Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Etirazları hakimiyyətin dəyişməsinə yönəltməyə çalışacaqlar” - Politoloq



“İranda davam edən etiraz aksiyaları birbaşa Tehrandakı teokratik rejimini hədəf alıb. Sosial-iqtisadi problemlərin qabardıldığı aksiyalarda səslənən siyasi şüarlar, Suriya və Misirdəki “Ərəb baharı”nı xatırladır”. 

Cebhe.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

İranın Suriya və Misirdən güclü olduğunu deyən politoloq qeyd edib ki, bu ölkə güclü dövlət aparatına və orduya malik bir ölkədir:

“İranda baş verən proseslər qızışarsa, üçüncü ölkələrin müdaxiləsi mümkün deyil. Qeyd edim ki, ABŞ və İsrail həmişə İrana qarşı hərbi təcavüz addımından çəkinib. Buna görə də İranda dəyişiklik etmək üçün daxili amillərdən istifadə etməyə çalışırlar. Hazırda İran iqtisadiyyatında inflyasiya dərinləşir, iqtisadi islahatlar aparılmır və milli valyutanın dəyər itirməsi nəticəsində qiymətlər durmadan artır. Təbii ki, belə bir situasiyada xalq öz etirazını bildirməli idi. Belə bir nümayişləri fürsət bilən müəyyən qüvvələr bu etirazları hakimiyyətin dəyişməsinə yönəltməyə çalışacaq. Qeyd edim ki, ABŞ-ın İrana qarşı yönəlmiş iqtisadi sanksiyaları da ümumxalq etirazlarının başlamasına və mövcud dini-siyasi rejimi dəyişməyə hesablanıb”.

Məhəmməd Əsədullazadənin sözlərinə görə ABŞ həmişə hərbi müdaxilə edə bilmədiyi dövlətlərə sanksiyalarla hücum edib: “Dünya iqtisadiyyatını idarə edən ABŞ-ın tətbiq etdiyi sanksiyaların təsiredici gücü həddən artıq çoxdur. Məsələn, Rusiyaya tətbiq edilən sanksiyalar Putin hakimiyyətinin zəiflədilməsinə hesablanıb. Bu sanksiyalar artıq Rusiyada ümumxalq etirazlarının başlanması üçün münbit şərait yaradıb. İrana tətbiq edilən sanksiyalar da artıq öz təsirlərini göstərməyə başlayıb. Üstəgəl, neftin ucuzlaşma trendinin İranda yaratdığı iqtisadi böhran molla rejimini də pis vəziyyətdə qoyub. Amma hesab edirəm ki, İranda hakimiyyət dəyişikliyi baş versə, bu ölkənin parçalanmasına gətirib çıxarmayacaq. ABŞ və Avropa Tehranla düşmən münasibətdə olsalar da Azərbaycanın birləşməsinə qarşı ortaq mövqedədirlər”.

Mənsur Rəğbətoğlu 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений