Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

“Rusiyanı Federasiya edən bizik” - Tatar şairi - MÜSAHİBƏ



Muxtariyyət statusuna malik Tatarıstan Respublikasında orta məktəblərdə tatar dilinin tədrisi ilə bağlı qalmaqal yaşanır. Buna səbəb ötən gün Rusiyada tatar dilinin məcburi tədrisinin qanunsuz elan edilməsidir. Qeyd edək ki, Tatarıstan Prokurorluğu Tatarıstan Təhsil və Elm Nazirliyinin noyabrın 3-də hazırlayaraq yaydığı ibtidai, ümumi və orta təhsil müəssisələrində tatar dilinin öyrənilməsinin məcburi olması barədə metodiki tövsiyəsini qanunsuz sayıb.

Tatarıstan Prokurorluğunun yaydığı məlumatda metodiki tövsiyənin Rusiyanın federal qanunvericiliyinə və standartlarına uyğun olmadığı qeyd edilib. Prokurorluq hesab edir ki, regional Təhsil və Elm Nazirliyi öz səlahiyyətlərindən kənara çıxıb. Tatarıstan Prokurorluğu Tatarıstan baş nazirinə müraciət edib. Müraciətdə metodiki tövsiyənin təcili ləğv edilməsi, məsul vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb olunması tələb edilib. Eyni zamanda qərar qəbul edilməsi üçün toplanmış materialların istintaq orqanına göndəriləcəyi bildirilib. Sözügedən məsələ ilə bağlı tanınmış tatar şairi Rıfat Saleh “Cümhuriyət” qəzetinin suallarını cavablandırıb.

- Hazırda Rusiya Federasiyasında tatar dili hansı statusdadır? Orta və ali məktəblərdə tatar dili tədris olunurmu?
- Tatar dili Rusiyanın bir parçası olan Tatarstanda rəsmi dövlət dilidir. Bu cür dövlət dilləri çoxdur, amma Rusiyanı Federasiya edən sadəcə, Tatarıstandır. Statistik məlumatlara əsasən tatar əhalisinin sayı 5,5 milyondur. Məhdudiyyətlər olmadan öncə orta və ali məktəblərdə həm tatar, həm də rus dilinə təxminən eyni dərs saatı verilirdi. Bu da bir çox hallarda rusların və tatar manqurtlarının xoşuna gəlmirdi. 

- Bu dildə Rusiya Federasiyasında neçə milyon insan danışır?- Rusiya hakimiyyətinin tatar dilinə məhdudiyyətlər tətbiq etmək istəyi Tatarıstanda necə qarşılanıb?

- Tatarıstan prezidenti Rüstəm Minnixanov əks tərəfin gətirdiyi arqumenti təkzib edir. O çıxışında bildirmişdi ki, dövlət dilini öyrənməmək harada görülüb? O, konkret misal da çəkmişdi ki, İsveçrədə dörd dilin ikisini öyrənirlər, amma bizdə sadəcə, bir dil. Ana dilini necə öyrənməmək olar?

- Belə bir fikir var ki, İvan Qroznı (1530-1584) dövründə rus dövlətinin fərman və qərarları tatar dilində verilirmiş? Bu barədə mənbələr qalıbmı?

- Bu, bizim üçün çox önəmli deyil. İvan Qroznı fərmanları tatarca verirdi, amma indi heç faydası yoxdur.

- Sovet şinelindən çıxmış ölkələrdə, adətən, paytaxtlarda rus dili hakim olur, valideynlər təhsil almaq üçün övladlarını daha çox rus bölmələrinə qoyurlar. Bu baxımdan Kazanda vəziyyət necədir?
- Bu baxımdan Kazanda vəziyyət çox pisdir. Çünki hazırda bizdə Vahid Dövlət İmtahan Mərkəzi (EQG) sadəcə, rus dilindədir. Bütün fənlər üzrə aparılan imtahanlar rus dilində təşkil olunur. Ona görə də tatarların çoxu bu dildə oxumaq istəyir.

- Rusiya hökumətinin qeyri-rus dillərinin inkişafına qarşı apardığı qanunsuz siyasət hansı nəticələri doğura bilər?
- Rusiyanın digər respublikalarında da etirazlar var. Amma bu respublika rəhbərləri arasında sadəcə Rüstəm Minnixanov dövlət dilini öyrənməyin vacibliyini deyib.

- Tatarıstandakı etirazlar Rusiyanın digər subyektlərinə keçə bilərmi?
- Digər subyektlərdən sadəcə bir neçə insan etiraz edir. Respublika rəhbərləri bitərəf, etibarsız olanda heç nəyin nəticəsi olmur. Hər yerdə milli dilləri öyrənmək istəməyən ruslar xeyli saydadır. Tatarıstanda da onlar çoxluq təşkil edir, amma prezidentimiz bizim tərəfdə olduğu üçün bir az ümid var. Qadağadan öncə həftədə 5 dərs saatı rus gili və ədəbiyyatı, 5 dərs saatı tatar dili və ədəbiyyatı keçilirdi. Dəyişiklikdən sonra yeni tədris saatında 7-8 dərs rus dili və 2 dərs tatar dili və ədəbiyyatı keçiriləcəyi bildirilir.

- Tatar ziyalılarının, milli təşkilatların Türkiyə, Azərbaycan və digər türk respublikaları ilə mədəni əlaqələri nə səviyyədədir?
- Tatar yazarları ilə türk yazarları arasında əlaqələr mövcuddur. Bir-birimizin əsərlərini, yazılarını tərcümə edirik. Mədəni baxımdan əlaqələrimiz çox genişdir. Ruhumuz, yolumuz, qibləmiz, hətta dinimizin eyni olduğunu bilirik. Tatarlar böyük türk millətinin bir parçası olduğunu unutmur və heç vaxt da unutmaz, inşallah!

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений