Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Əlvida, Bakı! Daha çətin bir də görüşək...” - Sergey Yeseninin xatirələri



Bu gün lirik rus şeirinin ən görkəmli simalarından olan, istedadı ilə yanaşı, faciəvi taleyi ilə də dünya ədəbiyyat tarixinə düşən şair Sergey Yeseninin anım günüdür. 

Cebhe.info xəbər verir ki, Sergey Yesenin 1895-ci ildə Rusiyanın Ryazan vilayətində doğulub. Ryazanın kənd mühiti onun uşaqlıq yaddaşında dərin izlər buraxıb. Sonradan rus şeirinin nəhənglərindən sayılacaq Yesenin qələmini ilk olaraq kənd lirikasına toxundurub. Sonradan gündəliklərində, məktublarında da o yerlərin, təbiətin onda nə qədər dərin təsir buraxacağını dəfələrlə qeyd edib. Adı dövrünün ən böyük şairləri - Blok, Mayakovski, Bryusovla bir sırada çəkilən Yesenin çox qısa ömür yaşasa da, sağlığında 30-a qədər şeir kitabının çapdan çıxmasına nail olub. Ümumiyyətlə, onun həyatında həmçinin, yaradıcılığında iki amilin çox olduğu bildirilir: şeir və qadın…

Onu da əlavə edək ki, Yesenin Bakıda bir neçə dəfə olub. İlk dəfə 1920-ci ildəki qısa səfəri Yeseninə paytaxtımızı tanıdıb. Daha sonra bir neçə dəfə də bu şəhərə güzarı düşüb. Sonuncu dəfə 1925-ci ilin martında Bakıya gələn şair 2 aydan çox burada qalıb, Mərdəkanda Bakı milyomçusu Murtuza Muxtarovun malikanəsində onun üçün ayrılmış iqamətgahda yaşayıb.

Bu böyük rus şairinin faciəvi ölümü ətrafında da çox söz-söhbətlər dolaşmaqdadır. Bu gün də Yeseninin ölümü haqqında müxtəlif versiyalar irəli sürülür. Kimi onun intihar etdiyini, kimi isə qətlə yetirildiyini əsaslandırır. Uzun müddət birmənalı şəkildə Yeseninin 1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın Sankt-Peterburq “Anqleter” hotelində özünü asaraq intihar etdiyi deyilirdi. Lakin 1980-ci illərin sonunda Yeseninin ölümü ilə bağlı yeni, müəmmalı fikirlər ortaya çıxmağa başladı. Müxtəlif qəzet və jurnallarda Yeseninin ölümünün yeni versiyası - onun əvvəlcə qətlə yetirilməsi və sonradan asılması haqda çoxsaylı fikirlər ildırım sürəti ilə yayıldı.

Bütün bu şübhələrə son qoymaq məqsədilə, 1989-cu ildə SSRİ Yazıçılar İttifaqının təşəbbüsü ilə SSRİ EA-nın M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu nəzdində xüsusi komitə - Ümumittifaq Yesenin Komitəsi yaradılır. Komitənin sədri Yesenin irsinin araşdırılmasında fövqəladə rolu olan Y.L.Prokuşev idi. Komissiyaya bir sıra yazıçılar, yeseninşünaslar, Yeseninin yaxın qohumları, Yeseninin ölümünün hər iki versiyası tərəfdarı olan müəlliflərdən bir neçəsi, kriminalistlər, Rusiyanın Baş Prokurorluğunun nümayəndələri və başqa mütəxəssislər daxil idilər. Komissiyanın verdiyi son qərar sensasiyaların heç bir əsasının olmadığını göstərsə də, hələ indi də əks fikirlər beyinlərdən silinməyib.

Yeseninin Bakıya ilk səfəri

Tədqiqatçı alim İsaxan İsaxanlı Sergey Yeseninə həsr etdiyi araşdırmada Yeseninin Bakıya gəlməsinin tarixçəsi və maraqlı səbəbindən danışır. Sən demə, Yesenin əslində, İrana getmək və vurğunu olduğu Hafiz, Firdovsi kimi şairlərin yaşadığı şəhərlərlə tanış olmaq istəyirmiş. Lakin o zaman Azərbaycan KP MK-nin birinci katibi olan S.M.Kirov buna qarşı çıxır. Yesenin aldadılaraq, İrana aparılmaq əvəzinə yenidən Bakıya gətirilir. Onu da əlavə edək ki, Yeseninin Bakıya ilk iki səfəri yaradıcılıq baxımından məhsuldar olmayıb və həmin dövrdə Azərbaycan mətbuatında Yeseninin bir şeiri belə dərc edilməyib.

Əsas səfəri zamanı-1925-ci ilin martında-İrana getmək, dahi Şərq şairlərinin-Hafizin, Xəyyamın, Sədinin, Firdovsinin qədim diyarını gəzmək arzusu Yesenini rahat buraxmırdı. Lakin Yesenini və onun yaradıcılığını çox sevən S.M.Kirov İran səfərinin şairin həyatı üçün təhlükəli ola biləcəyini düşünür və bu səbəbdən də onun İrana getməsini istəmir. Odur ki, P.İ.Çaqinə tapşırıq verir ki, burada-Bakıda Yesenin üçün “İran illüziyası” yaratsın. P.İ.Çaqinin bağ evi isə özünün bütün memarlıq üslubu və özünəməxsus gözəlliyi ilə bu ideyaya tam uyğun gəlirdi.

Yeseninin Bakıda yaşaması ilə bağlı başqa bir versiya da mövcuddur. Bu haqda yazıçı Qılman İlkin yazır: “Atam 1920-ci ildə vəfat edib. O, Murtuza Muxtarovun bağında tikinti işlərinə baxan əsas usta idi. Onun vəfatından sonra mən də yay tətillərində gedib orada işləyirdim. Həmin vaxtlarda Sergey Yesenin Muxtarovun bağında qalırdı. Onu tez-tez görürdüm. Şərq klassik şeirinə vurğun olan Yesenin İrana getmək istəyəndə Sergey Kirov onu aldadıb paroma oturtmuş və Xəzərə çıxardıb Zirə, Hövsan, Zığ sahilləri ilə yenidən Mərdəkana gətirir ki, guya, bura İrandır. Şair buna əvvəl inanır. Aldadıldığını sonradan başa düşəndə isə o qədər də incimir. Çünki bura da onun ürəyincə idi”.

Yeseninin Bakı səfərləri, bu səfərlər zamanı baş verən maraqlı hadisələr, Azərbaycan KP MK-nın ikinci katibi Çaqin və onun qardaşı, şairin bir növ, Bakıdakı tərcüməçisinin xatirələrində yer alıb. Amma əsas mənbə “Bakinskiy raboçi” qəzetidir. Şairin Bakıda yaşadığı müddətdə qələmə aldığı 40-dan çox şeirinin (o şeirlər “İran nəğmələri” adlanır) hamısı o qəzetdə çapdan çıxıb. Yeseninin özü mütəmadi olaraq “Bakinskiy raboçi” ilə əməkdaşlıq edirdi. 

Qısa haşiyə

Yazının bu yerində vacib detalı qeyd edək: Yesenin Bakıda bir neçə mənzildə qalıb. Yaxın dostu olan ikinci katib Çaqinin bağ evində və başqa bir neçə ünvanda yaşayıb. Amma onlar qısamüddətli olub. Yeseninin Bakı həyatı birbaşa Mərdəkandakı nəfis təbiət gözəlliyi, təmiz hava ilə əhatələnmiş mülklə bağlıdır. Bakı milyonçusu Murtuza Muxtarovun 1875-1920-ci ilə qədər yaşadığı mülkün bağında dünyanın istənilən gülünə, çiçəyinə, ağacına rast gəlmək olarmış. Kirov İranı unutdurmaq və əsrarəngiz təbiətdən zövq almaq üçün Yesenini bura məqsədli şəkildə yerləşdirir. Qoca çekist məqsədinə nail də olur. Mərdəkandakı bağ Yeseninin qələmini daha da itiləşdirir. Hazırda həmin bağ AMEA-nın tərkibində Mərdəkan Dendralogiyası kimi fəaliyyət göstərir. Bağdakı mülkün bir neçə otağı Yeseninin ev muzeyi kimi qorunub saxlanılır. Doğrudur, doğma vətəni Ryazandakı kimi zəngin muzey olmasa da, dünyada Yeseninə aid olan ikinci ev-muzey kimi çox dəyərlidir. Yeseninin yaşadığı otaq, ona aid olan cüzi nişanələr də eksponat kimi ziyarətçilərə təqdim edilir.

Təəssüflər olsun ki, bolşeviklərin hakimiyyətə yeni gəldiyi ərəfədə Bakıya təşrif buyuran Yeseninin Azərbaycanın o zaman sağ olan Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov və başqa ziyalılarından heç biri ilə görüşü olmayıb. Bunun əsas səbəbi Azərbaycanın bolşeviklər tərəfindən yeni istila olunmasından sonra ziyalıların mövcud hakimiyyətə qarşı küsülülüyü idi. Yesenin necə də olmasa, Kirovun və Çaqinin qonağı sayılırdı. Odur ki, ziyalılar heç onunla görüşməyə də cəhd etmədilər. Yalnız ikisindən başqa: Cabbar Qaryağdıoğlu və Əliağa Vahid.

“Son söz əvəzi”- yaxud, “Əlvida, Bakı” 

Şair 1925-ci ilin mayında Bakıdan getməli olsa da, Bakını və bakılıları heç zaman unuda bilmir. Sanki qabaqcadan öləcəyini bilirmiş kimi son şeirlərini Moskvadan P.İ.Çaqinə göndərir və xahiş edir ki, onları ölümündən sonra “Bakinski raboçi” qəzetində çap etdirsin. Çaqin dostunun vəsiyyətinə əməl edir. Yeseninin Bakıdan gedərkən yazdığı “Əlvida Bakı” şeiri yaradıcılığının zirvə nöqtələrindən birinə çevrilir. Elə Bakı həyatı kimi...

Əlvida, ey Bakı, vəfalı şəhər!
Səni mən bir də görmədim bəlkə!
Qəlbim eşqinlə çırpınar, döyünər,
Ey mənə mehriban olan ölkə!

Əlvida, ey Bakı, günəşli şəhər!
Ey şüalandıran fikirlərimi!
Mənə ilham verən səmavi Xəzər -
Məni tərk eyləməz məzara kimi!

Əlvida, ey Bakı, gözəl şəhər!
Susuram, səndən ayrılarkən mən.
Bir qızıl gül tək əy qızıl başını,
“Əlvida! Əlvida!” deyək sən, mən...

Aytən Həsənova

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений