Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Ziyalılar maddi baxımdan asılı təbəqəyə çevrilib”- MÜSAHİBƏ



Raul Qurbanov: “Hər il minlərlə məzun ali təhsilli kadr statusu alır, amma kadr problem var”

Bu gün ən ciddi problemlərin yaşandığı sahələrdən biri də məhz təhsil sistemidir.Gənc ictimai fəal Raul Qurbanov təhsil problemlərilə bağlı “Cümhuriyət” qəzetinin suallarını cavablandırıb.

-Raul bəy, bu gün Azərbaycanın təhsil sistemində hansı problemlər var? 

- Tarixin ayrı-ayrı dönəmlərində təhsilə yanaşma müxtəlif olub. Məsələn, qədim dövrlərdə təhsil almaq kamilliyə yetmək, fərqli insan olmaq kimi başa düşülürdü.Əslində orta əsrlər feodal Azərbaycanında da bu, belə qəbul olunurdu.Böyük Azərbaycan şairi İmadəddin Nəsimi gücü, qüdrəti, işğalı, istilanı cahilliyin, elmi, təhsili, dünyagörüşünü isə kamilliyin əlaməti kimi qiymətləndirirdi.Bu gün baş verənlər də Nəsiminin haqlı olduğunu göstərir.Müasir dövrdə təhsil dünyanı yaxşı mənada fəth etmək kimi başa düşülür.Digər tərəfdən, modern dünyada istisadiyyatı, texnologiyası, siyasi mövqeyi güclü olan dövlətlər təhsili yaxşı inkişaf etmiş ölkələrdir.Ölkəmizin təhsil sisteminə də bu kontekstdən baxaraq qiymət vermək lazımdır.Detallara gəlincə, “hardan başlamaq?” sualına cavab vermək çox çətindir. Müəllimin sosial durumu, universitetə qəbul olunan abituriyentlərin orta balının o qədər də yuxarı olmaması, ali məktəblərdə tədrisin keyfiyyəti və s. Son dövrlər çoxdan oturuşmuş korrupsiya hallarının aradan qalxması hiss edilsə də, bu, təhsilin keyfiyyətinə ciddi təsir göstərmir. Struktur dəyişikliyi, maddi-texniki bazanın güclənməsi, aparılan islahatlar, Bolonya sisteminə qoşulmağımıza baxmayaraq, hələ də keyfiyyətli təhsildən danışa bilmirik. Üstəlik test üsulu ləğv edilsə, yeni qəbul qaydalarının nə olacağı da sual altındadır. 

-Bəs problemləri aradan qaldırmaq üçün hansı addımlar atıla bilər? 

- Əsas problem ondadır ki, biz yaxşı və pisi fərqləndirəcək müstəvini yarada bilmirik.Televiziyalardakı hər hansı proqramlara, verilişlərə savadlı adamlar, ekspertlər yox, şou əhli, təhsili yetərincə olmayan, ictimai rəyə təsir edəcək səviyyəsiylə seçilməyən müğənnilər dəvət olunurlar.

Artıq bizim üçün savadlı və cəmiyyətin seçilmiş insanları onlar sayılır.Həmin insanların bir günlük məclisi müəllimin, savadlı ziyalının bir neçə illik əmək haqqına bərabərdir.Heç olmasa, savadlı adamların orta səviyyəli yaşayışını qura bilsək, o zaman müəllim müəllimliyini edər və onun öz işinə peşəkar yanaşması labüd olar.Müasir cəmiyyətdə ziyalılar maddi baxımdan asılı olan təbəqəyə çevrilib.Bu gün elə bir görüntü yaranıb ki, sanki cəmiyyət ziyalı nüfuzunu qəbul etmir, ancaq şouya meyllənir.

- Raul bəy, bu göstəricilərin təhsilə nə kimi aidiyyatı var? 

-Yəni, ictimaiyyətlə təmasda olan insanlar təhsilli, peşəkar kadrlar olarsa, insanlar onlara baxaraq savadlı olmaq istəyəcəklər. Orada bayağı yanaşmaları görüncə, insanlar elit səviyyənin bu olduğu düşüncəsinə qapılır.

Bu aksiomadır. Başqa bir məsələni qeyd edim ki, ölkədə kadr çatışmazlığı var. Amma hər il minlərlə məzun ali təhsilli kadr statusu alır. Dünyada təhsil səviyyəsinə görə çox da öndə olmayan türkiyəli abituriyentlər Azərbaycanda diplom almağın asan olmasını istehza ilə bildirirlər.Bu isə Azərbaycan təhsilinin əsl göstəricisidir.

“Cümhuriyət”








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений