Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə: Xüsusi xətt təşkil edəcək



Beynəlxalq Valyuta Fondu (BVF) “Kölgə iqtisadiyyatları: Son 20 ildə nə öyrəndik?” adlı hesabat açıqlayıb. Azərbaycanın da adının yer aldığı hesabatında İran, Gürcüstan, Rusiya, Qazaxıstan, Türkiyə, İsveçrə kimi ölkələrin 25 illik orta göstəricisi yer alıb.

Cebhe.info xəbər verir ki, Fondun hesabatda Azərbaycanda “Kölgə iqtisadiyyatı”nın payının 2014-cü ildə 42,15 faiz, 2015-ci ildə 43.66 faiz təşkil etdiyi vurğulanır.

BVF “Kölgə iqtisadiyyatları: Son 20 ildə nə öyrəndik?” adlı hesabatında 158 ölkə üzrə araşdırma aparılıb. Sənəddə Azərbaycanda kölgə iqtisadiyyatının minimal həddi 42,15 faiz, maksimal həddi 64,66 faiz qiymətləndirilib. BVF-yə görə, ölkədə “kölgə iqtisadiyyatı”nın 1991-2015-ci illərdə orta göstəricisi 52,19 faiz olub.

Qeyd edək ki, hesabat dövrünün son ili olan 2015-ci ildə Azərbaycanda ÜDM 54 milyard manat olub. BFV-nin hesablamasından bəlli olur ki, həmin il ölkə iqtisadiyyatından 23 milyard manat gizlədilib. Bununla yanaşı hesabatda o da qeyd olunub ki, 1991-2015-ci illəri əhatə edən dövrdə Gürcüstanda "kölgə iqtisadiyyatı"nın orta göstəricisi 64,87 faiz, 2015-ci ildə isə 53,07 faiz təşkil edib. İranda isə 25 illik orta göstərici 17,88 faiz, 2015-ci ildə 18,38 faiz, Qazaxıstanda müvafiq olaraq 38,88 faiz və 32,82 faiz, Rusiyada - 38,42 faiz və 33,72 faiz, Türkiyədə - 31,38 faiz və 27,43 faiz olub. Həmçinin 1991-2015-ci illərdə "kölgə iqtisadiyyatı"nın ən aşağı göstəriciləri İsveçrədə (7,24 faiz və 6,94 faiz) qeydə alınıb. 

Bəzi məlumatlara görə, Azərbaycanda 2018-ci il aprelin 11-nə təyin olunan növbədənkənar prezident seçkilərindən sonra əsas hədəflərdən biri də “kölgə iqtisadiyyatı”nın sıfıra endirilməsi olacaq. Zamanla hökumət rəsmiləri Azərbaycanda “kölgə iqtisadiyyatı” probleminin olduğunu təsdiq ediblər. Lakin rəsmilərin dediyinə görə, qeydə alınmayan iqtisadiyyatın həcmi ümumi iqtisadiyyatda aşağıdır. Beynəlxalq təşkilatların və Dünya Bankının hesabatlarında isə Azərbaycanda “kölgə iqtisadiyyatı”nın həcmi çox göstərir. O da bildirilir ki, 2017-ci ildə iqtisadiyyatda yaranmış geriləmənin aradan qaldırılması istiqamətində görülən işlər 2018-ci ildə də davam etdiriləcək. Son illər ölkədə aparılan iqtisadi islahatlar çərçivəsində “kölgə iqtisadiyyatı”nın da həcminin azaldılması istiqamətində tədbirlər görülür. Buna misal olaraq nağd ödəmələrin məhdudlaşdırılması, vergi uçotundan yayınmalara qarşı mübarizənin aparılması və s. göstərilir. 

Məlumat üçün bildirək ki, “kölgə iqtisadiyyatı” dedikdə mal və xidmətlərin ticarətinin, istehsalının məqsədli şəkildə dövlət orqanlarından yayındırılması nəzərdə tutulur. 

Yeganə Oqtayqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений