Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Rəsulzadə xalqa Azərbaycan adlı bir Cümhuriyyət qoyub”- MÜSAHİBƏ



31 yanvar böyük öndərin doğum günüdür

31 yanvar 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, böyük mütəfəkkir və ideoloq, dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin (tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə-müəllif) doğum günüdür. Bu gün Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” şüarı müstəqil Azərbaycan vətəndaşlarının dilində əzbər olub. Xatırladaq ki, prezident İlham Əliyev 2018-ci ili Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Rəsulzadə irsinin araşdırıcısı, tarixçi-alim Nəsiman Yaqublu “Cümhuriyyət ili”ndə Məhəmməd Əmin Rəsulzadənin növbəti doğum günündə “Cümhuriyət” qəzetinin suallarını cavablandırıb.

-Nəsiman bəy, böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə Azərbaycan üçün hansı işləri görüb? O, Azərbaycan tarixində hansı yeri tutur?
-Məhəmməd Əmin Rəsulzadə xalqa Azərbaycan adlı bir Cümhuriyyət qoyub. Xalq Cümhuriyyətinin təməl prinsiplərini Rəsulzadə hazırlayıb və əməl dostları ilə həyata keçirib. Bunu da dünya ictimaiyyətinə, dövlətlərə tanıdıblar. Yəni, Azərbaycan adlı dövlətin ilk qurucusu Rəsulzadə və onun silahdaşlarıdır. Digər tərəfdən Rəsulzadə sayəsində ilk dəfə demokratik, hüquqi dövlət qurulub və bu da parlament sisteminə əsaslanıb. Dünya ölkələrində mövcud olan sistemə diqqət yetirsək, 1918-20-ci illərdə parlament üsul-idarəsi olan digər bir dövlət olmayıb. Məhz həmin dövrdə Rəsulzadə və silahdaşları bu sistemin əsasını qoyub. Xalqa millətçilik şüurunu aşılaya, mənimsədə biliblər. Rəsulzadə həm də mühacirət həyatı yaşayıb. 35 il yaşadığı mühacirət həyatını da yenə Azərbaycanın müstəqillik davasına həsr edib. Ona görə də Rəsulzadənin yaşadığı ömrün hansı məqamına toxunsanız, orada müstəqillik, Cümhuriyyət mübarizəsi görəcəksiniz. Bu mübarizələr Azərbaycanda, Türkiyədə, Polşada, Almaniyada, Fransada, Rumıniyada uzun illər davam edib. Bir sözlə, Məhəmməd Əmin Rəsulzadə böyük şəxsiyyətdir.

-Bəzən Rəsulzadənin ideya-siyasi xətti haqqında tənqidi fikirlər səsləndirənlər də tapılır...
-Rəsulzadənin Azərbaycan tarixində tutduğu siyasi mövqeyi onun ən yaxın silahdaşı olan Mirzəbala Məmmədzadə belə ifadə edib: “Rəsulzadə Azərbaycan müstəqillik hərəkatının ideoloqu olub”. Tarixdə bundan böyük ad yoxdur. Əgər kimsə bu mövqeyə şübhə ilə yanaşırsa, deməli, həmin adam Azərbaycan tarixini, milli ideologiyasını, demokratik -millətçilik tarixini bilmir. İnsan adətən, məlumatsız olanda bu cür informasiyalar yayır. İnsan oxuyanda, məlumatlı olanda, tarixdən anlayışı olanda bu cür məsələlərə bir az ehtiyatlı yanaşır. Bu gün Rəsulzadə haqqında mənfi fikir deyən şəxslərlə 50-60-ci ildə yazılanları müqayisə etsək, görərik ki, mahiyyətçə eynidir. Sadəcə olaraq, o dövrdə bolşevik, sovet adları çəkilirdi, indi isə çəkilmir. Ancaq məna eynidir. Bunlar da Rəsulzadənin kim olduğunu bilmədən bu cür fikirlər söyləyirlər. Rəsulzadənin, Topçubaşovun irisini oxumayanlar, Nəsib bəy Yusifbəylinin kitablarından xəbərsiz olanlar bu cür danışırlar. Ona görə də dövlət quruculuğunda iştirak edən şəxslərin irsini bilməyən heç vaxt dövlət qura və siyasətçi ola bilməz.

-Bu gün Rəsulzadəyə verilən dəyər şəxsən sizi qane edirmi?
-Bu gün tək Rəsulzadə deyil, dövlət quruculuğunda xidməti olan digər şəxslərin də dəyəri kifayət qədər verilmir. Hər zaman daha çox 3-4 şəxsin adını çəkirik- Rəsulzadə, Topçubaşov, Nəsib bəy və Fətəli xan Xoyski. Bəs digərləri? Azərbaycan Cümhuriyyətini qurmuş şəxslər, Əmircanov, Şəfi bəy Rüstəmbəyli, Aslan bəy və digərlərinə də lazımı dəyər verilmir. Bunların işi, fəaliyyəti öyrənilib cəmiyyətə çatdırılmır. Halbuki çox vacib məsələdir. Ona görə də təkcə Rəsulzadə yox, digərlərinin də irsi öyrənilib cəmiyyətə çatdırılmalıdır. Etiraf etmək lazımdır ki, bu sahədə ciddi problemlər var.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений