Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Zeytun budağı” büdcəni boşaldır? - MİLYARDLIQ ƏMƏLİYYAT



Türkiyə Silahlı Qüvvələrinin müşayiəti ilə Suriya Azadlıq Ordusu (SAO) Afrinin mərkəzinə daxil olub.

“Cümhuriyət” qəzeti Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, şəhərin mərkəzindəki kürd terror təşkilatlarının mövqelərini darmadağın edən SAO Afrinə nəzarəti tamamilə ələ keçirib. Türkiyə əməliyyatlara hərbi təyyarələri ilə dəstək verib. Beləliklə, Türkiyə Silahlı Qüvvələrinin 3 aylıq əməliyyatları başa çatdı və bölgədəki bütün kürd terror təşkilatlarının (PKK və YPG/PYD) bütün mövqeləri tərkisilah edilərək, Afrin ərazilərindən çıxarıldı. Lakin əməliyyatlar başa çatar-çatmaz Türkiyə Afrin üçün nə qədər maddi vəsait xərclədiyini də hesablamağa başlayıb.

Türkiyə Afrin üçün nə qədər xərclədi?

Afrində əməliyyatlar başlayanda təxmini hesablamalar bundan ibarət idi ki, bu, Türkiyəyə 1.5 milyard lirəyə (400 milyon dollar) başa gələcək. Lakin əməliyyatların uzanmasının həcmi iki dəfədən çox artıracağı da şübhəsiz idi. Ehtimal edilirdi ki, əməliyyatlar üçün nəzərdə tutulmuş 3 ay ərzində Türkiyənin hərbi büdcəsindən 3-5 milyard lirə xərclənəcək. Əməliyyatlarda istifadə ediləcək silah-sursatın baha qiymətləri də xərclərin artacağından xəbər verirdi. Təkcə yeni nəsil - “ağıllı” raket başlıqlarının 1 ədədi 600 min lirədir. Əməliyyatlarda ən az belə 300 raket başlığının istifadə edildiyi ehtimal edilir. Üstəgəl, həmin mərmilərin istifadə müddəti uzun olmur, bu da əlavə xərc demək idi. Buna görə də Türkiyə baha qiymətə aldığı, yaxud istehsal etdiyi bu mərmiləri Afrində istifadə etməyə məcbur oldu. Çoxfunksiyalı raketatan (ÇNRA) sistemlər üçün isə istifadə edilən məmrilərin hər birinin qiyməti 200 lirədən çoxdur. Bu sistemlər üçün Türkiyənin 150 min lirə xərclədiyi qeyd edilir. 

Menbiç əməliyyatların xərcləri

Beləliklə, Türkiyə 3 aylıq Afrin əməliyyatları üçün 8 milyard lirə - təxminən 2 milyard dollar xərcləyib. Orta hesabla Türkiyə hər ay əməliyyatlara 667 milyon dollar (2.6 milyard lirə) sərf edib. Lakin Afrinlə müqayisədə Türkiyənin əməliyyatları davam etdirmək istədiyi Menbiçdə fəaliyyəti bir qədər dalana dirənə bilər. Burada Türkiyəyə mane olan əsas güc ABŞ-dır. Amerikanın Menbiçdə 8 hərbi bazası var və ABŞ bu bazalardan bölgəni 2014-cü ildən nəzarətdə saxlayan kürdlərin Suriya Demokratik Qüvvələri (SDQ) təşkilatına yardım edir. Əgər kürdlərin belə bir dəstəyi olmasaydı, Menbiç əməliyyatları Türkiyəyə Afrindən də ucuz başa gələ bilərdi. ABŞ-ın hərbi bazaları istisna olmaqla, bölgəni nəzarətdə saxlayan qüvvələrin çoxşaxəli olmaması, Türkiyənin işini asanlaşdıra bilərdi. Mütəxəssislərə görə Türkiyənin Menbiçi ələ keçirməsi cəmi 500 milyon lirəyə (125 min dollar) başa gələ bilər, əlbəttə, ABŞ olmasaydı.

Hərbi büdcə artırılır

Qeyd edək ki, Türkiyə 2003-2016-cı illərdə hərbi xərcləri böyük həcmdə azaldan yeganə ölkələrdən biri idi. Əgər 2003-cü ildə hərbi xərclər Ümumi Daxili Məhsul (ÜDM) istehsalının 3.9%-ni təşkil edirdisə, 2016-cı ildə bu rəqəm 1.7%-dək azalmışdı. Lakin vəziyyət 2017-ci ildə dəyişdi. Keçən ildən etibarən hökumət gözlənilmədən hərbi xərcləri bir neçə dəfə artırdı. Ekspertlərə görə bu, xarici siyasətin ölkə iqtisadiyyatının ümumi həcminə uyğunlaşdırılması qərarıdır. Yəni, hökumət bundan sonrakı illərdə xarici siyasət çərçivəsində Suriya, yaxud digər bölgələrdə keçirəcəyi hərbi əməliyyatları ölkənin iqtisadi və maliyyə vəziyyətinə görə tənzimləyəcək. Türkiyəli iqtisadçılar hesab edirlər ki, xarici siyasətdə hərbi ritorikasını sərtləşdirən Ərdoğan hökuməti kərə yağını silaha dəyişib. Afrindən sonra Türkiyə ordusunun Menbiç, İdlib və İraqda hərbi əməliyyatlara başlayacağı planının artıq elan edildiyini də nəzərə alsaq, hökumətin hərbi xərcləri fantastik həcmdə artırmasını başa düşmək o qədər də çətin deyil. Suriya və İraqdan Türkiyənin PKK, YPG/PYD və İŞİD kimi terror təşkilatları, o cümlədən, daxildən fətullahçı terror təşkilatı - FETÖ tərəfindən tez-tez təhdid edildiyini də hesaba qatsaq, hərbi xərclərin hansı səbəbdən artırıldığı özünə böyük əhəmiyyət qazanır. Türkiyə müxalifəti hökumətin 2018-ci il üçün nəzərdə tutduğu dövlət büdcəsini “müharibə büdcəsi” adlandırır. 

Çünki digər sektorlarla müqayisədə, təhlükəsizlik və müdafiə məqsədləri üçün nəzərdə tutulmuş xərclər birdən-birə 41% (40.4 milyard lirə) artırıldı. 2017-ci ildə isə 65 milyard lirə (16.25 milyard dollar) ayrılmışdı. Beləliklə, dövlət büdcəsindən təhlükəsizlik və müdafiə məqsədləri üçün 93 milyard (92.8) lirə (23 milyard dollar) hərbi büdcə müəyyən edildi. Yəni, Türkiyənin 2018-ci il üçün nəzərdə tutulmuş hərbi büdcəsinin həcmini nəzərə alsaq, Afrin üçün xərclənmiş pullar bu dövlət üçün o qədər də böyük məbləğ deyil və bunun iqtisadi inkişafa minimal həddə mənfi təsir edəcəyi də ehtimallar arasında deyil. Üstəgəl, digər təhlükəsizlik və müdafiə strukturlarının hər birinə ayrı-ayrılıqda nəzərdə tutulmuş ümumi büdcəni (100 milyard lirə, yaxud 25 milyard dollar) də nəzərə alsaq, Türkiyənin Afrindən sonra əməliyyatları digər bölgələrdə də davam etdirmək üçün böyük imkanları var.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений