Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Fitnə göyərir tоrpağımızdan, daşımızdan”: Müalicə pulu ölümündə toplanan Sabirsiz 107 il...



Azərbaycanlı şair, ictimai xadim, filosof və müəllim Mirzə Ələkbər Sabirin ölümündən 107 il keçir.
 
Cebhe.info xatırladır ki, Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda anadan olub. Atası kiçik sahibkar idi və oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu. Sabir 10-11 yaşı olarkən "Tutdum orucu irəmazanda" şeirini yazır.
 
"Tutdum orucu irəmazanda,
Gözüm qaldı iki qazanda
Molla da döyür yazı yazanda."
 
Sabir 12 yaşına qədər mədrəsədə oxumuş, sonra isə 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində – maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni üsullu məktəbində oxumuşdur. Müəllimi Seyid Əzim, Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir və onu istiqamətləndirir, eləcə də onun tərcümələri ilə yanaşı orijinal şeirlərini də oxuyub redaktə edirdi. Sabirin ilk məlum tərcüməsi Sədinin Gülüstan əsərindən "Didəm güli-tazə çənd dəstə" 3 misrası ilə başlanan mənzum hekayənin bir parçasıdır. Ələkbərin həmin parçadan etdiyi tərcümə belə başlayırdı: 
 
"Gördüm neçə dəstə tazə güllər,
Bağlanmış idi giyah ilən tər."
 
Daha sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Bununla belə Ələkbər yenə də oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən daha çox oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şeir dəftərini də cırıbmış.
 
Sabir 23 yaşında ikən ziyarət adı ilə səyahətə çıxıb bir çox şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.
 
İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Bir müddət sabun bişirib satıb, bədii yaradıcılıqla da məşğul olurdu.
 
XIX əsrin sonu, XX əsrin ilk illərində ailə problemləri olan Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. XX əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünür. 1903-cü ildə Şərqi-Rus qəzetində onun şeiri çap olunur. Bir qədər sonra isə o, Həyat qəzetində şeir çap etdirir. 1906-cı ildə Molla Nəsrəddin jurnalının ən fəal müəlliflərindən biri oldu. Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında dostluq münasibətləri yarandı.
 
1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmağı dayandıraraq, mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət İrşad qəzetinin redaksiyasında korrektor işləyir və müəllimlik imtiyazı əldə etmək üçün imtahan verməyə hazırlaşır. 
 
1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz Şeyxülislamı İdarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan sonra o, bir müddət şair Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyir.
 
Həmin ilin sentyabr ayında Sabir "Ümid" məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu. 
 
1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə Zənbur jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanıdakı "Nicat" məktəbində dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında işləyir. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə "Nizədar" və "Çuvalduz" imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda "Molla Nəsrəddin"ə də yazmaqda davam edir.
 
1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C. Məmmədquluzadənin evində yatır. "Molla Nəsrəddin"in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir.
 
İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxıya qayıdır.
"Molla Nəsrəddin" jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in ünvanına ianə göndərirlər.
 
Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: ...Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım.
 
1911-ci il iyulun 12-də Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda "Yeddi günbəz qəbiristanı"nda dəfn olunur.
 
Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şeirləri "Hophopnamə" adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsilə "Hophopnamə"nin ikinci, daha mükəmməl nəşri buraxıldı.
 
Ax!.. necə kef çəkməli əyyam idi,
Onda ki, övladi-vətən xam idi!
 
Öz həqi-məşruni bilməzdi el,
Çöhreyi-hürriyətə gülməzdi el,
Gözlərini bir kərə silməzdi el,
Qəztəyə, jurnalə əyilməzdi el,
Daim eşitdikləri övham idi,
Ax!.. necə kef çəkməli əyyam idi!
 
Hicranə İsmayılova
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений