Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

25-dən sonrakı hər rəqəm qorxuludur: Erkən ölümə qurban getməmək üçün ölçün



Dünyada gözlənilən su çatışmazlığından qaynaqlanacaq qıtlıq və aclıq təhlükəsi barədə zaman-zaman həyəcan təbili çalınsa da, hələlik buna əks olan problem özünü daha çox göstərir. Dünyanın əksər ölkələri artıq çəki probleminin bir çox xəstəlikləri yaradan səbəblərdən biri kimi diqqətə alır, onunla mübarizəyə uzun zaman və vəsait sərf edirlər. Artıq çəkinin yaranması ilə insanda ürək-damar xəstəlikləri riskini də artırır.
 
Artıq çəkinin itirilməsi isə insanda qan təzyiqinin azalması, şəkərli diabet riskinin aradan qalxmasına səbəb olur. Statistika göstərir ki, piylənmədən əziyyət çəkən kişilərdə ürəyin işemik xəstəlikləri riski dəfələrlə artıqdır. Artıq çəki həm də cinsi həyatda ciddi problemlər yarada bilir. Belə kişilərdə seksual funksiyalar pozulur, impotentlik və sonsuzluğun yaranmasının bir səbəbini də mütəxəssislər artıq çəki ilə izah edirlər. Artıq çəki maddələr mübadiləsində ciddi problemlərlə müşayiət olunur, həmçinin testestorin azalmağa başlayır. Çəki nə qədər artıq olarsa, testestorin ifrazı də o qədər çətin olur. 
 
Piylənmə artıq xəstəlikdir
 
Tibb elmində piylənmə xroniki xəstəlik hesab edilir. Buna görə də ona qarşı effektiv vasitələrlə mübarizə aparılır. Artıq çəkinin atılması qısa müddət yox, bəzən illər tələb edən prosesdir. Pəhrizlə artıq çəkidən qurtulmaq effekt verə bilər, ancaq əgər bu metodu başqa daha təsirli vasitələr də müşayiət etməzsə, o zaman atılan çəkilərin bərpası qısa müddət tələb edəcək. Əgər qidalanma vərdişlərinizi və həyat tərzinizi dəyişməsəniz, dietoloqların məsləhəti iə qurtulduğunuz kiloqramlar qısa müddət sonra bərpa ediləcək. İdmanla zorakı məşğul olmaq və sevimli yeməklərdən imtina çox çətindir. Buna görə də optimal yol tapmaq və fiziki aktivliyi artrmaq lazımdır. Mütəxəssislər bildirir ki, artıq çəki ilə mübarizədə olduqca sərt pəhriz seçmək doğru deyil. Yeməkdən qətiyyətlə imtina sağlamlığınıza ciddi zərər vura bilər. Yaxud ancaq bir qidadan istifadə orqanizm üçün olduqca təhlükəlidir. Menyunuza ancaq qatıq, kefir, kartof və ya qarabaşaq yarması daxil etməklə arıqlaya bilərsiniz, ancaq əldə etdiyiniz nəticəni qorumaq çətin olmaqla yanaşı, həm də orqanizm üçün ciddi təhlükə yaratmış olursunuz. Mütəxəssislər məsləhət görür ki, insan öz qarşısına məqsəd qoysun və qısa müddətdə yox, qaydalara riayət etməklə- məsələn, 2 ayda 5 kiloqram arıqlasın. 
 
İştahı azaldan hormon tapıldı
 
Amerikadakı Beylor Tibb Kollecinin mütəxəssisləri apardıqları araşdırma nəticəsində artıq çəki ilə mübarizədə yeni, daha effektiv vasitənin tapıldığını bildirib. Belə ki, mütəxəssislər müəyyən ediblər ki, insan orqanizmində olan asprosin hormonu artıq çəki ilə mübarizədə daha yaxşı təsir göstərə bilər. Bu hormon beyində iştah və bədən kütləsinə nəzarəti həyata keçirən hissəyə təsir edir. Başqa sözlə, beynin həmin hissəsinə təsir nəticəsində insanın iştahı azalır və yemək həvəsi qaçır. Bu isə artıq çəkinin əsas səbəblərindən birini- çox yeməyi aradan qaldırır. İnsanın aclıq hissinin ölməsi onun yeməyə olan tələbatını kəskin azaldır. “MedicalXpress” saytında yer alan xəbərə görə, mütəxəssislər müxtəlif qrup insanlar üzərində sınaq aparıb. Müəyyən edilib ki, erkən qocalma və distrofiyadan əziyyət çəkən, eyni zamanda həddən artıq iştahsızlıq problemi yaşayan insanlarda gendə FBN1 mutasiyası var. Qüsurlu DNT tərəfindən kodlanan fibrillin-1 proteinində kiçik bir hissəyə rast gəlinmir. Bu hissə asprosin adlanır və sağlam insanlarda fibrillindən ayrılaraq bir molekul kimi çıxış edir. Siçanlar üzərində aparılan sınaqlar göstərir ki, asporsin daxil edilən orqnizmdə iştah artır. Məlumdur ki, iki sinir hüceyrəsi var. Onlardan biri AgRP neyronları iştahı stimullaşdırır, POMC neyronları isə onu azaldır. Asprosin br-birinə əks olan iki neyrona müxtəlif dərəcədə təsir göstərir. Mütəxəssislər belə hesab edir ki, bu araşdırmanın nəticəsini daha da təkmilləşdirməklə dünyada artıq çəki, piylənmə kimi problemlərlə mübarizədə yeni çıxış yolu tapmaq mümkündür. Orqanizmdə asprosin konsentrasiyasını azaltmaqla müəyyən nəticə əldə etmək mümkün görünür. 
 
Artıq çəki nədən yaranır?
 
Qeyd edək ki, Kampinas Universitetinin Lisio Velezzonun rəhbərlik etdiyi araşdırma qrupu bir müddət əvvəl apardığı araşdırmada artıq çəki yaradan yeni səbəblər tapıb. Mütəxəssislər artıq piylənməni epidemiya adlandırır və onu bir neçə faktorla əlaqələndirirlər. Onlardan biri bağırsaq bakteriyalarının tərkibilə bağlıdır. Kök insanlarda rast gəlinən mikroorqanizmlər qida məhsullarından əldə edilən qidalandırıcı maddələri daha da stimullaşdırır. Sadə dillə desək, bir qrup insan üçün hətta adi bir alma da kökəldici ola bilir. Digər qrup insanlar isə onlardan fərqli olaraq hətta yağlı yeməkdən də kökəlmirlər. Bu isə kökəlməni yaradan səbəblərdən biri, yəni bağırsaq bakteriyalarının tərkibi ilə əlaqədardır. Kökəlməyə səbəb olan ikinci faktor  doyum hissi verən neyronlar qrupunun məhv olmasıdır. Bu neyronlar qrupu hipotalamusda olur və doyum hissi yaradır. Onların məhv olması isə insanın doyduğunu hiss etmədən daha çox yeməsinə və kökəlməsinə səbəb olur. Siçanlar üzərində 4 ay davam edən araşdırma mütəxəssisləri belə qənaətə gətirib. Onlara 4 ay boyunca doymuş yağ turşuları ilə zəngin qida verilib. Siçanlardan çoxu bağırsaq mikroflorasının təhlili zamanı ölüb. Məlum olub ki, hipotalamusda zədələnmə bağırsaq mikroflorasındakı dəyişiklikdən daha əvvəl yaranır. Qanda lipidlərin səviyyəsi artdıqca, mərkəzi sinir sisteminin bağırsaq hüceyrələri hipotalamusun neyronlarına mənfi təsir göstərən yandırıcı maddələr istehsal etməyə başlayır. Son nəticədə sinir hüceyrələri məhv olur. Bu dəyişklik insan artıq çəki yığmağa başladığı vaxtdan qısa müddət əvvəl başlayır. Prosesin ardınca isə insanda artıq çəki yığılmağa başlayır. 
 
Özünüz ölçün...
 
İnsanın narahat olması üçün bədən kütlə indeksini hesablaması vacibdir. Bu rəqəmi bilmədən artıq çəkidən əziyyət çəkdiyinizi düşünməyin. Bədən kütlə indeksi 25-dən artıq olduğu halda narahat olmağa dəyər. Əgər bu rəqəm 30-a yaxındırsa o zaman həyat tərzində müəyyən dəyişklik etməklə normaya yaxınlaşmaq mümkündür. Əgər piylənmə dərəcəsi artıqdırsa, o zaman həm yeməklərdə pəhriz, həm də fiziki hərəkətlə yanaşı tibbi müdaxilə də lazım olacaq. Bədən kütlə indeksi 40-dan artıq olarsa, cərrah bıçağı köməyə gələ bilər. Həmçinin psixoterapevtin yardımına ehtiyac duyulur. Böyüklərdə bədən çəkisinin artıqlığını və piylənməni müəyyənləşdirmək üçün ən informativ və etibarlı göstərici bədən kütlə (BKİ) indeksi sayılır. Bədən-kütlə indeksini hesablamaq üçün dəqiq çəki və boyunuzu bilməniz lazımdır:
BKİ= Çəki (kq) / boy (m)2
 
Bədən kütləsi indeksini bu formul ilə müəyyən edirlər. Bədənin kütləsini (kq) boyun metrlə hesablanan ölçüsünün kvadratına bölürlər . Məsələn, əgər sizin boyunuz - 1m 60 sm (1,6), çəkiniz isə 65 kq olarsa, bədən kütləsi indeksini belə təyin edin:
 65: (1,6x1,6) = 65: 2,56 = təxminən 25,4. 
 
Piylənmə diaqnozunu ancaq BKİ 30 kq / kv.m (kq/m2) artıq olduğu zaman qoymaq olar. BKİ 25-29,9 olduqda artıq çəki, 18,5-24,9 olduqda isə normal çəki sayılır.. Bədən kütlə indeksinin əhəmiyyətinə görə piylənmənin üç dərəcəli ayırır:
 
20-dən az-Çəkiniz normadan azdır
20,0-24,9-Cəkiniz normadadır
25-29,9-Artıq bədən çəkisi
30-34,9-Yüngül piylənmə (I dərəcə)
35-39,9-Orta piylənmə (II dərəcə)
40 və artıq- Ağır piylənmə (III dərəcə)
 
Uşaqlarda, hamilə qadınlar, idmançılarda, ətrafları amputasiya olunan şəxslərdə, sümük kütləsinin çatışmazlığı olan insanlarda bu göstərici dəqiq deyil.
 
Sevil Ağazadə
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений