Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Üçüncü Dünya Müharibəsi başlaya bilər”: Rusiya NATO-ya qarşı 13 minlik ordu çıxarır 



Sentyabrın 14-dən 20-dək Rusiya və Belarus birgə hərbi təlimlərə başlayır. “Qərb-2017” SSRİ-nin dağılmasından sonra Rusiyanın keçirdiyi ən böyük hərbi təlimlər olacaq. Belə ki, təlimlərdə 12,7 min nəfər əsgər və zabit iştirak edəcək. Onların 7,2 min nəfəri Belarus, 5,5 min nəfəri Rusiya silahlı qüvvələrini təmsil edəcək. Həmçinin təlimlərdə 250 tank, 200 müxtəlif artilleriya sistemləri, 70 hərbi təyyarə və helikopter, 10 gəmi cəlb olunacaq. Rusiya tərəfindən əlavə olaraq, Dövlət Qvardiyasının, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı operativ qruplarının da qatıldığı təlimlər Belarus ərazisində, Pskov, Kalininqrad və Peterburq vilayətlərində yerləşən poliqonlarda keçiriləcək. 

Xatırladaq ki, Rusiya və Belarus dörd il öncə “Qərb-2013” adlı hərbi təlimlər təşkil etmişdi. Lakin hazırkı təlimlərin həddindən artıq geniş hərbi miqyasa malik olması NATO-nun və Şərqi Avropa ölkələrinin narahatlığına səbəb olub. NATO silahlı qüvvələri Rusiyanın döyüş fəallığının artmasını diqqətlə izləyir. Rusiyanın Kalininqrad vilayətindəki təlimləri Litva və Polşaya hərbi müdaxilə üçün təhlükə mənbəyi hesab edilir. Sentyabrın 11-də bir nəfər Rusiya vətəndaşının Litva sərhədini keçməsi və Moskvanın da onu “sərxoş olub yolunu azması” kimi qələmə verməsi əslində, kəşfiyyat xarakterli atılmış bir addım kimi də dəyərləndirilə bilər. “Qərb-2017” hərbi təlimləri ilə əlaqədar NATO-nun Şərq və Şimal-Şərq cinahındakı bütün silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Təlimlər başladığı andan Baltikyanı ölkələr və Polşa istiqamətində hərbi gərginliyin ən yüksək həddə çatacağı gözlənilir.

 

Lukaşenko üçün təhlükə qalır

Lakin təlimlər yalnız Qərb dövlətləri üçün deyil, həm də Belarus üçün ciddi təhdid yaradır. Hələ 2017-ci ilin əvvəlindən Rusiyanın Belarusu işğal etməyə hazırlaşdığına dair informasiyalar yayılıb. Putin Belarus ərazisində Rusiya hərbi bazalarının yerləşdirilməsinə çalışan prezident Putin buna etiraz edən A.Lukaşenkonun hakimiyyətdən getməsində maraqlıdır. Bu səbəbdən Lukaşenko birgə hərbi təlimlərə sanki Kremlin təzyiqlərindən yayınmaq vasitəsi kimi iştirak etməyə razı olub. Ancaq ekspertlər hesab edir ki, təhlükə hələ sovuşmayıb. Təlimlərin ikinci, yəni sonuncu hissəsi Belarus ərazisində baş tutacaq. Rusiyanın 3 min nəfərlik sihalı qüvvəsi Belarus ərazisinə dislokasiya ediləcək. Hərbi texnika isə 4 min vaqonla Belarusa daşınacaq. 

Rusiya hər hansı bir təxribat törətməklə öz ordusunu Belarus ərazisindən çıxartmaya bilər ki, bununla da müttəfiq ölkəni işğal etmiş olar. Rusiyanın Belarusu işğal etməsi Qərblə son zamanlar münasibətləri xeyli yaxınlaşdıran Lukaşenkonun hakimiyyətdən devrilməsi deməkdir. Üstəlik, Rusiya Ukraynadan sonra ikinci müttəfiq slavyan dövlətinə qarşı hərbi təcavüz siyasəti həyata keçirmiş olar. Belarus ərazisində Rusiya hərbi bazasının yaradılması Polşada, Ukraynada və Baltikyanı istiqamətində hərbi qarşıdurmanı dərinləşdirə bilər. 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, “Qərb-2017” təlimlərini keçirməkdə Rusiyanın məqsədi NATO-nun şəqrə doğru genişlənməsinin qarşısını almaqdır: “SSRİ dağıldıqdan sonra Rusiyanın NATO-dan əsas istəyi genişlənməni dayandırmaq idi. Putin prezident seçildikdən sonra ABŞ prezidenti Corc Buşdan iki istəyi var idi. Birincisi, NATO-nun şərqə doğru genişlənməsini dayandırsın. İkincisi, Avropada raketdən müdafiə sistemlərinin qurulmasında Rusiya Amerika ilə birgə addım atsın. Yəni Birləşmiş Ştatlar Rusiyanın milli təhlükəsizliyinə təhdid ola biləcək hərəkət etməsin. Amma Corc Buş çox açıq şəkildə bildirmişdi ki, NATO genişlənən, demokratik əsaslar üzərində qurulan bir alyansdır. Amerika prezidenti onu da demişdi ki, biz ölkələri sizdən fərqli olaraq, məcbur etmirik. Onlar özləri NATO-ya daxil olmaq üçün müraciət edir, biz də qəbul edirik. Bu, NATO-nun demokratik şəkildə genişlənmə siyasətidir və onun qarşısını almaq mümkün deyil. Əgər Rusiya NATO-nu özünə təhdid hesab edirsə, öz ərazisində hava hücumundan müdafiə sistemləri quraşdıra bilər. Bundan başqa, Putin ABŞ-a raketdən müdafiə sistemlərinin Rusiyaya qarşı olmadığına dair saziş imzalamağı təklif etdi. Ancaq Corc Buş bununla razılaşmadı. 

NATO Putinin hakimiyyəti dövründə NATO şərqə doğru sürətlə genişlənməyə başladı. 2016-2017-ci illərdə NATO-nun fəaliyyətinin artması, Gürcüstanda və Moldovada genişmiqyaslı hərbi təlimlərinin keçirilməsi, Monteneqronun alyansa üzv qəbul olunması, Ukrayna ilə əməkdaşlığın genişlənməsi, ərəb ölkələri ilə xüsusi münasibətlərin qurulması Rusiyanı hərəkətə keçməyə vadar etdi. Belarusun təlimlərin mərkəzi kimi seçilməsi təsadüfi deyil. Son beş ildə Belarusdakı Atom Elektrik Stansiyasının yenidən qurulmasına Rusiya 60-70 milyard rubldan çox vəsait ayırıb. Bu, əslində Rusiyanın Qərbə ciddi bir mesajıdır ki, mən hər zaman sizin üçün təhdidəm. Əgər siz genişlənmə siyasətinə son qoymasanız, o zaman mən milli təhlükəsizliyimi qorumaq üçün sizin üçün təhlükə yarada bilərəm. Əslində, ABŞ Rusiyanın təsirində olan dövlətləri iki cinahdan öz tərəfinə çəkmək planı qurub. Birincisi, NATO-nun Alyansın siyasi, iqtisadi və hərbi proseslərdə genişlənməsi xətti ilə.

İkinci istiqamət Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı üzrə həyata keçirilir. Bu proqrama qoşulan iki dövlət-Gürcüstan və Ukrayna Rusiyanın caynağından qopa bildi. Gürcüstan modeli daha səmərəli oldu. Ukrayna modeli üzərində isə iş aparılır. Onun effektivliyinə mane olan əsas problemlərdən biri hakimiyyətdaxili çəkişmələrdir. Rusiyanın hərbi təlimlərdə Belarusu seçməsi Kremlin bu ölkəyə güvənmədiyini göstərir. Prezident Lukaşenko öz milləti və dövləti üçün düzgün strategiya seçən şəxslərdən biridir. Lukaşenkonun insan haqları probleminə görə Qərblə münasibətləri soyuq olsa da strateji məsələlərin seçilməsində Putinlə razılaşmır. Rusiyanın hərbi təlimləri keçirməsi həm Lukaşenko hakimiyyətinə, həm Amerikanın bir ştatına çevrilmiş Ukraynaya qarşı ciddi mesajdır. ABŞ-ın və NATO-nun son altı ay ərazində Skandinaviya ölkələri ətrafında hərbi təlimlərin sayını artırması və yeni kontingenti ora cəlb etməsi Rusiyanı yeni manevrlər keçirməyə məcbur edir. Amma Rusiya NATO üzvü olan ölkələrə açıq şəkildə müdaxilə edə bilməz. Əgər Rusiya silahlı qüvvələri Baltikyanı ölkələrə və ya Polşaya hərbi müdaxilə edərsə, Vaşinqton bəyannaməsinin 5-ci bəndinə əsasən bütün NATO dövlətləri birləşərək Rusiyaya qarşı hərbi əməliyyatlara başlaya bilər. Bu isə 3-cü Dünya Müharibəsinin başlanmasına səbəb ola bilər. Bir növ dövlət sirri sayılsa da artıq hər kəsə məlumdur ki, Amerikanın Avropada xeyli sayda nüvə başlığı var. Həmin silahlar həm ABŞ-ın, həm də Avropanın təhlükəsizliyini qorumaq üçün saxlanılır. 

Digər tərəfdən, belə təlimlərin təşkili Rusiyanın daxili ictimai rəyinə hesablanıb. Məlum olduğu kimi, Rusiyada qarşıdan prezident seçkiləri gəlir. Bu cür hərbi təlimlər keçirməklə Putin daxili siyasi avtoritetini gücləndirməyə çalışır. Rusiya iqtisadiyyatının ağır duruma düşdüyü, zəiflədiyi bir vaxtda hərbi üsullardan istifadə etməklə öz avtoritetini gücləndirmək istəyir. Görünür, Obamanın Rusiyanı regional güc adlandırması Putini eyforiyadan çıxartmayıb”. 

Rusiyanın Belarusu işğal edə biləcəyi ilə bağlı proqnozları təhlil edən Fərrux Məmmədov bu təhlükənin real olaraq qaldığını deyir: “Özbəkistan prezidentinin vəfatından sonra Putin dərhal müdaxilə etdi və öz adamını hakimiyyətə gətirdi. Təbii ki, Rusiya üçün Lukaşenkonun da alternativi var. Rusiya Belarusu neft və qazla sınağa çəkdiyi zaman Azərbaycan bu ölkəyə maddi yardım etdi. Belarus son dövrlər müstəqil olmaq xətti götürüb. Vladimir Putin də, Vladimir Jirinovski də Lukaşenko haqqında tənqidi fikirlər söylədilər. Artıq iki ölkə arasında indiyə qədər mövcud olmayan gömrük əlaqələri bərpa olunub. Lakin Lukaşenko ağıllı siyasətçidir və manevr etməyi bacarır. Belarusun hakimiyyəti daxilində Lukaşenkonun tərəfdarları çoxdur.

Lukaşenko yaxşı anlayır ki, Rusiya ordusunun Belarusda qalması hakimiyyətin təhvil verilməsi deməkdir. Hərbi təlimlər və bütün bu siyasi-iqtisadi proseslər buna hesablanıb. Ukraynanın Rusiyadan qopması Belarusun Qərbə çıxış məkanı kimi aktuallığını qabardıb. Lukaşenko bundan istifadə edərək özünə əlavə dividentlər qazanmağa çalışacaq. Lukaşenko Rusiyadan alacağı siyasi güzəştləri artırmağa cəhd edəcək. Rusiya isə bu prosesdən xilas olmaq üçün Belarusu tam şəkildə işğal edib verə biləcəyi dividentləri tam şəkildə geri qaytarmaq istəyəcək. Putin Belarusdan sadəcə olaraq, Rusiya ərazisi kimi istifadə etmək istəyir”. 

Tramp ABŞ-ın mövqeyini laxladıb

Politoloq onu da qeyd etdi ki, Donald Trampın prezident seçilməsindən sonra ABŞ-ın xarici siyasətində passivlik müşahidə olunur. “Amerika hazırda demokratiya və strategiya arasında qalan bir ölkəyə çevirlib”-deyən F.Məmmədovun sözlərinə görə, Trampın siyasi addımları ABŞ-ın dünyadakı demokratiyanın lokomotivi rolunu laxladıb: “Artıq ABŞ bu iki siyasəti paralel yürüdə bilmir. 

Çünki ABŞ-ın prezidenti nə siyasi fiqur, nə də lider deyil. Düşünrəm ki, bu məsələ yenidən nəzərdən keçiriləcək və həm Rusiyanın yaratdığı real təhdidlərin qarşısı alınacaq, həm də Amerikanın demokratiyanın lokomativi rolu geri qaytarılacaq”.

Müşfiq Abdulla








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений