təsadüf edir. Həmin vaxt Özbəkistan prezidenti İslam Kərimov Karşi-Xanabad hərbi bazasını Pentaqonun istifadəsinə vermişdi. 

Bu qərar Rusiyanı naharat etsə də Kreml beynəlxalq terrorizmə qarşı mübarizədə iştirak etdiyinə görə narazılığını açıq ifadə edə bilmirdi. Karşi-Xanabadda ABŞ hərbi bazasının mövcudluğu İslam Kərimov hakimiyyətinə Özbəkistanın Fərqanə vadisində genişmiqyaslı anti-terror əməliyyatı keçirmək imkanı yaratdı. Lakin 2005-ci il Əndican qırğınından sonra Birləşmiş Ştatların İslam Kərimova qarşı tənqidi münasibətinə etiraz olaraq, amerikalılar Özbəkistandan çıxarıldı. Bundan sonra ABŞ hərbi bazaları 2009-cu ilə qədər Qırğızıstanın "Manas" hərbi hava bazasından istifadə edib. Amerika hərbçilərinin Mərkəzi Asiyanı tərk etməsindən və Əfqanıstandakı hərbi kontingentin sayı azaldıldıqdan sonra bu bölgədə daha çox Rusiyanın geosiyasi və Çinin iqtisadi nüfuzu artmağa başladı. Doğrudur, ABŞ 2011-ci ldə Mərkəzi Asiya dövlətlərini və Qazaxıstanı birləşdirən "G-5" əməkdaşlıq formatı təşkil etsə də bu qurum qarşılıqlı əməkdaşlığın dərinləşməsi istiqamətində ciddi dəyişiklik yarada bilmədi. 

2018-ci ilin fevral ayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Ağ Evə rəsmi səfəri isə ABŞ-ın Mərkəzi Asiyada təsirinin artması istiqamətində dönüş mərhələsi hesab edilir. Tərəflər ABŞ şirkətlərinin Qazaxıstan iqtisadiyyatına 7,5 milyard dollar məbləğində investisiya yatırmaq barədə razlılıq əldə edib. Bundan başqa, ABŞ-ın hərbi yüklərinin Qazaxıstanın Aktau və Kunık hərbi limanları vasitəsilə Əfqanıstana daşınması barədə saziş imzalanıb. Son günlər isə Rusiya mediası ABŞ-ın Xəzər dənizinin Qazaxıstan sahilində hərbi baza yaratmaq istədiyi barədə xəbərlər yayır. Söhbət Aktau və Kunık limanlarının hərbi baza kimi istifadə olunmasından gedir. Bu məlumat hələlik tam təsdiqni tapmasa da ABŞ hərbi yüklərinin Qazaxıstan və Özbəkistandan keçməklə Əfqanıstana daşınması üçün artıq planların icrasına başlanıldığın demək olar. Hətta həmin yüklərin öncə Bakı-Tiflis-Qars dəmiryolu xətti ilə Bakının "Ələt" limanına, oradan isə Qazaxıstan sahillərinə yola salınacağı gözlənilir. Yəni Əfqanıstana xüsusi yüklərin tranziti ABŞ-ın təklifi ilə Gürcüstandan Azərbaycana, oradan isə Xəzər vasitəsilə Qazaxıstana, sonra isə dəmiryolu vasitəsilə Sarıaqaş- Kələs-Qaraqalpak marşrutu üzrə Özbəkistandan Əfqanıstana göndəriləcək.

Donald Trampın prezident seçilməsindən sonra Əfqanıstandakı silahlı qüvvələrin sayının 5 min nəfər artması barədə qərarı Vaşinqtonun diqqətini Mərkəzi Asiyaya yönəldən başlıca səbəblərdən birinə çevrilib. Bəzi siyasi müşahidəçilərin açıqlamasna görə, ABŞ Qazaxıstanın geniş, əhali yaşamayan ərazilərinə maraq göstərir və həmin torpaqların bir hissəsini hərbi məqsədlərlə icarəyə götürmək təklifini Ağ Evə səfəri zamanı prezident Nazarbayevə çatdırıb. Lakin Qazaxıstanın dövlət başçısının hələlik bu məsələyə müsbət cavab vermədiyi bildirilir. Ona görə də ABŞ-ın Özbəkistandakı əvvəlki fəaliyyətini bərpa etmək üçün Şövkət Mirziyoyevlə anlaşmağa çalışacağı istisna edilmir. Yəni Birləşmiş Ştatlar Karşi-Xanabad hərbi bazasını yenidən icarəyə götürə bilər. Bu, Amerikaya yalnız hərbi yükləri Əfqanıstana daşımaq üçün deyil, həm də bölgədəki geosiyasi mövqelərini möhkəmlətmək üçün lazımdır. Qırğızıstandan və Tacikistandan fərqli olaraq, Özbəkistanda Rusiya hərbi bazaları yoxdur.

Üstəlik, Özbəkistanın yeni prezidenti ABŞ-la tərəfdaşlığa ciddi maraq göstərir. Prezident Mirziyoyevin səfəri zamanı ABŞ-la Özbəkistan arasında 4,8 milyard dolar dəyərində investisiya müqaviləsi imzalanıb. İslam Kərimovun hakimiyyəti dövründə kəskin yoxsulluq həddində yaşayan və işsizlikdən əziyyət çəkən özbək xalqı üçün son dövrlər yeni imkanlar açılıb. ABŞ Özbəkistanın neft-kimya, maşınqayırma, kənd təsərrüfatı, mülki aviasiya sahələrinə sərmayələr ayırmağa başlayıb. Özbəkistan prezidenti isə xarici investisiyaları cəlb etmək üçün Qərblə yaxınlıq nümayiş etdirir. Hələ 2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən prezident Mirziyoyev ABŞ şirkətləri ilə apardığı danışıqlar nəticəsində 2,6 milyard dollar sərmayəni ölkə iqtisadiyyatına cəlb edə bildi. "General Electrik", "Honewell", "John Deer" ,"Caterpillar", "OSI sistems", "Lutron", "Boeing" kimi dünya şöhrətli şirkətlər Özbəkistanla müqavilələr imzalayıb. Hazırda ABŞ sərmayələrinin vasitəsilə "JM Uzbekistan" avtomobil sənayesi müəssisəsi fəaliyyət göstərir. Post-povet məkanında yeganə olaraq Özbəkistanda "Boeing" təyyarələrinin istehsalına başlanılıb. Artıq Özbəkistanda "McDonalds" restoranlar şəbəkəsi açılır.

Ölkə rəhbərliyi isə Donald Trampın xarici siyasətdə dəyişiklik tələb edən əlini sıxmağa razılıq verib. Halbuki, Ş.Mirziyoyev 2016-cı ilin dekabr ayında prezident seçiləndə Putinin siyasi maraqlarına uyğun olaraq Rusiyayönümlü siyasət yürüdəcəyi deyilirdi. Bu gün isə ABŞ-la əməkdaşlıq görünür, prezident Mirziyoyevə Özbəkistan iqtisadiyyatını dirçəltməklə yanaşı, Rusiyanın siyasi təzyiqlərindən və Çinin iqtisadi asılığından xilas olmaq üçün lazımdır. Belə bir balansın yaradılması Özbəkistanın təhlükəsizliyinin də təminatı üçün vacibdir.

Qərbin ağır sanksiyaları altında əzilən Rusiyada iqtisadi durumun ağırlaşması bu ölkədə əsasən fəhləliklə məşğul olan minlərlə özbəyin işsiz qalaraq geri dönməsinə, Özbəkistana daxil olan valyutanın həcminin kəskin azalmasına səbəb olur. Bu isə Özbəkistanda sosial-iqtisadi vəziyyətin ağırlaşması və narazılığın artması deməkdir. Ona görə də Ş.Mirziyoyev mövcud problemi həll etmək üçün daha praqmatik addım ataraq Qərblə əməkdaşlığı üstün tutub. 

Əgər Özbəkistan iqtisadi sahədə və insan haqları məsələsində liberal islahatları davam etdirərsə, ABŞ Mirziyoyev hakimiyyətinə dəstəyini artıra bilər. Ümumiyyətlə, Ş.Mirziyoyevin Ağ Evə səfəri Özbəkistanın ABŞ-ın geostrateji maraq dairəsinə daxil olduğunu göstərdi. 

Lakin bu maraqlar hərbi yüklərin Özbəkistan üzərindən Əfqanıstana daşınması ilə yekunlaşmır. ABŞ-ın Mərkəzi Asiyada fəallığının artması eyni zamanda, geosiyasi və geoiqtisadi rəqabət məsələsidir. ABŞ-ın Qazaxıstan və Özbəkistanla yaxınlaşmaq siyasəti regionda Rusiyanın və Çinin artmaqda olan təsirinin qarşısını almaq cəhdindən xəbər verir. Hər iki rəqibini Mərkəzi Asiya bazarından sıxışdırıb çıxartmaq Vaşinqton üçün mühüm prioritetdir. 

İkincisi, ABŞ-ın Mərkəzi Asiyada geostrateji mövqelərinin güclənməsi post-sovet dövlətlərinin Rusiyanın təsir dairəsindən çıxarılması planının tərkib hissəsidir. Ukraynadan Özbəkistana qədər Rusiyanın ətrafındakı çəmbərin daralması müşahidə olunur. Ermənistanda baş verən "məxməri inqilab"ın ardınca Özbəkistanın ABŞ-la strateji tərəfdaşlıq müqaviləsi imzalaması Rusiya ətrafında geosiyasi vəziyyətin Vaşinqtonun xeyrinə dəyişməsi kimi dəyərləndirilə bilər. 

Üçüncü amil isə Mərkəzi Asiyada radikal islamçılığın və terrorizmin yayılması ilə bağlıdır. Son dövrlər dünyada baş vermiş bir sıra terror aktlarının törədilməsində Mərkəzi Asiya ölkələrinin, o cümlədən, Özbəkistanın vətəndaşları iştirak edirlər. Ona görə də ABŞ-ın Özbəkistanda hərbi mövqelərini bərpa etməsi Əfqanıstandan Fərqanə vadisi ilə Mərkəzi Asiyaya keçən, eləcə də Qırğızıstan və Tacikistandan olan "cihadçılar"ın hərəkət marşrutunu nəzarətə götürməkdə mühüm rol oynaya bilər. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений