Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

65 il gözlənilən görüşün pərdəarxası: Diktator sevincli, prezident nikbin: DÜNYA İSƏ...



ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla Sinqapurda baş tutan görüşü İkinci Dünya Müharibəsindən sonra baş verən ən mühüm siyasi hadisələrdən biri sayılır. Bu sammit beynəlxalq ictimaiyyəti KXDR-in nüvə silahı təhlükəsindən xilas etməklə yanaşı, 60 ildir davam edən Koreya müharibəsinin başa çatması ilə nəticələnə bilər. Siyasi ekspertlər Donald Trampla Kim Çen Inın arasında baş tutan danışığı 1986-cı ildə SSRİ KP MK-nın baş katibi Mixail Qorbaçovun ABŞ prezidenti Ronald Reyqanla keçirdiyi görüşlə müqayisə edir. Xatırladaq ki, həmin görüş “soyuq müharibə”nin aradan qaldırılması istiqamətində ilk addım olmuşdu. 

Ona görə də analitiklər rəsmi Pxenyanın nüvə silahından imtina edəcəyi halda, Şimali və Cənubi Koreyanın birləşməsinə şərait yaranacağını da qeyd edir. Həmçinin, ABŞ-ın Sarı dənizdə, Yapon dənizində geosiyasi nüfuzu arta bilər. Bu isə Çinin və Rusiyanın bölgədəki təsirinin azalmasına şərait yaradacaq. Əgər Şimali Koreya ABŞ-la danışıqlarda güzəştə gedərsə, bu İranın nüvə və raket proqramlarına da təsirsiz qalmayacaq. Belə ki, Şimali Koreyanın geri çəkilməsi İrana beynəlxaq təzyiqlərin güclənməsi ilə nəticələnə bilər. 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, Donald Trampla Kim Çe In arasında baş tutan görüş dünyanın siyasi düzənini dəyişə bilər. Lakin ABŞ-la Şimali Koreya arasında sülhün əldə edilməsi danışıqların növbəti mərhələsində əldə olunacaq razılaşmadan və tərəflərin müzakirə olunan məsələlərə sadiq qalmasından asılıdır: “”İkinci Reyqan planı”na uyğun olaraq, ABŞ öz siyasətini paralel şəkildə həyata keçirir. Şimali Koreya ilə yaxınlaşma və əlli ildən sonra ilk dəfə rəsmi statusda dövlət başçılarının görüşü, nüvə təhlükəsizliyi məsələsinin müzakirəsi təqdirəlayiq bir hadisədir. Ancaq unutmaq olmaz ki, bu məsələ sadəcə, görüşdür. Donald Trampla Kim Çen Inın müzakirə etdiyi hər bir detal sadəcə olaraq, hələ masa üzərindədir və icrasına başlanılmayıb. İcrası gözlənilən çox ağır məsələlər var. Bura Pxenyanın nüvə sınaqları, Cənubi Koreya ilə Şimali Koreya arasında sərhədlərin qaldırılması, gediş-gəlişin təmin edilməsi, Yaponiya və Cənubi Koreyaya qarşı təhdidin aradan qaldırılması, Çinlə Koreya Xalq Demokratik Respublikası arasında olan mövcud ittifaqın ABŞ-ın da qatılması ilə Rusiyanın passivləşdirilməsi kimi mövzular daxildir. Bağlı qapılar arxasında gedən danışıqlarda əsas məsələlərdən biri Rusiyanın bölgədəki rolunun passivləşdirilməsindən ibarətdir.

Rusiyanın adı çəkilməsə də, bunu həm Şimali Koreya, həm də Çini yaxşı bilir. Həmin dövlətlərin öz maraqları var. Prezident Putinin Çin dövlət başçısı ilə görüşməsi Rusiyanın bölgədə passiv aktora çevrilmək istəməməsi ilə bağlıdır. Qeyd edim ki, Trampın prezidentlik dönəmi bitənə qədər ABŞ qarşısına qoyduğu prosesləri sürətləndirəcək. Trampın prezident seçilməsinin səbəbi artıq məlum olur. Yeni siyasi düzən formalaşır. 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsi ilə pozulan beynəlxalq hüquq sisteminin pozulması və beynəlxalq qanunların işləməməsi, bunun ardınca Ukrayna hadisələrinin baş verməsi məhz Trampın prezident seçilməsinə gətirib çıxardı. Rusiya bütün coğrafiyada sıxışdırılır. Hətta ABŞ Rusiyanı zəiflətmək üçün Şimali Koreya ilə bir masaya oturmaqdan çəkinmədiyini nümayiş etdirdi. Digər bir məsələ isə İran amilidir. Çünki beynəlxalq təhlükəsilik baxımından İran Şimali Koreyadan daha böyük problemdir.

Bu baxımdan, Şimali Koreya ilə danışıqların aparılmasından fərqli olaraq, İranla bağlı məsələ fərqlidir. Nə Amerika, nə İsrail İranı Şimali Koreyadan zəif aktor olaraq görmür. Ona görə də rəsmi Pxenyanla siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinə dair danışıqlar davam etdiriləcək. Mən Şimali Koreyaya tətbiq olunan sanksiyaların da tədricən aradan qalxacağını gözləyirəm. Lakin iki dövlətin birləşməsi məsələsi gündəmdə deyil. Sadəcə olaraq, iki Koreya dövləti qarşılıqlı vizasız gediş-gəlişin təmin edilməsi, iqtisadi əlaqələrin bərpası, bir növ Şimali Koreyanı embarqolardan uzaqlaşdıraraq dünya birliyinin sıralarına qata bilər. Əgər təxribatçı addımlar olmasa, ABŞ buna nail olacaq. Amerika  Cənubi Koreya və Çinli investorlar Şimali Koreyanın nəzarəti altında böyük layihələr həyata keçirəcəklər. Danışıqlar masasında müzakirə olunan əsas məsələlərdən biri Şimali Koreyada xarici televiziya və radio yayımlarının açılması, internetin fəaliyyətinə şərait yaradılması, gənclər üzərində təzyiqlərin aradan qaldırılmasıdır.

Yəni danışıqlarda yalnız nüvə məsələsi müzakirə olunmayıb. Şimali Koreyanın inkişafı da müzakirə predmeti olub. Kim Çen Inın ABŞ-la yaxınlaşmasının əsas səbəblərindən biri Şimali Koreyanın inkişafına nail olmaq istəyidir. Kim Çen In son illər ölkəsinin düşdüyü ağır durumdan çıxış yolu axtarır. Lakin hər şey Sinqapurdakı 45 dəqiqəlik “Qızıl sammit”də imzalanmış sənədlərin ratifikasiya edilib-edilməyəcəyi ilə bağlıdır. “Qızıl sammit”dən sonra Rusiyanın da fəal addımlar atacağı gözlənilir. Ola bilsin ki, Trampla Kim Çen Inın görüşündən sonra Rusiya ilə Şimali Koreya arasında bir sammiti keçirilsin. Putin Pxenyana, yaxud Kim Çen In Moskvaya səfər edə bilər. Hətta hər iki liderin Çində, yəni neytral ərazidə bir araya gələcəyi də istisna olunmur. Bu gün atılan addımlar yeni beynəlxalq hüquq sahəsini formalaşdırır”.

Politoloq bildirdi ki, Şimali Koreya rəhbərinin Sinqapura səfəri Çin Hava Yollarının təyyarəsində və Çin kəşfiyyatının nəzarəti altında həyata keçirilib. Bu isə Kim Çen Inın öz təhlükəsizliyindən narahat olduğunu göstərir. Ancaq Kim Çen In kapitalizm dünyası ilə əlaqələr və tərəfdaşlıq olmadan dövlətin inkişafının mümkün olmadığını başa düşdüyü üçün rəsmi Vaşinqtonla anlaşmaya getməli oldu. Əks halda, Şimali Koreyada hökm sürən xaotik yoxsulluq və defolt sistemi daha da dərinləşə bilər. “Bu prosesə Çinin də təsiri var. Çin regionun təhlükəsizliyində olduqca maraqlı tərəfdir. Bölgədə baş verə biləcək istənilən siyasi, iqtisadi və hərbi partlayışın ən çox təsir edə biləcəyi ölkələrdən biri də Çindir. Çin də Amerikanın bölgəyə daxil olmasını istəmir. Çin regiondakı prosesləri dolayı yolla tənzimləməyə çalışır. Ona görə də Donald Trampla Kim Çen Inın görüşünün baş tutmasında Çin mühüm rol oynayıb. Çünki Çin ABŞ-la münasibətlərinin pozulmasında maraqlı deyil”. 

Fərrux Məmmədovun sözlərinə görə, ABŞ-ın Koreya yarımadası ətrafında geosiyasi təsir imkanları artacaq: “Əvvəldən ABŞ-ın bu regionda Yaponiya və Cənubi Koreya kimi müttəfiqləri var. Eyni zamanda, ABŞ Yapon dənizində donanma saxlayır. Bəzi adalara isə Amerika özü nəzarət edir. Lakin hazırda müstəvi dəyişir. Məsələlər hərbi müstəvidən çıxaraq, siyasi, iqtisadi və vətəndaş cəmiyyətinin olduğu bir müstəviyə keçir. ABŞ öz istəklərini həyata keçirərsə, gələcəkdə Şimali Koreyada bütün siyasi proseslərdə birbaşa iştirakçı ola bilər. Hədəfində də bu var və Birləşmiş Ştatlar bu baxımdan maddi xərclər ayırmaqdan da çəkinməyəcək. ABŞ-ın güclər balansı dəyişib. Plana görə, ABŞ Rusiyanı tələyə salmağa başlayıb. Bu proses artıq bütün Asiyanı gündoğana qədər əhatə edəcək. Rusiya artıq müdaxilə etmək gücünə sahib olmayan ölkədir. Putinin sözləri isə jurnalistlər qarşısında təhdid etməkdən ibarətdir. Çin isə Rusiyanın itirilən mövqelərini zəbt edir. Bunu Putin də yaxşı bilir. Qlobal rəqabətdə Çin Rusiyanı qabaqlayır. Bir neçə ildən sonra biz böyük sammitlərdə Rusiyanın əvəzinə Çini görəcəyik”. Ekspert onu da vurğuladı ki, Şimali Koreya nüvə sınaqlarının ləğvi və uzaqmənzilli raketlərin ləğvi barədə ABŞ -ın tələblərini qəbul edəcək. Bu istiqamətdə artıq ilkin addım atılıb. Əgər tərəflər bununla bağlı imzalanmış sənədi ratifikasiya edərsə, o zaman Şimali Koreya nüvə təhlükəsizliyinə dair konkret öhdəliklər götürmüş olacaq. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений