Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Hərəkat başsızdır, lideri yoxdur” - Güneyli fəal



İranda hakimiyyət əleyhinə narazılıq davam edir. Kütləvi aksiyalar səngisə də gərginlik qalır. Proseslər hansı yöndə inkişaf edəcək? Aksiyalar hakimiyyət dəyişikliyinə gətirib çıxara bilərmi?

Bu və digər suallarımızı Türkiyədə yaşayan siyasi fəal, GAMOH İdarə Heyətinin üzvü Bulud Ələmdar cavablandırır.

-Bulud bəy, İranda baş verən hadisələrin əsas səbəbi nədir?
-İranda ciddi iqtisadi sıxıntılar və narazılıq var. Hakimiyyət xalqın boğazından kəsib hərbi xərclərə, İraqda, Suriyada geopolitik maraqlara, silahlı qrupların saxlanmasına ayırıb. Bu da xaqlın narazılğına səbəb olub. İranda sosial problemlər son illər xeyli artıb. Baş verən hadisələrin kökündə sözsüz ki, sosial narazılıq dayanırdı. Lakin İranda milli problemlər də var. Qeyri-fars millətlər aparılan şovinist siyasətdən narazıdırlar. İlk fürsətdə bu narazılığı ifadə edirlər.

-Sosial narazılıq etnik münaqişəyə keçə bilərmi?
-Hazırkı hakimiyyət ciddi nəzarət rejimi yaradıb. İnsan hüquq və azadlıqları məhdudlaşdırılıb. İndiki halda etnik münaqişənin yaranacağını gözləmirəm. Amma gələcəkdə ola bilər.

“May hadisələri zamanı farslar da bizi dəstəkləmədi”

-Baş verən etiraz aksiyalarına Güney Azərbaycandan ciddi dəstək olmadı. Bunun səbəbi nədir?
-Güney Azərbaycan son 15 ildə bir neçə dəfə haqsızlığa qarşı üsyana qalxdı. Ancaq başqa bölgələr, özəlliklə də farslar bizə dəstək vermədilər. Onlar hakim rejimi dəstəklədilər. 2006-cı ilin may hadisələri zamanı, yəni türklər “İran” qəzetində təhqir ediləndə, o cümlədən, Urmu gölünün qurudulmasına etiraz aksiyalarında farslar hakim rejimi dəstəklədilər. Ona görə də Güney Azərbaycan Milli Hərəkatı bu yanaşamada ehtiyatlı davrandı. Milli Hərəkata daxil olan qruplar aksiyalara qoşulmaqla bağlı bəyanat verdilər. Amma xalq aksiyalara qatılmaq istəmirdi. Doktor Mahmudəli Çöhrəqanlı aksiyalar başlanan gün ağıllı və məntiqli mövqe bildirdi. Dedi ki, aksiyalara dəstək veririk, ancaq bu etirazlar 40 milyonluq Azərbaycan türkünün maraqlarını ifadə etmir. Ona görə də Güney Azərbaycan bu aksiyalara qatılmadı.

-Baş verənlər hakimiyyət dəyişikliyinə gətirib çıxara bilərmi?
-Aksiyalar İranın dini mərkəzi Məşhəd şəhərində başladı. Aksiyanın rəhbəri də Məşhədin imam cüməsidir. Ayətulla Ələmulhuda Xamneyinin Xorasan əyalətindəki nümayəndəsidir. Bu adam islahatçılara qarşıdır və aksiyaları da onlara qarşı başlatmışdı. Lakin proseslər sonradan nəzarətdən çıxdı və digər bölgələrə yayıldı. Bu hadisələr hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacaq. Çünki başsızdır, rəhbər və ya liderləri yoxdur.

“Ordu xalqa atəş açmadı xəbəri doğru deyil”

-Belə bir xəbər yayıldı ki, ordu xalqa atəş açmaqdan imtina edib. Bu nə dərəcədə doğrudur?
-Bu xəbər yalandır. Ordunun işi etiraz aksiyalarını yatırmaq deyil. Daxili münaqişələri yatırmaq üçün başqa dəstələr var. Ordu heç zaman xalqın etiraz aksiyalarını yatırmaq üçün istifadə olunmayıb. İran ordusu tarixən də ən etibarsız qüvvə olub. 1924-cü ildə ingilislər İrana girəndə düşmən qarşısından qaçıb. 1944-cü ildə rus ordusunun qarşısından qaçıb. 1979-cu ildə də şahı qoyub qaçıblar. Ona görə də rejim özünə etibarlı təhlükəsizlik qüvvələri yaradıb.

“Şahçıların digər fars təşkilatları arasında ciddi düşmənləri var”

-Aksiyaları şahçıların təşkil etdiyi və kürdlərin ona dəstək verdiyi gələn xəbərlər sırasındadır. Bu, doğrudurmu?
-Etiraz aksiyaları rejim daxilində qarşı duran tərəflərin bir-birinə əzələ nümayişidir. Mühafizəkarların əsas hədəfi Həsən Ruhanini devirmək, ali dini lider Seyidəli Xamneyiyə yaxın bir fiquru prezident qoymaq idi. Aksiyanın ikinci günündə Xamneyiyə yaxın xəbər agentlikləri, millət vəkilləri “Ruhaninin istefasının zamanı gəlib” yazırdılar. Aksiyalar nəzarətdən çıxandan sonra qorxuya düşüb susdular. Əsas diqqəti aksiyaların yatırılmasına yönəltdilər. Bu aksiyalardan qazanan tərəf İnqilab Keşikçiləri Korpusu-SEPAH olacaq. Şahçıların bu aksiyalara hansısa təsiri doğru fikir  deyil. İlk gün şahçılar bir neçə şüar səsləndirdilər. Lakin sonrakı günlər bu şüarlar olmadı. Düzdür, şahçılar molla hakimiyyətini devirib yerinə keçmək istəyir. Ancaq buna gücləri yoxdu. Onların panfarsistlər arasında çox ciddi rəqibləri və barışmaz düşmənləri var. İran-fars sol təşkilatları, “Xalq Mücahidləri Təşkilatı” şahçıları sevmir. Kürdlərə gəlincə, onlar da əsas təşkialtçı deyillər. Kürd təşkilatları Şimali İraqdakı fiaskodan və Kərkükün İranın nəzarətinə keçməsindən sonra xəyal qırıqlığına urğadılar. Onların mütəşəkkil şəkildə aksiya keçirmək imkanları və gücləri yoxdur. Etiraz aksiyalarına dəstək verdilər, ancaq kürdlər üçün əhəmiyyətli şəhərlərdə aksiya olmadı.

Aydın








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений